“Geosiyasi inqilab” – Coğrafiyanı fürsətə çevirmək siyasəti. Azərbaycan coğrafiyasına 11 parametr üzrə baxış | 1news.az | Xəbərlər
Siyasət

“Geosiyasi inqilab” – Coğrafiyanı fürsətə çevirmək siyasəti. Azərbaycan coğrafiyasına 11 parametr üzrə baxış

15:02 - 05 / 02 / 2024
“Geosiyasi inqilab” – Coğrafiyanı fürsətə çevirmək siyasəti. Azərbaycan coğrafiyasına 11 parametr üzrə baxış

Müəllif: İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

Prezident İlham Əliyev: “Biz dünya miqyasında çox böyük layları tərpətdik”

Geosiyasi inqilab və əksinqilab

44 günlük müharibənin və paralel aparılmış diplomatik savaşın təkan verdiyi “geosiyasi inqilab”ın nəticələri:

- Anti-Azərbaycan, anti-türk geosiyasi səddi dağıdıldı;

- Anti-Azərbaycan ittifaqlar məğlub olaraq pozuldu;

- Azərbaycan Cənubi Qafqazda iqtisadi güc faktorundan aparıcı geosiyasi güc faktoruna çevrildi;

- Cənubi Qafqaz “qlobal yolayrıcı” statusunu gücləndirmək üçün potensialını artırdı;

- Türk dəhlizinin qarşısındakı ən böyük maneə aradan qaldırıldı;

- Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiyanın iştirakı ilə yeni geosiyasi güc mərkəzinin yaranması üçün şərtlər formalaşdı;

- Azərbaycan Avrasiyaya nəzarət üçün açar ölkələrdən birinə, aparıcı söz sahibinə çevrildi.

“Geosiyasi əksinqilab koalisiyası”nın müqaviməti

Təbii dir ki, “dünya miqyasında çox böyük layları tərpətmiş” “geosiyasi inqilab” varsa, “əks-inqilab” da mütləq olmalıdır. Əks təqdirdə, bu inqilab olmazdı. Fransanın liderlik etdiyi anti-Azərbaycan siyasi xətt məhz “geosiyasi əks-inqilabın müqavimət hərəkatıdır”. Bu, neokolonializm və faşizmin, islamafobiya və türkefobiya ittifaqının “parçala və hökm sür” siyasəti ilə xalqları toqquşdurub qan gölündə boğmaqla maraqlarını reallaşdırmaq planlarıdır. “Geosiyasi əks-inqilab” Ermənistanı öz forpostlarına çevirməklə Azərbaycan xalqını, Cənubi Qafqaz regionunu yenidən geosiyasi fəlakətlər dövrünə qaytarmaq niyyətindədir. Sadəcə başqa bayraq altında.

“Geosiyasi əksinqilab koalisiyası”nın strateji hədəfləri isə standart neokolonializm məqsədləridir - 44 günlük savaşın geosiyasi qənimətlərini bizim əlimzidən almaq:

- Anti-Azərbaycan və anti-türk geosiyasi səddini Ermənistanın iştirakı ilə yeni formatda bərpa etmək;

- Avrasiyaya nəzarət üçün Cənubi Qafqaza nəzarəti ələ almaq;

- Cənubi Qafqaza nəzarəti ələ almaq üçün Azərbaycana nəzarət etmək;

- Cənubi Qafqazda hərbi və siyasi qüvvələr nisbətini Azərbaycanın əleyhinə dəyişmək;

- Azərbaycanın beynəlxalq mövqeyini zəiflətmək;

- Azərbaycanda hakimiyyəti zəiflətmək.

Artıq biz “əksinqilabi koalisiya”nın bu hədəflərə doğru hərəkətin əlamətlərini görürük. Ancaq, biz koalisiyanın bütün müstəvilərdə necə uğursuz olduğunu də müşahidə edirik. Səbəb həm çox sadə, həm də çox qürurvericidir: Azərbaycanın geosiyasi inqilabının hədəfləri ədalətlidir, müasirdir, həm Cənubi Qafqaz, həm də bütün Avrasiya üçün iqtisadi dividendlər və inkişaf vəd edir. Yeni düzənin gücü hər kəsin xeyrinə və ədalətli olmasındadır!

Bəs Azərbaycan Prezidenti İlham Əliyevin ideoloqu olduğu geosiyasi inqilabın hədəfləri nədir?

1. Azərbaycan: “Geosiyasi inqilab”ın hərəkətverici qüvvəsi

2020-ci ilin sentyabrın 27-dən noyabrın 08-dək hərbi və siyasi gərginliyin ən yüksək səviyyədə, qırmızı xətdə olduğu, 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistanın hərbi təxribatına Azərbaycanın reaksiya verdiyi, 2023-cü il aprelin 23-də Azərbaycanın Dövlət sərhəd xidməti Laçında, Həkəri çayı üzərində sərhəd buraxılış məntəqəsi quraraq gediş-gəlişə nəzarəti və deməli, həm də öz əraziləri üzərində milli suverenliyini bərpa etdiyi günlər, nəhayət 20223-cü il 19-20 sentyabr əməliyyatı və onların hərbi və siyasi nəticələri 1990-cı illəri xatırlamağa və müqayisəyə vadar edir: Şuşanın, Laçının, Kəlbəcərin işğalı, Xocalı soyqırımı və başqaları...

Biz 30 il ərazilərimizin işğalı ilə bağlı beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə müraciət etdik. Nəticədə, ABŞ Konqresi tərəfindən ərazisi işğal olunmuş Azərbaycana qarşı sanksiya nəzərdə tutan Azadlıq Aktına 907-ci düzəlişi “qazandıq” və onillərlə onun ləğvinə çalışdıq.

Amma, indi Ermənistanın gah ərazi bütövlüyü, gah “etnik təmizləmə” və s. və i.a. uydurmalarla bağlı dünyaya müraciətlərinə verilən reaksiyalar coğrafiyanın hansı siyasi transformasiyaya uğradığının parlaq nümayişidir.

Coğrafiya gözümüzün qarşısında dəyişir, yeni təhlükəsizlik arxitekturası addım-addım formalaşır. Artıq bu, əvvəlki 30 ildə olduğu kimi Azərbaycanı didən, işğalçıya xidmət edən, zəif Ermənistanı “regional güc”ə çevirmiş coğrafiya deyil, Azərbaycanın Coğrafiyasıdır! Son 3 ildə Cənubi Qafqazda nəinki Xəzər-Qara dəniz hövzəsinə, bütövlükdə Avrasiyaya əhəmiyyətli təsiri olan “Geosiyasi inqilab” baş verir. “Geosiyasi inqilab”, bütün inqilablarda olduğu kimi əvvəlki onilliklərdə baş vermiş “Geoiqtisadi-geoinfrastruktur inqilab”ın (“Əsrin müqaviləsi”, BTC, BTƏ, BTQ, nəqliyyat dəhlizləri və s.) siyasi-hərbi nəticəsi olaraq meydana çıxıb.

Həm “Geoiqtisadi-infrastruktur”, həm də “Geosiyasi inqilab”ın hərəkətverici qüvvəsi isə Azərbaycandır!

İtaliya səfəri zamanı Prezident İlham Əliyev mürəkkəb coğrafi mühitdə yürüdülən siyasətə dair suala verdiyi cavabla əslində böyük siyasətin ən çox yaradıcılıq və müdriklik tələb edən sorğusuna aydınlıq gətirdi. Azərbaycan Prezidentinin bu suala cavabı təkcə bizim üçün deyil, ümumiyyətlə siyasi tarix və diplomatiya, beynəlxalq münasibətlər tarixi üçün əhəmiyyət kəsb edir.

Azərbaycanın 30 illik mürəkkəb coğrafi-siyasi ziddiyyətləri necə həll etməsi, coğrafi yerləşməni dəyişmək mümkün olmadığı halda coğrafiyanın təyinatını dəyişməyi bacarması, coğrafiyanı “tələ”dən “siyasi və iqtisadi fürsətə” çevirməsi təcrübəsi nəzəri cəhətdən də ümumiləşdirilməlidir. Bunun nəzəri araşdırılmasına tarix elminin və gələcək nəsillərin ehtiyacı var.

“Coğrafiyanın tələsi”ndən çıxmaq çox böyük səbr və müdriklik tələb edirmiş. Tarix və bugünkü proseslər də göstərir ki, bu hər kəsə nəsib olmur.

Mürəkkəblik həm də ondadır ki, coğrafi reallıqlar, geosiyasi tələblər fərqli olduğu üçün hansı zaman kəsiyində və geosiyasi reallıqda təhlükəsizliyi necə təmin etmək və coğrafi reallığı öz xeyrinə necə dəyişməyin bütün regionlar və bütün zamanlar üçün hazır reseptləri yoxdur.

Coğrafiyanın iqtisadi, siyasi diaqnozunu müəyyənləşdirib onun transformasiyasını həyata keçirmək siyasi yaradıcılıq və geosiyasi mühəndislik məsələsidir.

Bəzən coğrafiyanın siyasi və iqtisadi reallıqlarının dəqiq hesablanmaması nəticəsində ölkələrin bu tələyə düşüb ikiyə və daha çox hissələrə bölünməsi bizə çox tanışdır. Polşanın simasında “coğrafiyanın siyasi tələsinə” düşərək, tarixən, hətta 7 dəfə bölüşdürülmüş xalq nümunəsi də var. Həm də Polşa belə kədərli tarix yükünü daşımış tək ölkə deyil. Hamıya məlum olan tarixi nümunələri xeyli sadalamaq da olardı.

Bununla belə Azərbaycanın 30 illik təcrübəsi ən mürəkkəb qapalı regionlarda coğrafi taleyi dəyişməklə tarixin gedişatını dəyişmək və mürəkkəb situasiyadan hərbi Zəfər və iqtisadi qazancla çıxmaq nümunəsi kimi öyrənilməsi vacibdir.

2. Mürəkkəb regionlar üçün siyasət formulası: Beynəlxlaq hüquq, ədalət, və müdriklik. Həm müstəqil olmaq, həm də əməkdaşlıq sahələrini tapmaq

Yuxarıda xatırlatdığımız müsahibədə Prezident İ.Əliyev aparıcının “Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir? Mən anlamağa çalışıram ki, Sizin ölkənizin siyasəti hansı yöndədir. Bilirsiniz ki, bu, çox çətindir” sualına cavabı 28 il ərzində aparılmış siyasətin indiki mərhələdə ən qısa formada nəzəri ümumiləşdirilməsi hesab oluna bilər: “Bu, çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. ...Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. ...Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb”.

Prezidentin sözlərindən çıxan nəticə odur ki, coğrafiyanı tərk etmək mümkünsüz olsa da, ilk növbədə daxili gücü formalaşdırmaq, müstəqilliyin daxili siyasi və iqtisadi bazasını gücləndirmək zəruridir. İkinci nəticə odur ki, Azərbaycan hər bir qonşu ilə əməkdaşlığa həmişə nəinki, hazır olub, eyni zamanda əməkdaşlıq sahələri tapmağa çalışıb. Üçüncüsü, Azərbaycanın davranışı həmişə beynəlxlaq hüquqa əsaslanıb və nəhayət, dödüncüsü Azərbaycan müdrik siyasət yürüdüb.

3.Coğrafiya - lənətlənmiş tale, yoxsa... Daxili güc birincidir

Müdrik siyasət olmayanda Çoğrafiya təbiətin və siyasi xəritənin xalqa və dövlətə diqtə etdiyi Taleyidir! 34 illik müstəqillik uğrunda mübarizə və müstəqillik tariximiz göstərdi ki, daxili siyasətimiz və bundan doğan birliyimiz zəiflədiyi mərhələlərdə biz Coğrafiyanın siyasi təsirinə daha çox məruz qalırıq. Daxili siyasət, siyasi birlik zəifləyəndə Coğrafiya bizim əleyhimizə güclənir. Səbəb çox sadədir: Coğrafiya Müdrik siyasətin əlində alət, zəif siyasətin isə ciddi problemidir.

Nadir şah Əfşarın xaincəsinə qətlindən sonra siyasi pərakəndəlik dövrünün yenidən başlanması, xanlıqların yaranması nəticəsində Azərbaycanın birliyi və daxili siyasəti zəiflədi. Əksinə, başqalarının daxili siyasəti və birliyi gücləndi. Elə o vaxtdan başlayaraq Coğrafiya bizim həyati təhlükə mənbəyimizə çevrildi. Qonşuda süni Ermənistan dövləti yaradıldı və düz 2020-ci ilin payızına qədər bütün mərhələlərdə başımızın üstündən qılınc kimi asıldı.

1993-cü ildən başlanmış daxili siyasətin sabitləşdirilməsi, iqtisadiyyatın doğru tənzimlənməsi, doğru xarici siyasət, ordu quruculuğu və sadalamağa ehtiyacın olmadığı başqa milli dirçəliş faktorlarının bir araya gətirilməsi nəticəsində 44 günlük müharibə Coğrafiyadan doğan 1 nömrəli təhlükəni minimuma endirdi.

Bu, Coğrafi taleyi dəyişməyə daxili siyasətdən başlamağın parlaq nümunəsidir! Bu, Siyasi Fəhmin və Ağılın Siyasi Coğrafiyadan güclü olmasına dair mühüm əqli nəticədir!

Bu da faktdır ki, Coğrafiyanın 1 nömrəli təhlükəsinin minimallaşdırılması onun tam ləğvi mənasına gəlmir. Təhlükə faktorlarının bəziləri minimallaşır, bəziləri nisbətən zəifləyir, amma heç vaxt yox olmur. Necə ki, Coğrafi faktor yox olmur! Biz daxildə siyasi və iqtisadi gücümüzü səfərbər etdikdə, daxili gücü beynəlxlaq müstəviyə uğurla transfer etdiyimizdə Coğrafiya bizə xidmət edən alətə çevrilir, daxili zəifliyimiz isə əksinə, bizi Coğrafiyanın cazibədar qurbanı edir.

Coğrafiya ağıllı siyasətin və ondan doğan gücün xidmətçisi, pis siyasətin isə qənimidir.

Hər şey daxili gücün səfərbərliyindən başladı! Prezident İlham Əliyev daxili siyasi, iqtisadi, hərbi gücü səfər edib doğru siyasət nəticəsində 200 illik Coğrafi Taleyi dəyişməyin əsasını qoydu. Daxili güc beynəlxalq ittifaqlara, müttəfiqlərin sayının artırılmasına, rəqiblərin neytrallaşdırılmasına, bir sözlə, beynəlxalq gücə transfer oldu.

Nəhayət, 44 günlük savaş və Azərbaycan Coğrafiyanın mütləq tabeliyindən, şərtləri diqtəsindən azad olaraq ona hakim olma yolunda növbəti, ən ağır mərhələni uğurla keçdi. Ən böyük təhdidlərə münasibətdə coğrafi şərtlər xeyli dəyişdi və yaxşılaşdı.

Azərbaycan 28 il ərzində addım-addım yerləşdiyi coğrafiyanın təyinatını dəyişə bildi.

Bəs Azərbaycan coğrafiyanı öz xeyrinə necə dəyişdi, hansı addımları atdı və atmaqda davam edir?

4. Xaos bölgəsində sabitlik adası

Azərbycan 1988-1994-cü illərdə SSRİ-nin dağılmasının nəticəsi olan bir geosiyasi və daxili siyasi xaos burulğanına düşmüşdü.

Gürcüstan siyasi böhranlar və vətəndaş müharibəsi girdabına yuvarlanmışdı. Ermənistanın təcavüzünə qarşı savaş və M.Qorbaçevin və B.Yeltsinin tətbiq etdiyi təzyiqlər Azərbaycanı iqtisadi böhranın ən dərin qatlarına endirmişdi. Şimali Qafqazda müharibə ocaqlarının alovlanması, Orta Asiya ölkələri ilə münasibətlərin sıfır həddinə enməsi xaosdan çıxış üçün xarici əlaqələrdən istifadə potensialını zəiflətmişdi.

Ən təhlükəlisi isə ölkənin daxilindəki xaos mənbələri idi. Daxili siyasi qarşıdurma tərəfləri kortəbii olaraq bir-birinə qarşı ən təhlükəli metoddan – hərbi məğlubəyyətdən siyasi dividend götürmək metodundan istifadə edirdilər. Hərbi qələbə və məğlubiyyət bütövlükdə milli təhlükəsizlik məsələsi deyil, partiya marağı prizmasından baxılaraq tərəflərin hakimiyyətdə möhkəmlənmək vasitəsi, yaxud da hakimiyyəti devirməyin tutarlı səbəbi kimi dəyərləndirilirdi.

1993-1995-ci illər ərzində Prezident Heydər Əliyev əvvəl daxili xaosun episentrlərini ləğv etdi. Bu, Ermənistan ordusuna qarşı uğurlu Horadiz əməliyyatından sonra aktiv müharibəni dayandırmağa imkan verdi. 1995-ci ildə daxili xaosun əsas mənbələri tamamilə donduruldu.

Uzaqgörən siyasətçi Gürcüstanda da sabitliyə dəstək verirdi və nəticədə Azərbaycan iqtisadiyyatı ticarət və nəqliyyat nəfəsliyi qazandı. İranla ticarət intensivləşdi, Naxçıvana çıxış təmin edildi və B.Yeltsinin tətbiq etdiyi nəqliyyat blokadasının mənfi təsirləri nisbətən azaldı.

Prezident İlham Əliyev 2003-2005-ci illərdə hakimiyyətin təhlükəsiz və sabit transformasiyasını, daxili siyasi sabitliyin qalıcılığını təmin etdi.

2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Azərbaycanın və neft kəmərinin təhlükəsizliyinə nail oldu. Ölkəni 2009-2011-ci illərin qlobal böhranı və onun 2016-cı ilədək olan mənfi təsirlərinin məngənəsindən çıxara bildi. Azərbaycanı bir çox ölkələri daxili dağıntılara məruz qoymuş “rəngli inqlablar” dalğasından qorudu. Müstəqilliyin əsas dayağı olan iqtisadi güc yaratdı. Ermənistanın hərbi təcavüzünün genişlənməsinin qarşısını almaq üçün hərbi qüvvələr nisbətini öz xeyrinə dəyişdi və nəhayət, 44 günlük müharibədə Azərbaycanı ən böyük xaos mənbəyindən xilas etdi.

5. Qapalı regionda açıq ölkə

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” nəinki, Azərbaycanı hətta bütöv bir qapalı regionu, Xəzər hövzəsini dünyaya açdı. “Xaos bölgəsindəki sabitlik adası” “qapalı regionun açıq ölkəsi”nə çevrilməyin əsasını qoydu. Xarici kapital Azərbaycanda özünü gözləmədiyi dərəcədə yaxşı hiss etdi və belə də davam etməkdədir.

Neft və qaz sektoruna yatırılan xarici kapitalın işini indi bərpa olunan enerji sektoruna yatırılan xarici kapital uğurla davam etdirir.

Azərbaycanın açıq ölkə statusu yalnız xarici kapitalın axınına yol açılması ilə ölçülmür. “Açıqlıq” siyasi və dini faktorları da özündə ehtiva edir. Ölkədə bütün din və məzhəblərin nümayəndələri özlərini tam təhlükəsizlikdə hiss edir.

Dünyanın qarşıdurmada olan siyasi və hərbi güc mərkəzləri - ABŞ və Rusiyanın Baş Qərargah rəisləri məhz Bakıda görüş zamanı özlərini rahat hiss edir, qlobal təhlükəsizliklə bağlı ən məxfi məsələlərini məhz Azərbaycanda müzakirə etməyə üstünlük verirlər.

Azərbaycan Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalayır, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü rəsmən dəstəkləyir, Aİ ilə qaz sazişinin əhatəsini genişləndirir, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini yeni geosiyasi ittifaqda - SPECA-da birləşdirmə təşəbbüsü ilə çıxış edir, İraqla strateji iqtisadi əlaqələr yaradır.

İsrail ilə əməkdaşlığı dərinləşdirir, eyni zamanda İran ilə enerji, nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir. Bakıda İsrail vətəndaşları da, İrandan və ərəb ölkələrindən gəlmiş turistlər də özlərini eyni dərəcədə azad hiss edirlər.

Azərbaycan Rusiya və İranın da iştirakı ilə 3+3 əməkdaşlıq platformasının müəllifi kimi çıxış edir.

ABŞ ilə enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq edir, eyni zamanda Çinin Prezidenti Si Cinpin Prezident İlham Əliyevi “Çinin Böyük Dostu” adlandırır.

Bu və sadalamadığımız çoxsaylı faktorlar müxtəlif qütblərə açıq olmanın parlaq sübutlarıdır. Məhz belə açıqlıq ölkənin təhlükəsizliyini gücləndirir, sərmayə axınına şərait yaradır və iqtisadi perspektivlərini genişləndirir.

6.Dünya ilə fiziki bağlantılar

Enerji sektorunda dünyaya açılışın əsaslarını dünya ilə birbaşa fiziki bağlantını təmin edən nəqliyyat infrastrukturu möhkəmləndirdi. Prezident İlham Əliyev “qapalı regionun açıq ölkəsi” siyasətini Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəsi ilə yeni mərhələlərə yüksəltdi. Qara dəniz sahilindəki Kulevi terminalı Azərbaycanın Avropaya açılan çox vacib bir pəncərəsidir.

Əlverişli Coğrafiyanı ticarət üçün də əlverişli hala gətirmək böyük əmək və maliyyə sərfini tələb edir. 1980-ci illərdə Çin Sakit okeana çıxan çayları və körfəzlərini dərinləşdirməklə dünyanın ən böyük limanları sırasına daxil olan 6 liman yarada bildi.

Eyni yanaşma ilə Dubayda Cəbəl-Əli süni limanını yaratdılar. Bu liman dünyanın ən ağır və geniş gəmilərinin daxil olması üçün imkanlara malikdir. Azərbaycan Ələtdə beynəlxlaq dəniz ticarəti limanını yaratmaqla Çinin və Dubayın bu siyasətini yerli miqyasda uzaqgörənliklə tətbiq etdi.

Azərbaycanın Qərblə fiziki bağlantılarını intensivləşdirən neft, qaz və dəmiryolu infrastrukturuna şərq istiqamətində, Xəzərin qərb sahilində infrastrukturun yaradılması ilə tamamlamaq qərarı verildi və nəticədə Ələt beynəlxalq dəniz ticarəti limanı tikildi. Ələt Azad İqtisadi Zonası limanlar, avtomobil və dəmiryolları ilə uzlaşmada istehsal və ticarəti stimullaşdıran amil kimi düşünülüb.

7. Dünyanın istehsal və ixrac potensialından pay götürmək: strateji hədəf və imkanlar

Tarixən əsas və gəlirli ticarət marşrutları dəyişkəndir. Məsələn, 14-15-ci əsrlərdə əsas ticarət marşrutu Aralıq dənizi hövzəsi ilə Çin və Hindistan arasında ticarət üzərində qurulmuş, Türkiyədən və Təbrizdən keçərək Asiyanı Avropa ölkələri ilə birləşdirirdi. Böyük coğrafi kəşflərdən sonra Avropadan Hindistana və Çinə dəniz marşrutu aktuallaşdı. 20-ci əsrin əvvəllərində əsas ticarət yolları Atlantik okeanından keçirdi. İkinci dünya Müharibəsindən sonra Yaponiya və Çin ticarət marşrutlarının bu ölkələrdən başlanmasına tədricən nail olmağa başladılar. Bu milli iqtisadiyyatın dirçəlməsi hesabına baş verdi.

İndi də ticarət yolları çox dəyişkəndir. Amma, qlobal ticarət yollarında yaranmış gərginlik Azərbaycandan keçən bütün ticarət və nəqliyyat yollarını eyni zamanda aktuallaşdırıb. Neft və qaz nəqlindən tutmuş kənd təsərrüfatı məhsullarına qədər bütün spektrdən olan yükdaşıyıcıları və istehlakçılar gözlərini Azərbaycana dikiblər.

Geosiyasi səbəblər üzündən Rusiya ərazisində ticarət yolu bağlanıb.

Çin ilə Tayvan arasında gərginliyin artması, hərbi ritorikanın güclənməsi, Cənubi Çin dənizində ABŞ-ın aviadaşıyıcılarının aktvliyinin artması, Şri-Lankada və Banqladeşdə siyasi qarşıdurmalar Çinin ticarət yolu üzərində əsas məntəqələrdən olan Xambantota və Çittaqon limanlarından istifadəninin risklərini vaxtaşırı artırır. Dünya ticarətinin 1 trilyon dollarlıq 12%-nin keçdiyi Ədən Körfəzində, Qırmızı dənizdə gah Somali dəniz quldurları, gah da Yəmən Husilərinin təhdidi altında gərginliklər müşahidə olunur. Ədən Körfəzindəki gərginlik Hörmüz boğazı ətrafında da riskləri artırır.

Odur ki, Çindən Avropaya və əksinə daşınan mallar üçün Orta marşrut adlanan ticarət yoluna ehtiyac artıb və artmaqda davam edir. Rusiyanın Fars körfəzinə və Aralıq dənizinə çıxış üçün Azərbaycandan keçən avtomobil və dəmiryollarına ehtiyacı böyüyüb. Oxşar səbəblər Avropanı da narahat edir.

“Nəqliyyat dəhlizi”ndən “iqtisadi-sənaye dəhlizi”nə doğru

Bununla belə, ticarət yollarının dəyişkənliyini nəzərə alaraq Prezident İlham Əliyev coğrafi əlverişlilik faktorundan maksimum yararlanmaq üçün nəqliyyat dəhlizinin verdiyi üstünlüyü yerli istehsal sektorlarına da transfer etmək planları qurur. Bu, elə bir plandır ki, nəqliyyat dəhlizi istifadəçilərini Azərbaycan iqtisadiyyatına istehsal vasitəsilə daha möhkəm tellərlə bağlayır, qatarların məhz bu dəhlizdən işləməsini istehsal və ixrac potensialının gücü ilə də maraqlandırır, ölkənin sənaye sektorunun inkişafını stimullaşdırır. Bu yanaşma bir tərəfdən nəqliyyat dəhlizindən başqa dəhlizlərə axının qarşısını alacaq, eyni zamanda hətta tədricən daşıyıcılar başqa dəhlizlərə üstünlük verə biləcəyi halda da ölkə iqtisadiyyatı özünün maksimum bəhrəsini götürmüş olacaq.

Azərbaycan Prezidenti Orta Asiya ölkələrinin liderləri ilə görüşdə və çıxışlarında “sənaye dəhlizi” ifadəsini işlədərək nəqliyyat dəhlizinin genişləndirilərək daha dərin iqtisadi miqyas əhatə edəcəyini bildirib.

Bu yanaşmada “nəqliyyat dəhlizi” “iqtisadi-sənaye dəhlizi” üçün bir fürsət pəncərəsi rolunu oynayır. “Nəqliyyat-iqtisadi dəhliz” isə Türk Dövlətləri Təşkilatının iqtisadi bazasına çevrilməkdədir. Bu iqtisadi və siyasi baza üzərində isə daha geniş SPECA geosiyasi faktoru formalaşa bilər.

Odur ki, Azərbaycanın nəqliyyat faktorundan istifadə edərək “biznes-oazis”ə çevrilmək strategiyasının olduğu açıq-aydın görünür. Ələt Azad İqtisadi Zonası buna parlaq misal ola bilər. Məqsəd aydındır: Azərbaycan yalnız “yol” funksiyasını yerinə yetirmək niyyətində deyil. Həm də bu yol ilə daşımaları həyata keçirənlər üçün istehsal, ixrac və ticarət imkanları da yaratmağı planlaşdırır.

Yoldan sənaye üçün istifadə nümunələri

Ticarət yolu üzərində olmaq iqtisadi güc mərkəzlərinin istehsal və ixrac potensialından pay götürmək perspektivi də yaradır. Məsələn, Çində əməkhaqlarının artması nəticəsində sadə texnoloji sənaye məhsullarının istehsalı Çindən Avropaya gedən ticarət yolu üzərində olan Vyetnam, Kamboca və Banqladeşə keçirildi. Hətta yüksək texnoloji məhsul olan smartfonların istehsalının da Vyetnama keçirildiyi dövr olmuşdu.

İqtisadi güc mərkəzinə coğrafi yaxınlıq, ticarət yolunun üzərində yerləşməsi və mütləq şəkildə daxildə iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin azlığı ölkəni yüksək inkişaf etmiş güc mərkəzlərinin istehsal və ixracat potensialından da pay götürmək şansı yaradır. Həm də coğrafi yaxınlıq olmadan, ticarət yolunun üzərində yerləşmə faktoru da istehsal və ixracdan pay götürməyə imkan verir. Məsələn, Yaponiya Vyetnamla qonşu olmadığı halda belə bəzi məhsulların istehsalını beynəlxlaq dəniz ticarəti yolunda əlverişli yer tutan Vyetnamda təşkil etməyə üstünlük verirdi.

Mərakeşin varlı Avropa bazarlarına yaxınlığı və Afrika ölkələri ilə Avropa arasında yerləşməsi onun coğrafi potensialıdır. Bu coğrafi imkan ucuz işçi qüvvəsi, azad ticarət zonası, sabit valyuta və s. kimi elementlərlə uzlaşdıqda coğrafiya iqtisadi tramplinə çevrilir.

Eynilə, Meksika ABŞ-ın, Polşa isə Almaniyanın avtomobil sənayesinin istehsal və ixracat gücündən özlərinə sanballı pay götürür. Meksika həm ABŞ-ın qonşusu, həm də Latın Amerikası ilə ticarət yolunda əsas keçiddir. Polşa isə Almaniyanın qonşusu və keçmiş sosialist düşərgəsi ilə ticarətində keçid ölkələrdən biridir. Polşada istehsal olunan alman məhsulları hətta qərbi Avropaya da ixrac olunur.

Azərbaycan da Avropanın (xüsusilə İtaliya), Çinin və Türkiyənin istehsal və ixrac potensialından öz payını götürmək imkanlarına malikdir. Sabit valyuta, enerji ehtiyatları, inkişaf edən nəqliyyat infrastrukturu, qonşularla yaxşı münasibət, qonşu bazarlara çıxış imkanları, qlobal ticarət yollarının kəsişməsində yerləşməsi və Ələt Azad İqtisadi zonası coğrafi imkanlarla uzlaşaraq müasir istehsal perspektivini də genişləndirəcək amillərdəndir.

8. İkinci şəhərlərin inkişafı və regionların qlobal ticarət və nəqliyyat sisteminə bağlanması

Prezidentin “coğrafiyanı fürsətə çevirmək siyasəti”ndə “daxili ipək yolları” və ikinci şəhərlərin inkişafı və onların beynəlxalq ticarət yollarına qoşulması ilə bağlı planların da mövcudluğu müşahidə olunmaqdadır.

44 günlük müharibə nəticəsində işğal olunmuş ərazilərin azad olunması bu siyasəti xeyli sürətləndirib və yeni istiqamətlər açıb. Məsələn, Zəfərə qədər Azərbaycanın Bakı-Qazax istiqamətindəki şəhərləri – Yevlax, Mingəçevir, Gəncə daha çox inkişaf edirdi. Ərazilərin işğalı cənub-qərb istiqamətindəki şəhərlərin inkişafına imkan vermirdi. Şimal-Cənub dəhlizinin işə salınması isə Quba-Xaçmaz və Lənkəran-Masallı şəhərlərinin beynəlxalq ticarət yollarına bağlayacağı və bu layihənin təsiri altında inkişaf edəcəyi gözlənilir.

İndi bu gözləntilər Füzuli, Horadiz, Zəngilan şəhərlərinə də aiddir. Bakıdan cənub-qərb istiqmətində, Naxçıvana və Türkiyə sərhədinə qədər ən qısa ticarət yolu üzərində yerləşən bu şəhərlər Çindən Avropaya, Vladivastokdan Aralıq dənizinə qədər qlobal ticarət yolunun keçəcəyi məntəqələrdir və təbii ki, ticarət yolunun verdiyi üstünlüklərdən xidmət, ticarət, hətta istehsal sahələrinin inkişafı, ixracatın böyüməsi üçün də yararlana biləcəklər.

Yeni meqapolisin doğuluşu və daxili ipək yolları

Zəngilanda və ətrafında qurulan nəqliyyat infrastrukturunun miqyası göstərir ki, bu şəhər həm ölkədaxili, həm regional, həm də qlobal yükdaşımaları və ticarətin habına çevriləcək. Odur ki, Zəngilanın Bakıdan sonra ikinci ən böyük iqtisadiyyat mərkəzi və meqapolis olmaq üçün şərtləri var və aparılan siyasət region üçün çox böyük bir meqapolisin doğulmasının əsasını qoyur.

Aparılan siyasət, qurulan infrastruktur Bakı-Füzuli-Horadiz-Zəngilan-Naxçıvan xəttini “daxili ipək yolu”na çevirəcək.

Daxili ipək yolu adlandıra biləcəyimiz, eyni zamanda ikinci dərəcəli şəhərlərin qlobal ticarət yollarına qoşulması layihələrindən biri də Gəncə ilə Zəngilanı birləşdirən, Kəlbəcər, Laçın və Qubadlını da bu zəncirə qoşan yeni yoldur. Bu yol bir tərəfdən Gəncə və Zəngilan kimi beynəlxlaq ticarət yolları üzərindəki iki perspektivli şəhəri bir-birilə birləşdirərək ölkədaxili ticarəti stimullaşdırır, ikinci tərəfdən iki müxtəlif istiqamətli beynəlxalq ticarət marşrutlarını əlaqələndirir, nəhayət, Kəlbəcər, Laçın və Qubadlının hər iki beynəlxlaq marşruta çıxışını və öz aralarında ticarətini intensivləşdirəcək.

Nəticədə tarixən qapalı bölgələr həm daxili bazara, həm də xaricə çıxış üçün iki müxtəlif marşrut əldə etmiş olur. Zəngilan və Gəncə kimi regional şəhərlərin inkişafı, onların Kəlbəcər, Laçın və Qubadlı ilə infrastruktur və ticarət zəncirində bir-birinə bağlanması əhalinin qərb bölgələrinə axınını stimullaşdıracaq ki, bu da mühüm iqtisadi, sosial və siyasi təhlükəsizlik məsələsidir. Bu qərb sərhədlərinin təhlükəsizliyinin infrastruktur və sosial-iqtisadi təməlini təşkil edəcək.

Qərb sərhədlərindəki şəhərlər: ÜDM-də pay və demoqrafik perspektiv

Heç şübhəsiz növbəti illərdə azad olunmuş ərazilərin, ayrıca isə Zəngilan və Gəncənin ÜDM-də payı artacaq. Əhalisinin sayına görə isə Zəngilan və Gəncənin milyonluq şəhərlər səviyyəsinə çatacaqlarını proqnozlaşdırmaq olar.

Araşdırmaların nəticələrinə əsasən amerikalı analitiklər belə bir nəticəyə gəliblər ki, ölkə iqtisadiyyatının və demoqrafiyasının rəvan inkişafı üçün ən böyük birinci dərəcəli şəhər-paytaxt ilə ikinci əyalət şəhərləri arasında əhalinin nisbətinin təqribən “üçün birə” olması məqsədəuyğun olardı. Hazırda aparılan siyasət gələcəkdə əhalinin təbii yolla şəhərlər arasında optimal paylanması üçün iqtisadi şərtləri formalaşdıracaq.

Azad olunmuş ərazilərdə həyatın bərpası, Xəzər-Qara dəniz nəqliyyat və ticarət marşrutu üzərində yerləşən Gəncə ilə Xəzər-Aralıq dənizi nəqliyyat və ticarət dəhlizi üzərində yerləşən Zəngilanın avtomobil yolları ilə birləşdirilməsi, hər iki perspektivli şəhərin Qubadlı, Laçın və Kəlbəcərlə müasir infrastrukturla bağlanması ölkənin Qərb sərhədlərindəki şəhərlərin ÜDM-də payının artacağının və əhalinin əhəmiyyətli hissəsini özünə cəlb edəcəyinin təminatıdır.

İki okeanı birləşdirən Kolumbiya nümunəsi

Bu yolların əhəmiyyətini vurğulamaq üçün beynəlxalq təcrübədən bir misala baxaq. Kolumbiyanın Sakit okean və Atlantik okeana çıxış kimi unikal coğrafi imkanı var. Morqan Stenlinin analitikləri yazır ki, Kolumbiya hökuməti iki okean arasında nəqliyyat əlaqəsini yaratmaq üçün avtomobil yolu çəkməyi planlaşdırarkən məlum olub ki, bu yol Kolumbiyanın illik ÜDM-nin 1% artmasına təkan verməklə yanaşı ölkənin 3 əsas daxili şəhərlərini də birləşdirməklə onların xaricə çıxışını təmin edib sosial-iqtisadi şəraiti köklü şəkildə dəyişəcək. Son dövrdə Kolumbiya ölkə üzrə şəhərlərin iqtisadi və demoqrafik baxımdan rəvan inkişafı baxımından da Latın Amerikasında nümunəvi ölkələrdəndir.

9. Qonşularla əlaqələr: regional ticarət platformaları

Bütün ölkələrin hərbi, siyasi və iqtisadi təhlükəsizliyi qonşularla münasibətlərdən birbaşa asılıdır. Qonşu ölkələrin iştirakı olmadan istənilən ölkənin milli təhlükəsizliyinə birbaşa zərbə vurulması çox çətindir. Elə bu səbəbdəndir ki, 1990-cı illərin ikinci yarısından Azərbaycanın xarici siyasətində qonşularla münasibətlər prioritet yerlərə keçdikdən sonra birbaşa hərbi, siyasi və iqtisadi təhdidlər də zəifləməyə başladı.

2008-2015-ci illərin qlobal iqtisadi böhranından sonra fövqəldövlətlər arasında rəqabətin güclənməsi nəticəsində dünyada təhlükəsizlik, ticarət və siyasi əlaqələrdə qloballaşma arxa plana keçməyə, regionallaşma meylləri isə güclənməyə başladı. Regional ticarət birlikləri, regional ümumi bazarların formalaşması prosesi genişləndi.

Prezident İlham Əliyev bu tendensiyadan doğan nəticələrı dərhal Azərbaycanın xeyrinə istifadə edərək regional əlaqələri dərinləşdirdi, Qarabağ məsələsi və Xəzərin statusu da daxil olmaqla bir çox problemlərin nizamlanmasında regional faktorların konstruktiv mövqeyini təmin etdi.

Azərbaycan müdrikcəsinə təhlükəsizlik məsələlərinin həllini regional, Ermənistan isə səhvən qlobal müstəviyə daşıyaraq, regiondan kənar qüvvələri cəlbinə çalışdı. Nəticədə 44 günlük müharibə gedişində Azərbaycanın regional müstəvidəki diplomatik üstünlüyü bizə uğur qazandırdı.

2018-ci ilin avqustunda Xəzərin statusu haqqında Konvensiyanın imzalanması regional əməkdaşlığı yeni mərhələyə çıxardı.

Elə həmin ilin sentyabrın əvvəlində Prezident İ.Əliyevin Soçiyə səfəri zamanı iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalandı. Sentyabrın sonunda Rusiya Federasiyasının Prezidenti V.Putin Bakıya səfər etdi və IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirildi.

Qonşularla ticarət nümunələri: Avropa, Çənub Şərqi Asiya, Latın Amerikası, Afrika

Qaz mübadiləsi sazişi, Zəngilan-İran-Naxçıvan nəqliyyat keçidinin inşası üzrə anlaşma, Astara-Rəşt dəmiryolunun tikintisinin sürətləndirilməsi regional əməkdaşlığı intensivləşdirən amillərdir. 44 günlük müharibədən sonra İranın rəsmilərinin qonşularla münasibətlərin strateji prioritetə çevrilməsi haqda bəyantı və nəhayət, İranın 3+3 platformasına qoşulması qonşularla münasibətlər və ticarətin asanlaşdırılması parametri üzrə də Azərbaycanın addım-addım irəlilədiyini göstərir. Biznes-analitik Ruçir Şarma yazır ki, “belə ticarət birliklərinin yaradılması kifayətdir və sonra o öz məntiqi ilə inkişaf edəcək”.

Məsələn, Avropa İttifaqı altı qonşu ölkənin birliyindən formalşmağa başlamışdı, indi 27 üzv ölkədən ibarətdir.

Cənub Şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN) isə beş üzvdən yaranmışdı, hazırda 10 üzvü var.

Avropada ixracatın təqribən 70%-i qonşu ölkələrə gedir. Şərqi Asiya və Şimali Amerikada bu göstərici təqribən 50%-dir.

Qonşularla regional ticarətin zəif olduğu Latın Amerikasında qonşu ölkələrə ixracın həcmi təqribən 20%, Afrikada 12%, Hindistan və Pakistan arasında ticarət əlaqələrinin olmaması üzündən Cənubi Asiya ölkələri regionunda qonşu ölkələrə ixracın həcmi 5%-dir.

2000-ci ildə yaradılmış Şərqi Afrika Birliyi (ŞAB) əvvəlcə Keniya, Tanzaniya və Uqandanı ümumi ticarət sazişi ilə birləşdirirdi. Daha sonra Ruanda və Burundi də onlara qoşuldu. Maraqlıdır ki, qlobal böhran illərində Afrikada ÜDM-in 6% artım tempini təmin etmiş 6 ölkədən 3-ü məhz ŞAB-ın əsasını qoyanlar idi. Onların beş il ərzində ixracı 30% artmışdı. Ən aktiv ixracatçı isə hətta dənizə çıxışı olmayan Ruanda olmuşdu.

Bu rəqəmlər göstərir ki, qonşularla ticarətin daha fəal şəkildə aparılması milli iqtisadiyyatlar üçün çox böyük inkişaf mənbəyi olduğu halda, qonşularla ticarətin zəif olması iqtisadi artımı ləngidən ciddi əngəldir.

Prezident İlham Əliyevin təklif etdiyi 3+3 regional platforması uzun illərdir ki, hərbi və siyasi gərginliklərin hökm sürdüyü Xəzər-Qara dəniz hövzələrini münaqişələr zonasından regional və qlobal nəqliyyat və ticarət zonasına çevirməyi nəzərdə tutur. Azərbaycan Prezidenti bu tarixi missiyanı yerinə yetirmək üçün hətta sülh sazişi bağlanmamış Ermənistanı bu platformaya dəvət edir, Rusiya ilə münasibətlərində problemlər olan Gürcüstanı xalqların köklü maraqları naminə regional əməkdaşlığa cəlb etmək yollarını arayır. Preziden İ.Əliyev bunun üçün 3 Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Gürcüstan və Ermənistanın birliyini ehtiva edən formatın da yaradılmasını təklif edir.

10. Xaosun içindəki fürsətlər

Sun Tzu: “Xaosun ortasında bir fürsət də vardır”

Siyasətin müdrikliyi, siyasi iradənin gücü özünü ekstremal situasiyalardan çıxış yolunun tapılmasında daha parlaq şəkildə nümayiş etdirir. Bu müdrikliyi qədim Çin strateqi, filosofu və hərbçisi Sun Tzu “Hərb sənəti” kitabında ən qısa şəkildə ifadə edib: “Xaosun ortasında bir fürsət də vardır”. Azərbaycan Prezidentinin 2018-2022-ci illərdə apardığı siyasət Sun Tzunun eramızdan əvvəl altıncı əsrdə yazdığı çoxsaylı təcrübənin müdrikcəsinə ümumiləşdirməsinin 21-ci əsrdə ən uğurlu şəkildə tətbiqi sayıla bilər. Bütün dünyanın qlobal bir xaosa yuvarlandığı illərdə Azərbaycan xaosun ortasında bir deyil, bir neçə fürsəti tutaraq demək olar ki, bütün strateji məqsədlərində irəliyə qətiyyətli addımlar atdı. Düzgün hesablamalar, proqnozlaşdırma və hərəkətə keçmə zamanının dəqiq müəyyənləşdirilməsi, nəhayət siyasi iradə nümayişi nəticəsində:

- 30 il işğal altında qalmış ərazilər azad edildi;

- Erməni məsələsinin 200 il ərzində Azərbaycanın maraqlarının ziddinə genişləməsinin nəinki qarşısını alındı, hətta demək olar ki, 100 il geriyə atıldı;

- Türk dövlətləri ilə inteqrasiyanın çox mühüm bir mərhələsi başlandı;

- Qərblə enerji sahəsində əməkdaşlıq həcm etibarilə iki dəfə genişləndirmək haqda anlaşma imzaladı;

- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qlobal əhəmiyyəti artaraq Avrasiya üçün prioritetə çevrildi;

- Zəngəzur kimi strateji əhəmiyyəti coğrafiya ətrafında Azərbaycanın siyasəti dünyanın aparıcı güclərinin maraqları ilə uzlaşdıraraq təqdim olundu və legitimliyini qazanmaqdadır;

- Ölkənin beynəlxalq statusu sıçrayışla yüksəldi.

Bu yeddi istiqamətin hər biri ayrılıqda bir neçə onilliklər və bir neçə nəsil siyasətçilər üçün siyasi fəaliyyət platforması ola bilərdi.

2000-ci illərin əvvəlində İran və İraqa sanksiyalar tətbiq edildiyi dövrdə Dubay bu ölkələrin xaricə çıxışında əhəmiyyətli rol oynayaraq böyük iqtisadi səmərəyə nail oldu. Hazırda beynəlxlaq sanksiyalar altında olan iki ölkə – Rusiya və İran ilə qonşuluq Azərbaycana Dubay və Honkonqun təcrübəsindən yararlanmaq üçün imkan verir. Prezident İ.Əliyev İtaliya qəzetinə müsahibəsində dedi: Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni, Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar”.

Fürsətlər sırasında ən əhəmiyyətlilərdən biri Orta Asiyanın türk dövlətlərinin dünyaya açılan pəncərəsinə çevrilmək, Çindən Avropaya yük daşımalarında Orta marşrutun rolunun artmasıdır. Azərbaycan Prezidenti dərhal cəlbediciliyi artıran məqamlar üzrə bəyanat verdi: “Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edir və bütün zəruri logistika dəstəyi təmin edirik”.

Daha bir fürsət ondan ibarətdir ki, Azərbaycan Orta marşrut üzrə yükdaşımalarının intensivləşməsindən milli iqtisadiyyatın real sektoruna təkan verməyi də hədəf alıb. “Nəqliyyat dəhlizini” “sənaye dəhlizinə” çevirmək strategiyası bundan xəbər verir.

Nəhayət, 44 günlük savaşdan sonra Rusiya-Ukrayna müharibəsi və Qara dəniz hövzəsində gərginliyin artması fonunda Zəngəzur dəhlizi layihəsinin beynəlxalq güc mərkəzlərinə qlobal ticarət və nəqliyyat üçün vazkeçilməz marşrut kimi təqdimatı və inandırılması böyük diplomatik uğur və tarixi fürsətin reallaşdırılması yolunda iri addımdır.

11. Geosiyasi qütbləri birləşdirən çoxfunksiyalı “iqtisadi dəhliz” strategiyası

Bütün bu reallaşdırılan və reallaşma mərhələsində olan fürsətlərin eyni zamanda bir araya gətirilməsi belə bir mənəzərə yaradır: Azərbaycan yalnız nəqliyyat kompanenti üzrə dəhliz funksiyasını yerinə yetirməyi deyil, iqtisadiyyatın bütün mühüm kompanentlərini uzlaşdıraraq Şərqlə Qərb, Şimal ilə Cənub və b. qütbləri birləşdirən çoxfunksiyalı TƏHLÜKƏSİZLİK-İQTİSADİYYAT-TİCARƏT DƏHLİZİ STRATEGİYASInı tətbiq etməkdədir. Bu dəhlizin təməlini nəqliyyat komponenti, sadə dildə desək “yol” təşkil edir, amma bu komponentdən fürsət kimi istifadə olunaraq üzərində istehsal, xidmət, regionlararası ticarət, qarşılıqlı investisiyalar və nəhayət, təhlükəsizlik komponentlərini ehtiva edən əlaqələr formalaşmaqdadır.

Türk dövlətləri Birliyinin Çin ilə Avropa İttifaqı, Hindistan və İranla Rusiya arasında nəqliyyat, istehsal, ticarət və s. iqtisadi funksiyaları özündə ehtiva edən “iqtisadi dəhliz” olmaq planları Avrasiyanın “döyünən ürəyi” olmaq anlamına gəlir. Və bu strategiyanın tətbiqi realdır.

İndiki geosiyasi durumda “Zəngəzur dəhlizi” Şanxay Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı üçün “Həyat yolu”dur.

Prezident İlham Əliyevin apardığı regional siyasət başqa qonşular üçün “təhlükəsizlik dilemması” yaratmır. Yəni, Azərbaycanın təhlükəsizlik potensialının gücləndirilməsi başqa qonşuların təhlükəsizliyi üçün təhidid mənbəyi deyil.

Azərbaycanın 44 günlük müharibədəki Zəfəri qonşular və region üçün də yeni iqtisadi və siyasi perspektivlər açır. Prezident İ.Əliyevin Zəfərdən sonra apardığı regional siyasət belə deməyə əsas verir ki, Azərbaycanın qələbəsindən qonşular da iqtisadi təhlükəsizliyini gücləndirməklə öz payını götürür. Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanın iştirakını nəzərdə tutan 3+3 platforması məhz regional strategiyanın baza prinsipidir.

İnstitutlar və liderlər

Daron Əcəmoğlu və Ceyms Robinsonun birgə əməyinin nəticəsi olan “Dövlətlər nə üçün iflas edir” (“Why nations fail”) əsərində dövlətlərin yüksəlişində dini, milli mentalitet və coğrafi faktorların deyil, məhz institutların, özü də liberal dəyərlərə söykənən dövlət institutlarının əsas rola malik olduğu iddia olunur. Azərbaycanın və Cənubi Qafqazın 30 illik tarixi təcrübəsi göstərir ki, coğrafiyanın dövlətin institusional inkişafına təsirini inkar etmək mümkün deyil. Ancaq, güclü siyasi liderlik, dəqiq proqnozlaşdırma və doğru siyasətlə coğrafiyanın siyasi təyinatını, beynəlxlaq siyasət üçün əhəmiyyətini, bir sözlə, coğrafi taleyi dəyişmək mümkündür. D. Əcəmoğlu və C.Robinsonun qeyd olunan əsərindən də belə bir nəticə çıxır ki, inkişafa təkan verən liberal institutların yaradılması da müxtəlif tarixi amillərlə yanaşı islahatçı siyasi liderlərin iradəsinin nəticəsidir.

İngiltərədə “Şanlı inqilab” və Üçüncü Vilhelm nümunəsində Şəxsiyyətin rolu

Böyük Britaniyanın liberal dövlət institutlarının yaranmasına 1688-ci ilin “Şanlı inqilab”ı təkanverici rol oynadı. Ancaq, kral Üçüncü Vilhelmin həm inqilabın baş tutmasına, həm də inqilabdan sonrakı islahatlara şəxsi töhfəsi inkarolunmaz faktdır. Üçüncü Vilhelmin Fransadan çəkinmədən İngiltərəyə ordu çıxarması, lazım gəldikdə onu dəstəkləmiş torilərin istəyinin əleyhinə hakimiyyətini möhkəmləndirməsi, eyni zamanda da liberal islahatları həyata keçirməsi siyasi cəsarət və iradə ilə yanaşı, eyni zamanda da rasional düşüncədən çıxış etməsi sonradan İngiltərəni Böyük Britaniyaya çevirmiş siyasi və iqtisadi sistemin əsasını qoydu. İngiltərə Avropanın katolik monarxlarının təsirindən birdəfəlik qurtuldu və sonradan imperiyaya çevrildi. Üçüncü Vilhelmin Dövlətçiliklə Liberal islahatların müdrik uzlaşdırılması nümunələrindən sayılır.

Onun taleyinə çoxsaylı savaşlarda Fransanı dəf edib İngiltərənin müstəqilliyini təmin etmək düşmüşdü.

Müdrik siyasət coğrafiyanın taleyini dəyişir, tarixin sükanını xalq üçün arzuolunan istiqamətə yönəldir. Bu baxımdan Azərbaycanın təcrübəsi “Tarixdə Şəxsiyyətin rolu” kimi uzunömürlü fəlsəfi diskussiyalara da bəzi aydınlıqlar gətirə bilər. Təbiidir ki, tarixin gedişi çoxsaylı fakt və hadisələrin təsiri altında formalaşır. Amma, onlardan ən vaciblərini bir araya gətirmək, müdrikcəsinə uzlaşdırmaq, zamanında və yerində istifadə etməklə tarixin gedişini dəyişmək şübhəsiz ki, Şəxsiyyətin xidmətidir.

Bizim təcrübəmizdə, indiki halda məhz Şəxsiyyət coğrafiyanın siyasi taleyini dəyişərək Tarixin gedişini müəyyənləşdirdi! Böyük transformasiya davam edir...

Paylaş:
521

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər