Xəyallardan belə tez baş tutan qayıdış - “Azərbaycan dövləti bu işi ən uğurlu bir formada həyata keçirir” - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Xəyallardan belə tez baş tutan qayıdış - “Azərbaycan dövləti bu işi ən uğurlu bir formada həyata keçirir” - ŞƏRH

Ayşən İsmayılova12:00 - 20 / 03 / 2024
Xəyallardan belə tez baş tutan qayıdış - “Azərbaycan dövləti bu işi ən uğurlu bir formada həyata keçirir” - ŞƏRH

“Gün o gün olsun ki, növbəti bayramı Qarabağda qeyd edək!”

Bir igidin ömrünü yaşadı bu arzu! Hər zikrdə qəlbləri göynədən bu diləyi həyata keçirənlər isə həmin sədaları eşidərək böyüyən gənclər oldu. Əhməd Cavadın isə təbiri ilə desək, bu duaya “Amin” demək üçün “Minlərlə can qurban oldu!”, “Hərə bir qəhrəman oldu!”, hərə bir “dastana döndü”. Bəli, düşmənin gözünə dağ olan “o gün” artıq bu gündür. Bir vaxtlar düşmən tapdağı altında zülmətə qərq olan Qarabağın qəlbi artıq gerçək sahiblərinin nəfəsi ilə yenidən qızır. Bir vaxtlar onu məcburən tərk edən yalın ayaqlar yerini qoynunda döyünən körpə qəlblərə verib.

Bəs hazırda işğaldan azad olunmuş ərazilərə davam edən “Böyük Qayıdış”la bağlı vəziyyət nə yerdədir? Keçmiş məcburi köçkünlər illər sonra geri dönməklə bağlı nə düşünürlər?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov bunun düşünüləndən daha mürəkkəb bir proses olduğunu, lakin bütün çətinliklərin öhdəsindən gəlindiyini qeyd edib:

““Böyük qayıdış” planlaşdırıldığından da yüksək formada həyata keçirilir. Bu, olduqca mürəkkəb bir prosesdir. Həm təşkilatçılıq, həm vəsait baxımından bunun öhdəsindən gəlmək elə də asan bir iş deyil. Amma Azərbaycan dövləti bu işi ən uğurlu bir formada həyata keçirir. Mən düşünürdüm ki, bu proses 5-10 çəkər. Lakin biz cənab prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu prosesi ən sürətli formada həyata keçirildiyinin şahidi olduq. Artıq Laçın və Zəngilanda insanlarımız yaşayır. Eyni zamanda, cənab prezident qeyd etdi ki, Xankəndi və Cəbrayıla insanlar köçürüləcək. Artıq Füzulidə də yaşamağa başlayıblar”.

Deputat yurd-yuvalarına geri qayıdan sakinlərin qarşılaşdığı problemlərdən və buna görə tərəddüd yaşayan sakinlərdən də danışıb:

“Mən düşünmürəm ki, qlobal formada bir çatışmazlıq var. Bəzən kimlərinsə bu məsələyə kölgə salmağa çalışdığını da görürük. Amma dövlətimiz bu işləri uğurla və böyük uzaqgörənliklə davam etdirir. Burada insanlar üçün lazımi hər bir şərait yaradılıb. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər yalnız alqışlanmalı və təqdir olunmalıdır. Biz əminik ki, tezliklə bütün işğaldan azad olunmuş ərazilərimizdə bu işlər sürətli bir formada həyata keçiriləcək.

Mən məcburi köçkünlərin arasında qayıtmağı düşünməyən görməmişəm. Əgər belə insanlar varsa da, mən əminəm ki, onlar bu cür şəraiti, yaşayışı gördükdən sonra zamanla peşman olacaqlar. Çünki mən xatırlayıram ki, Cocuq Mərcanlıya bəzi insanlarımız o zaman köçmədilər, amma indi onların böyük əksəriyyəti ora köçmək istəyir. Lakin bu, mümkün deyil, çünki evlər məhduddur. İnsanların mütləq əksəriyyəti köçməyə hazırdır.

Bizə bu günə kimi hansısa çatışmazlıqla bağlı müraciət olunmayıb. Bəzən, təəssüf ki, dövlətimizin gördüyü işə kölgə salmaq istəyən insanlar hansısa bir evdə, küçədə görən işi görüb onu yarımçıq iş kimi təqdim etməyə çalışırlar. Biz bir neçə ay ərzində insanları ora köçürmüşük. Orada quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Ən yüksək formada şərait, istilik, su, işıq – bütün məsələlər təmin olunub. İşlə bağlı məsələlər var ki onları da dövlətimiz sürətli bir formada həyata keçirir”.

Qarabağa ilk köç vaxtı gedən Zəngilan rayonu Ağalı kənd sakini Bahar Səmədova isə 1news.az-a illər sonra qovuşduğu obasındakı güzəranından bəhs edib:

“1993-cü ildə ən axırıncı köçən Zəngilan rayonunun Ağalı kəndi olmuşdu. 2022-ci il 19 iyulda da ilk köçən Ağalı kəndi oldu. Mən qaçqın düşdüyümüz o günləri heç xatırlamaq belə istəmirəm. Nəinki mən, heç kəs istəmir.

Amma prezidentimiz ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinin adını çəkəndə sevincimizdən ağlayırdıq. Bizim o vaxtdan qərarımız o idi ki, öz torpaqlarımıza qayıdacağıq. Bunun tezi-geci var. Heç kəs torpağımıza yiyəlik edə bilməz. Şükür, hazırda da öz torpağımızda yaşayırıq. Bura mənə o qədər xoş gəlib ki, köçdüyüm vaxtdan bəri 30 il yaşadığım Bakıya getməmişəm. Çünki bura mənim öz elim, obam və kəndimdir. Allah prezidentimizin canını sağ etsin! Allah Şəhidlərimizə rəhmət etsin! Qazilərimizə can-sağlığı versin! Allah onların valideynlərinə və doğmalarına da səbir versin! Onların sayəsində yaxşı yaşayırıq. Bu torpaqlar qan bahasına alınıb. Biz həmişə onlara duaçıyıq.

Dövlətimiz də bizi evlə təmin edib. Hər şey öz qaydasındadır. Hazırda həyət-bacamızla məşğul oluruq. Mart ayıdır və əkin-biçin vaxtıdır. Təbiət oyanmağa başlayıb. Yavaş-yavaş əkinlə məşğul olmağa başlayırıq. Özümüz də uyğunlaşmışıq.

Çətinlik də, asanlıq da insanın öz əlindədir. Mən bura gələndən heç bir çətinlik görməmişəm. Çətinlik o deməkdir ki, sənin suyun, işığın olmasın, havan çirkli olsun. Amma bizdə bunların hamısı var. Özüm də işləyirəm. Heç nəyə də ehtiyacımız yoxdur. Bizə əsas o lazım idi ki, torpağımız olsun. Ondan sonra yaşamağa nə var ki?”

Gənc yaşlarında yurdundan qoparılan Ziba Dadaşova isə Laçın sakinidir. Hazırda 64 yaşı olan Ziba xanım xoşbəxtliyinin həddi-hüdudu olmadığını qeyd edib:

“Hisslərimi dilə gətirib çatdıra bilmirəm. Bizim içimizdə çox böyük sevinc, fərəh, şükür duyğusu var. Bu xoş günləri bizə yaşatdığı üçün birinci növbədə, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət etsin! Qazilərimizə can sağlığı versin! Prezidentimiz daha da yüksəklərə qalxsın. Bu, əvvəllər sadəcə xəyal idi. Yuxumuzda görürdük o günləri. Amma indi bunu real olaraq yaşayırıq. Mənfur düşmənlərimizin qarşısında bu gözəl hissi yaşayırıq”.

"Biz 2023-cü il avqustan 9-dan bəri Laçındayıq", deyə o əlavə edib: "Məcburi köçkünlük günləri xəyalıma belə gətirmək istəmirəm. Allah heç kəsə o cür günlər yaşatmasın. Mən gedəndə gənc idim, amma indi 64 yaşım var. Onda uşaqlarım körpə idi. Ömürboyu qazandıqlarımızın hamısını orada qoyub əynimizdəki paltarlarla çıxıb getdik.

Ona görə də bizə fərq etmir ki, indiki şəraitimiz əvvəlkindən yaxşıdır, ya da pisdir. Çünki bu torpaqlarda yaşayırıq. Mənim yoldaşım veterandır, hazırda xəstədir, yaddaşı zəifləyib. "Bəyliq bulağ"ı var yolun qırağında. O, Laçına gələndə həmin bulağı görüb maşından düşdü, yerə uzanıb torpağı dili ilə yaladı. Ona görə də bizə fərq etmir ki, evlər necə tikilib. Şükür, biz bu gün öz torpağımızdayıq. Həm də ki xarabalığı abadlaşdırmaq asan iş deyil. Vaxt keçdikcə hər şey düzələcək”.

Ziba xanım Laçının işğaldan azad edilməsi xəbərini aldığı günü bu cür xatırlayır:

“Laçının geri alındığı günü eşidəndə yoldaşım – ağsaqqal adam qol açıb oynadı. O ömrüboyu oynamayan adamdır, amma həmin gün oynadı. Elə bildik ki, həsrət bitdi.

İndi Bakıdan uşaqlarım zəng edir ki, ana, deyirlər, vəziyyət pisdir. Atamı da götür, gəlin Bakıya, bir az sakitləşsin. Deyirəm, qızım, burada qorxu hissi adamın ağlına belə gəlmir. “Qara bayram”da qəbirlərimizi ziyarət etdik. Yetim uşaq öz anasının yolunu gözləyir. Bax, elə bildik, o qəbirlər də bizim yolumuzu o cür gözləyir. Allah heç kəsə qaçqınlıq həyatı yaşatmasın. Yalandan üzümüz gülürdü, amma içimiz qan ağlayırdı”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində bu günədək, müasir tələblərə uyğun olaraq bərpa edilən və yenidən qurulan 5 yaşayış məntəqəsi üzrə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilib.

""Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində bu günədək Füzuli şəhərinə 596 ailə (2245 nəfər), Laçın şəhərinə 451 ailə (1705 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə (90 nəfər), Laçın rayonunun Zabux kəndinə 211 ailə (808 nəfər) olmaqla, ümumilikdə 1453 ailənin (5719 nəfər) köçürülməsi həyata keçirilib.

Bu ilin sonunadək ən azı 20 yaşayış məntəqəsi olmaqla, 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün qayıdışının həyata keçirilməsi planlaşdırılıb. Hazırda yüzdən çox şəhər və kəndin baş planı təsdiqlənib və bir çox şəhər və kənddə inşaat işləri aparılır", - deyə komitədən bildirililib.

Müəllif: Ayşən İsmayılova

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.

Paylaş:
2720

Son xəbərlər

Bütün xəbərlər