Azad edilmiş ərazilərimizdə ekoturistik standartlara əməl edilməsi vacibdir
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Qarabağda və Şərqi Zəngəzurda ekoturizmin inkişaf etdirilməsi üçün öncə qanunvericilik bazası yaradılmalıdır”.
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Mövzu ilə bağlı olaraq ekspertlərin fikir və təkliflərini təqdim edirik.
Müsahibimiz “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlidir.
- Azad edilmiş ərazilərdə ətraf mühitin qorunması və ekoturistik standartlara əməl edilməsi, təbii resurslar və ekoturizm potensialından tam və düzgün yararlanmaq, zərərli antropogen təsirlərin qarşısını almaq vacib məsələlərdəndir. Bu məsələ ilə bağlı olaraq fikirlərinizi öyrənmək istərdik.
- Ölkəmizin turizmin inkişafına imkan yaradan əsrarəngiz təbiəti var. Azərbaycanın əlverişli relyefi, iqlim şəraiti istər ənənəvi turizmin, istərsə də ekoturizmin inkişafına əlverişli şərait yaradır. Azərbaycanda dağlıq ərazilər çoxdur. Son zamanlar ekoturizmə üstünlük verən həvəskarların da sayı artıb. Tanıdığım bir qrup var, ölkənin istənilən hotelində istirahət etmək üçün kifayət qədər maddi imkanları da var. Lakin onlar hər yay bir bölgəyə gedir, dağlıq ərazilərdə çadırlar qurur, orada gecələyirlər. Dağa qalxır, velosiped sürür, yerli əhalinin, fermerlərin təklif etdiyi təbii kənd məhsullarından istifadə edir. Ekoturizmi kütləvi turizmdən fərqləndirən əsas amil də budur. Həm bölgənin təbii şəraiti qorunub saxlanılır, həm də yerli insanlar qazanır. Onlar evləri, avtomobilləri ilə turistlərə xidmət göstərir, bu işdən pul qazanırlar. Nəticədə yerli iqtisadiyyat: kirayə bazarı, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq canlanır, həm də turistlər ekoloji təmiz məhsullarla qidalanır və daha az pul xərcləməklə tətil günlərini daha xoş, daha mənalı keçirirlər.
Azərbaycanın turizm potensialı olan ən dilbər guşələri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində yerləşir. Çox təəssüf ki, bu ərazilər 30 illik işğal dövründə ekoloji çirklənməyə məruz qalıb. Ərazilərimizdə 30 il ərzində 1,5 milyondan çox piyada və texnika əleyhinə mina basdırılıb. Torpaqlarımızda həmçinin partlamamış hərbi sursatlar var. Öncə ərazilərimiz minalardan və partlamamış hərbi sursatlardan təmizlənməlidir. Minalardan təmizləndikdən, bölgədə infrastruktur yaradıldıqdan sonra istər kütləvi, istərsə də, ekoturizmin inkişafından danışmaq olar.
Son illərin statistikası göstərir ki, ölkəmizə üz tutan əcnəbi turistlər əsasən ekoloji turizmə, aqroturizmə daha çox maraq göstərirlər. Müvafiq qurumlar ekoturizmin inkişafı ilə bağlı müəyyən layihələr də həyata keçirirlər. Hər halda işğaldan azad olunmuş bölgələrdə ekoturizmin inkişafı üçün turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür.
Qarabağda və Şərqi Zəngəzurda ekoturizmin inkişafı üçün ekoloji parkların, nadir bitkilərin mühafizəsini həyata keçirən dendrologiya bağlarının, qoruqların yaradılması yaxşı olardı. Bölgədə yüksək keyfiyyətli avtomobil yolları çəkilir. Yaxşı olardı ki, velosiped yolları şəbəkəsi də qurulsun. Yenidən qurulan Ağdam şəhərində böyük ekoloji park və velosiped yolları çəkilir. Bu işlər bərpa edilən digər rayonlarda da edilə bilər.
- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Böyük qayıdış layihəsi çərçivəsində və Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri yaşıl texnologiyalara əsaslanır. Bu günlərdə biz Zəngilan rayonunun Ağalı qəsəbəsində olduq. Qeyd edim ki, Ağalı ölkədə ilk ağıllı kənd layihəsidir. Kanalizasiya sistemi fərqli texnologiya ilə qurulub. Məişət tullantı sularını axıdan kanalizasiya xətti ilə yanaşı yağı sularını axıdan ayrıca xətt var. Yağış suları toplanır, təkrar emaldan sonra suvarmada istifadə olunur.
Evlərin qızdırılması və işıqlandırılması bərpa olunan enerjiyə əsaslanır. Hətta Ağalıda elektriklə işləyən avtomobilləri şarj etmək üçün ayrıca məntəqə yaradılıb. Hesab edirəm ki, bu təcrübə başqa bölgələrdə də tətbiq edilməlidir.
- “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ekoturizmin inkişaf etdirilməsi üçün öncə qanunvericilik bazası yaradılmalıdır. Ərazidə məskunlaşan əhaliyə pay torpaqları ayrılmalı, torpaqların bölgədə məskunlaşmayan iş adamlarına satılması qadağan edilməlidir. Kənardan gələn işbaz bölgədə torpaq alıb, turizm obyekti, hotel, restoran tikə biləcəksə, o zaman yerli ekoturizmin inkişafı mümkün olmayacaq. Ekoturizm öncə yerli əhalinin iqtisadi mənfəətinə hesablanmalıdır. Orada məskunlaşmış kəndli, fermer turistlərə öz xidmətini, məhsulunu təklif etməlidir.
- Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Ümumiyyətlə maarifləndirmə tədbirləri necə olmalıdır? Hansı cərimələr tətbiq edilə bilər?
- 2023-cü ilin 19 sentyabrından sonra Azərbaycan qanunları bütün ölkə ərazisində işləyir. Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşan və xidməti işlərlə əlaqədar müvəqqəti yaşayan insanlar bilməlidir ki, təbii sərvətlər və bioresurslarımız zəngindir, amma tükənməz deyil. Ekoturizmin əslində kütləvi turizmdən əsas fərqi elə budur. Bioresurslardan təbiətə zərər vurmadan istifadə etmək. Fikrimcə, bölgədə məskunlaşmış insanlar arasında maarifləndirmə tədbirləri aparmaq çox vacibdir. Yaxşı olar ki, vətəndaş cəmiyyəti fəalları həmin bölgələrə getsinlər, insanlara səyyar xidmətlər göstərsinlər, maarifləndirici söhbətlər aparsınlar, ağacəkmə aksiyaları keçirsinlər. Eyni zamanda qanunsuz ov edənlər, biomüxtəlifliyə zərər vuranlar haqqında cəzalar tətbiq etmək lazımdır.
- Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər?
- Bu yaxınlarda sosial şəbəkələrdə bir video rastıma çıxdı. Videogörüntülər böyük qayıdış layihəsi çərçivəsində Qarabağda işləyən və orada məskunlaşmış insanlar tərəfindən ov mövsümü olmayan aylarda və qanundankənar balıq ovu ilə bağlı idi. Hesab edirəm ki, bu cür halların qarşısı alınmalıdır. Minalı ərazilərdə, riskli şərtlər altında işləyən vətəndaşlarımız fədakarlıq nümunəsi göstərirlər. Lakin qanunlar ölkənin bütün ərazilərində qüvvədədir. Bu cür yollarda bölgədə ekomüxtəlifliyə ziyan vurmaq olmaz. Ərazidə müvafiq qurumlar tərəfindən nəzarətin gücləndirilməsi yaxşı olardı.
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.