Sevinc Fətəliyeva: “Azərbaycan və Pakistan arasında əlaqələr yüksək səviyyədədir”
“Azərbaycan və Pakistan arasında əlaqələr yüksək səviyyədədir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
“İki ölkənin münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. 11-12 iyul tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri və ölkəmizin başçısının yüksək səviyyədə qarşılanması da bu faktı təsdiqləyir. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb”.
Deputat bildirib ki, Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Bu isə qardaşlıq mövqeyidir. Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”. Cənab Prezident, həmçinin, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini ifadə edib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməzinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edib. Pakistanın Baş naziri ölkəsinin həmişə Qarabağla bağlı Azərbaycanın mövqeyinizi dəstəklədiyini vurğulayıb: “Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib. Eynilə mənim əziz qardaşım, Siz həmişə kəşmirlilərin haqq işini dəstəkləmisiniz… Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.
Millət vəkilinin sözlərinə görə, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə də geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.
“Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Onların sırasında ticarət, sərmayə və enerji məsələsi diqqət mərkəzindədir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlıq da perspektivlidir. Səfər zamanı dövlətimizin başçısı İlham Əliyevin İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış olması da müdafiə sahəsində əməkdalığın nümunəsi kimi dəyərləndirilə bilər. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Səfər zamanı imzalanmış dövlətlərarası sənədlər isə əlaqələrimizi daha da gücləndirəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.