Qlobal istiləşmə: Dünya ictimaiyyəti ən mühüm ekoloji problemlə necə mübarizə aparır? - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qlobal istiləşmə: Dünya ictimaiyyəti ən mühüm ekoloji problemlə necə mübarizə aparır? - FOTO - VİDEO

20:55 - 19 / 07 / 2024
Qlobal istiləşmə: Dünya ictimaiyyəti ən mühüm ekoloji problemlə necə mübarizə aparır? - FOTO - VİDEO

Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyətin bu problemlə bağlı məlumatlılığını artırmaq məqsədilə iqlim dəyişmələri ilə bağlı silsilə məqalələr hazırlayır.

Bu günlərdə sizə iqlim dəyişmələrinin mahiyyəti, bu problemin yaranma səbəbi və onun dünya üçün hansı mənfi fəsadlara yol aça biləcəyi barədə söhbət açmışdıq.

Xatırladaq ki, iqlim dəyişməsi və ya qlobal istiləşmə, ilk növbədə insan fəaliyyəti nəticəsində Yer kürəsində temperaturun uzunmüddətli dəyişməsidir. Qalıq yanacaqların yandırılması, meşələrin qırılması və digər insan fəaliyyətləri atmosferdə istilik effekti yaradan qazların konsentrasiyasını artırır ki, bu da öz növbəsində temperaturun artmasına səbəb olur.

İqlim dəyişməsi faciəvi nəticələrə səbəb ola bilər: dəniz səviyyəsinin qalxması, qasırğa, quraqlıq və daşqın kimi ekstremal təbiət hadisələrinin tezliyinin və intensivliyinin artması, kənd təsərrüfatı sistemlərində ərzaq qıtlığına səbəb ola biləcək dəyişikliklər. Bundan əlavə, iqlim dəyişməsi bir çox bitki və heyvan növlərinin nəsli kəsilməsinə səbəb olur, təbiətin tarazlığını pozur və bəşəriyyətin gələcəyini sual altında qoyur.

Bu gün biz iqlim dəyişməsi ilə mübarizə üçün dünya ictimaiyyətinin qarşısına qoyulan əsas məqsədləri nəzərdən keçirmək istəyirik. Bu məqsədlə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris İqlim Sazişi kimi sənədlərdə öz əksini tapmış bir çox strategiyalar müəyyən edilib ki, aşağıda bu barədə məlumat öz əksini tapıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində qəbul edilib və 1994-cü ildə qüvvəyə minib. Bu, atmosferdə istilik effekti yaradan qazların konsentrasiyasını sabitləşdirməyə və iqlim sisteminə təhlükəli müdaxilənin qarşısının almağa yönəlmiş ilk beynəlxalq saziş oldu. Konvensiya ölkələrin iqlim dəyişməsinə görə ortaq məsuliyyət daşıdığını qəbul edir, lakin tarixən istilik effekti yaradan qazların emissiyalarına görə üzərinə daha çox məsuliyyət düşən inkişaf etmiş ölkələr emissiyaların azaldılmasında rəhbərlik etməli və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişməsi ilə mübarizə səylərini dəstəkləməlidir.

UNFCCC çərçivəsində ölkələr istilik effekti yaradan qazların emissiyaları haqqında məlumat toplamalı və təqdim etməli, emissiyaları azaltmaq və iqlim dəyişmələrinə uyğunlaşmaq üçün milli strategiyalar və proqramlar hazırlamalı və həyata keçirməlidir. Konvensiya həmçinin iqlim dəyişməsi ilə mübarizə üçün ictimaiyyətin maarifləndirilməsinin, elmi və texniki məlumat mübadiləsinin, eləcə də texnologiyaların inkişaf etdirilməsinin və paylaşılmasının zəruriliyini vurğulayır.

Hazırda UNFCCC-yə 197 ölkə və Avropa İttifaqı daxildir. UNFCCC-nin əsas aspektlərindən biri iştirakçı ölkələrin nümayəndələrinin əldə edilmiş tərəqqini müzakirə etdiyi, nailiyyətləri qiymətləndirdiyi, iqlim dəyişməsi ilə mübarizə üzrə qlobal səyləri gücləndirmək üçün yeni qərarlar və sazişlər qəbul etdiyi Tərəflər Konfransının (COP) müntəzəm keçirilməsidir. Belə konfranslarda 1997-ci il Kioto Protokolu və 2015-ci il Paris İqlim Sazişi kimi mühüm sənədlər qəbul edilib.

Kioto Protokolu

Kioto Protokolu 1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində qəbul edilmiş beynəlxalq sənəddir. Mürəkkəb ratifikasiya prosesi səbəbindən o, yalnız 2005-ci ilin fevralında qüvvəyə minib. Kioto Protokolu inkişaf etmiş ölkələr və keçid iqtisadiyyatı olan ölkələr üçün hüquqi olaraq məcburi emissiyaların azaldılması hədəflərini müəyyən etmiş oldu (Əlavə I adlanan sənədə daxildir).

Kioto Protokolunun əsas müddəası ondan ibarətdir ki, Əlavə I-ə daxil edilmiş ölkələr 2008-ci ildən 2012-ci ilədək olan dövrü əhatə edən birinci öhdəlik dövründə istilik effekti yaradan qazların ümumi emissiya səviyyəsini 1990-cı il səviyyəsindən orta hesabla 5,2% aşağı salmalıdır.

Bu məqsədlərə nail olmaq üçün protokol ölkələrə bir neçə çevik mexanizm təqdim edib. Mexanizmlərə inkişaf etmiş ölkələrə digər inkişaf etmiş ölkələrdə emissiyaların azaldılması layihələrini həyata keçirməyə imkan verən “Birgə icra” və inkişaf etməkdə olan ölkələrdə oxşar layihələrin həyata keçirilməsinə imkan verən “Təmiz inkişaf mexanizmi” daxildir.

Kioto Protokoluna 192 tərəf, cümlədən 191 dövlət və Avropa İttifaqı daxil idi. Əhəmiyyətli nailiyyətlərə baxmayaraq, o, tənqid və çətinliklərlə üzləşmişdi. Belə ki, Əlavə I-ə daxil olmayan bəzi inkişaf etməkdə olan ölkələrin emissiyaların azaldılması ilə bağlı öhdəlikləri yox idi və bu, iqlim dəyişməsi ilə mübarizə səylərində tarazlığı pozurdu. Nəticədə 2012-ci ildə “Doha dəyişikliyi” kimi tanınan protokolun ikinci öhdəlik dövrü təsdiqlənsə də, heç də bütün ölkələr onu ratifikasiya etmədi. Bu və digər problemlər yeni, daha universal sazişin - Kioto Protokolunu əvəz edən Paris İqlim Sazişinin işlənib hazırlanmasına təkan oldu.

Paris İqlim Sazişi

Paris İqlim Sazişi 2015-ci ilin dekabrında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 21-ci sessiyasında (COP21) qəbul edilib və 2016-cı ildə qüvvəyə minib. Onun əsas məqsədi qlobal orta temperatur artımını Sənaye İnqilabından əvvəlki səviyyə ilə müqayisədə 2 °C-dən aşağı salmaq və temperatur artımını 1,5 °C-dək məhdudlaşdırmaq üçün çalışmaqdır ki, bu da iqlim dəyişməsi risklərini və fəsadlarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Paris Sazişinin əsas müddəalarından biri iştirakçı ölkələrin emissiya səviyyəsini azaltmaq üçün fəaliyyət planı işləyib hazırlamaq və onu hər 5 ildən bir yeniləmək öhdəliyidir. Hər bir ölkə öz milli şəraitini və imkanlarını nəzərə alaraq məqsəd və tədbirlərini müstəqil şəkildə müəyyən edir. Bundan əlavə, Saziş iqlim dəyişməsinin qaçılmaz fəsadlarına uyğunlaşmanın gücləndirilməsi zərurəti ilə bağlı müddəaları özündə əks etdirir.

Saziş həmçinin iqlimlə bağlı məqsədlərinə nail olmaq üçün köməyə ehtiyacı olan ölkələrə maliyyə və texnoloji dəstək mexanizmlərini nəzərdə tutur. İnkişaf etmiş ölkələr aşağı karbon emissiyalı iqtisadiyyata keçidi asanlaşdırmaq və iqlim dəyişmələrinə davamlılığı artırmaq məqsədilə inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün maliyyə resurslarını səfərbər etməyi öhdələrinə götürüb. Bu kontekstdə 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə dəstək məqsədilə hər il 100 milyard dollar səfərbər etmək məqsədi qoyulub.

Hazırda 195 ölkə və Avropa İttifaqı Paris İqlim Sazişinin tərəfləridir. Saziş iqlimlə bağlı fəaliyyətin həyata keçirilməsində şəffaflığın və hesabatlılığın vacibliyini vurğulayır. Dövlətlərdən fəaliyyətləri və nailiyyətləri barədə hesabat vermək tələb olunur ki, bu da tərəqqinin izlənilməsinə və iqlim dəyişməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsinə imkan verəcək.

Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək.

Bu məqalə hazırlanarkən rəsmi sənədlərdəki məlumatlardan istifadə edilmişdir.

Bu məqalə rus dilində...

Leyla Məmmədova

Paylaş:
607

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər