Xocalı sakinləri 32 ildən sonra ilk dəfə doğma yurdlarında səs verirlər
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Xocalı rayonu ərazisində üç məntəqədə keçirilir.
118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, məntəqə seçki komissiyasının sədri Ceyhun Əbdülov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Səsvermədə iştirak edən Xocalı sakinləri doğma yurdlarında səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.
Seçici Məlahət Paşayeva deyib: “Ötən 32 il ərzində ölkəmizdə keçirilən seçkilərdə məcburi köçkün olaraq iştirak edirdik. Nəhayət yurd həsrətimiz bu il başa çatdı – may ayında yenidən Xocalıda məskunlaşdıq və bu gün öz torpağımızda qürurlu Azərbaycan vətəndaşı kimi səs veririk. Bu qüruru, sevinci bizə yaşatdığına görə Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm”.