Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB

14:40 - 13 / 11 / 2024
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.

1news.az xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

Daha sonra prezidentlər çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir.

Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni, biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır.

Dünən konfransdakı çıxışımda Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkməsi ilə bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdım. Bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik. Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə görə minnətdaram.

Əziz dostlarıma bir daha təşəkkür etmək istəyirəm. Həmçinin bu gün burada iştirak edən əziz dostumuz, Səudiyyə Ərəbistanının nazirinə və Səudiyyə Ərəbistanından olan bütün dostlarımıza minnətdarlığımı ifadə edirəm. Dünən haqqında danışdığım “ACWA Power” şirkəti bizim yaxşı tərəfdaşımız, investorumuzdur və həm Azərbaycanda, həm də Mərkəzi Asiyada fəaliyyət göstərir. Ona görə də bu gün bu mərasimdən sonra əməkdaşlığımızı genişləndirən daha bir mərasim olacaq. Bu, Yaxın Şərqi, Mərkəzi Asiyanı, Xəzər regionunu, Qafqazı, Qara dənizi və Avropanı əhatə edir.

Beləliklə, mən bizim hamımızı təbrik edirəm və arzum budur ki, bu layihənin tezliklə həyata keçirilməsinin şahidi olaq. Sağ olun.

x x x

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli Şavkat Miromonoviç.

Xanımlar və cənablar.

Bu gün biz davamlı inkişaf üçün ümumi səylərimizin tarixində yeni səhifə açırıq. Strateji tərəfdaşlıq Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir. Sənəd dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Qazaxıstan böyük tranzit ərazi kimi burada son dərəcə mühüm rol oynayır. Bu Sazişin praktiki nəticələri Orta Dəhlizin iqtisadiyyatlarımızı birləşdirən yaşıl körpü qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək.

Yaşıl enerji karbon neytrallığına doğru irəliləyən Qazaxıstan üçün prioritet istiqamətdir. Biz qazıntı resurslarından asılılığımızı azaltmaq, texnoloji yenilikləri inkişaf etdirmək və ekoloji davamlılığımızı dəstəkləyə biləcək infrastruktur yaratmaq üçün fəal işləyirik. Qazaxıstan xarici tərəfdaşlarla ümumi gücü 43 giqavat olan yaşıl layihələrin həyata keçirilməsinə dair razılaşmalar əldə edib.

Mən burada Səudiyyə Ərəbistanının energetika nazirini, eləcə də tanınmış “ACWA Power” şirkətinin nümayəndələrini salamlamaq istərdim. Əməkdaşlığınıza görə sizə minnətdarıq.

Əziz dostlar, bugünkü Saziş ortaq məsuliyyət, qarşılıqlı etimad və strateji tərəfdaşlığın dərk edilməsinin dünyanı yaxşılığa doğru necə dəyişdirdiyinin parlaq nümunəsi olacaqdır.

Yekun olaraq, İlham Heydər oğluna və Şavkat Miromonoviçə, həmçinin danışıqlar prosesinin bütün iştirakçılarına bu gün nəticələrini müşahidə edə biləcəyimiz səmərəli işə görə səmimi təşəkkürümü bildirmək istəyirəm.

Planlarımızın həyata keçirilməsində hamımıza uğurlar arzulayıram, onlar mahiyyət etibarilə çox perspektivli, hətta deyərdim ki, iddialıdır. Qoy bu strateji tərəfdaşlıq gələcək nailiyyətlərin bünövrəsinə çevrilsin və regionun, bütövlükdə dünyanın davamlı inkişafı üçün yeni imkanlar açsın. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli Kasım-Jomart Kemeleviç.

Sizi salamlayıram. Əvvəlcə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Sammitinin uğurla keçirilməsi münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istərdim. Biz hamımız gördük ki, bu, Azərbaycanın nüfuzunun tanınmasıdır. Regionumuzda ilk dəfədir ki, belə möhtəşəm tədbir keçirilir və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir. Bu gün biz Avropaya birlikdə yeni yaşıl enerji dəhlizi yaradırıq. Bu da tarixi hadisədir. Mən də fürsətdən istifadə edərək, çox işlər görən və görməyə çalışan Səudiyyə Ərəbistanının energetika nazirini təbrik etmək istəyirəm. Biz üç ölkə çox mehriban əməkdaşlıq edirik, Səudiyyə Ərəbistanı və “ACWA Power” şirkəti Özbəkistanda da çox iş görür. Mən çox minnətdaram ki, onlar bunu məmnuniyyətlə həyata keçirirlər və regionumuzda çox fəal iştirak edirlər.

Bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir. Mən bu layihənin ekoloji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və Günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, yaşıl enerjinin inkişafı üçün böyük proqram qəbul edilib. Biz 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırırıq. Bundan başqa, ilin sonunadək biz əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərini şəbəkəyə birləşdirəcəyik. Hər il təxminən 2 giqavat Günəş və külək enerjisi istehsal etmək gücünü işə salırıq.

Hörmətli tədbir iştirakçıları, bu layihənin həyata keçirilməsinin iqtisadi səmərəsini dövlətlərimizin hamısı hiss edəcək. Minlərlə iş yeri açılacaq, enerji infrastrukturu inkişaf etdiriləcək, texnoloji və biznes əlaqələri genişlənəcək və bunun əsas nəticəsi olaraq əhalimizin həyat səviyyəsi yüksələcək. Bu layihənin icrasını sürətləndirmək üçün qarşımızda bir sıra mühüm vəzifələr durur. Bu, çox böyük və iddialı layihədir, biz bu iddialı layihənin həyata keçirilməsini sürətləndirmək üçün hər şeyi edəcəyik. Bu, birgə müəssisənin yaradılması, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, maliyyələşdirmə mənbələrinin və tender prosedurlarının razılaşdırılmasıdır. Biz, bütün iştirakçılar bu prosesləri mümkün qədər sürətləndirməliyik. Mən bu mühüm regional layihənin birgə həyata keçirilməsinə sadiqliyimizi bir daha təsdiqləmək istərdim.

x x x

Daha sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.

İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.

11:26

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.

1news.az xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

Daha sonra prezidentlər çıxış ediblər.

Sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.

İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər