COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addım
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyətli hadisə oldu.
“Yaşıl” enerjiyə qlobal keçid və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi baxımından platforma rolunu oynayan bu tədbir ölkə üçün yeni dövrün başlanğıcı oldu.
İqlim dəyişmələrinin sürətləndiyi bir zamanda xüsusi əhəmiyyət kəsb edən COP29 qlobal ekoloji çağırışları müzakirə etmək və onların həlli üçün növbəti addımları müəyyən etmək imkanı yaratdı. Konfrans çərçivəsində qəbul edilmiş qərarlar və öhdəliklər qanunvericilik bazasının inkişafına, dövlət orqanlarının və biznes fəaliyyətinə təsir göstərəcək. Bu dəyişikliklər insan və ətraf mühit arasında ekoloji cəhətdən təmiz (“eco-friendly”) qarşılıqlı əlaqə modelinin formalaşmasına yönəlib.
COP29-un Azərbaycan cəmiyyətinə təsiri
COP29-un əsas vəzifələrindən biri əhalinin ekoloji savadlılığının artırılması oldu. Konfrans çərçivəsində aparılan müzakirələr və keçirilən tədbirlər vətəndaşları ekologiya və ətraf mühitin qorunması məsələlərinə daha çox diqqət yetirməyə təşviq etdi. Konfrans zamanı qəbul edilmiş öhdəliklər ölkədə yeni ekoloji mədəniyyətin formalaşması üçün əsas yaradacaq. Bu, dövlət strukturlarından biznes sektoruna qədər cəmiyyətin bütün təbəqələrinə təsir edəcək və onların ətraf mühitin qorunmasına görə məsuliyyətini artıracaq.
Qanunvericiliyin qlobal çağırışlara adaptasiyası
Azərbaycan hökuməti “yaşıl” enerji layihələrinin inkişafına yönəlmiş layihələri fəal şəkildə dəstəkləməyi planlaşdırır. Xüsusilə, ekoloji təşəbbüslərin işlənib hazırlanması ilə məşğul olan sahibkarlar və vətəndaşlar üçün dövlət dəstəyi genişləndirilib. Maliyyə institutları “yaşıl” enerji layihələrinin həyata keçirilməsi üçün daha əlverişli şərtlər təklif edir ki, bu da onların inkişafını stimullaşdırır.
Bundan əlavə, COP29 ekoloji aksiyaların və təşəbbüslərin sayının artması üçün katalizator rolunu oynadı. Artıq dövlət qurumları və özəl sektor ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş layihələrdə daha fəal iştirak edəcək. Konfransda qəbul edilmiş qərarlar Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsinə təsir göstərəcək. Bu, beynəlxalq standartların və öhdəliklərin milli hüquq sisteminə inteqrasiyasına imkan verəcək ki, bu da ölkədə ekoloji vəziyyətin yaxşılaşmasına kömək edəcək.
Beynəlxalq təcrübə Azərbaycan üçün nümunədir
Bir çox inkişaf etmiş ölkələr artıq “yaşıl” iqtisadiyyata keçiddə ciddi uğurlar əldə edib və onların təcrübəsi digər dövlətlər üçün istiqamətverici rol oynaya bilər. Məsələn, Danimarkada bərpa olunan enerji mənbələrindən fəal istifadə edilir. Hazırda bu ölkənin elektrik enerjisinin 40%-dən çoxu külək elektrik stansiyalarında istehsal olunur. Enerji səmərəliliyinin artırılması üzrə kompleks proqram sayəsində ölkədə sabit iqtisadi artımı qorumaqla adambaşına düşən enerji istehlakını azaltmaq mümkün olub. Kopenhagen şəhəri qarşıya 2025-ci ilə qədər karbon neytral şəhərə çevrilmək məqsədi qoyub ki, bu da Danimarkanı dayanıqlı inkişaf sahəsində nümunəvi ölkəyə çevirir.
Almaniya genişmiqyaslı enerji keçidi proqramını (“Energiewende”) həyata keçirən ilk ölkələrdən biri olub. Bu proqram, bərpa olunan enerjiyə ciddi investisiyaların yatırılmasını, kömür və atom enerjisindən tədricən imtina edilməsini, həmçinin qabaqcıl enerji səmərəliliyi texnologiyalarının tətbiq edilməsini nəzərdə tutur. Bu gün Almaniyanın elektrik enerjisinin 50%-dən çoxu bərpa olunan mənbələr hesabına əldə edilir, hökumət isə “yaşıl” texnologiyaları subsidiyalar və vergi güzəştləri ilə fəal şəkildə dəstəkləyir.
İsveç də dayanıqlı inkişaf prinsiplərinə yüksək səviyyədə sadiqlik nümayiş etdirir. Ölkə 2040-cı ilədək qalıq yanacaqlardan tamamilə imtina etməyi planlaşdırır. Bu məqsədlə ölkə istilik sistemlərində bioyanacağın tətbiqini həyata keçirir, elektrik mühərrikli avtomobillər üçün infrastrukturu inkişaf etdirir və meşələrin bərpası ilə məşğul olur ki, bu da karbon izini kompensasiya etməyə imkan verir.
Yaponiya tullantıların təkrar emalına və təbii resursların istifadəsinin azaldılmasına əsaslanan dairəvi iqtisadiyyatın inkişafına xüsusi diqqət ayırır. Ölkə plastik tullantıların əhəmiyyətli hissəsini təkrar emal edərək onlardan yeni materiallar əldə edir, sənayedə enerji qənaətli texnologiyaları tətbiq edir və enerji səmərəliliyini artırmaq üçün yaşayış sektorunu müasirləşdirir.
Niderland isə öz növbəsində dayanıqlı şəhər həllərinin tətbiqi ilə fərqlənir. Velosiped infrastrukturunun inkişafı CO₂ emissiyaları ilə mübarizənin mühüm elementinə çevrilib, yaşıl dam örtüklərinin və yağış suyunun idarə edilməsi sistemlərinin istifadəsi iqlim dəyişməsinə uyğunlaşmağa kömək edir. Ölkədə həmçinin enerji effektivliyinə malik evlərin tikintisi və günəş panellərinin quraşdırılması həyata keçirilir.
Bu nümunələr sübut edir ki, siyasi iradə, ekoloji texnologiyalara investisiyalar və cəmiyyətin dəstəyi olduqda dayanıqlı inkişafa nail olmaq mümkündür. Azərbaycan bu ölkələrin təcrübəsindən istifadə edəcək və onların yanaşmalarını öz şəraitinə uyğunlaşdıracaq ki, bu da ekoloji cəhətdən daha dayanıqlı gələcəyə doğru mühüm addım olacaq.
Leyla Məmmədova