Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub
![Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub](/images/2025/02/15/20250215102216190/thumb.jpg?2025-02-15+10%3A24%3A57)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən 1news.az-a bildirilib ki, xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Nəzarət ölçü cihazları və avtomatika” və “Gözcü güvənlik” məhdud məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növü üzrə lisenziyanın şərtlərinə əməl etmədikləri aşkar olunub.
Yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, maddi-texniki baza ilə təmin olunmayıb.
Bildirilib ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən, sözügedən müəssisələrin lisenziyaları ləğv olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.