Yaponiya müdafiə xərclərini iki dəfəyə yaxın artırmağı planlaşdırır

Yaponiya hökuməti növbəti beş il ərzində müdafiə xərclərini təxminən iki dəfə artırmağı nəzərdən keçirir.
1news.az xəbər verir ki, bu barədə Reuters agentliyinə məsələ ilə tanış olan iki mənbə məlumat verib.
Məlumata görə, 2027-ci ilin aprelindən başlayacaq beşillik dövr üçün müdafiə büdcəsinin 70-80 trilyon yen (təxminən 457-508 milyard dollar) səviyyəsində müəyyənləşdirilməsi planlaşdırılır.
Təklif qəbul olunarsa, bu məbləğ hazırkı beşillik proqram üçün ayrılmış 43 trilyon yenlik büdcədən təxminən 1,8 dəfə çox olacaq.
Mənbələrdən biri yeni büdcə hesabına çoxsaylı pilotsuz uçuş aparatlarının alınmasının maliyyələşdiriləcəyini bildirib. O, yenin dəyərdən düşməsinin hərbi texnikanın satınalma xərclərini artırdığına da diqqət çəkib.
Digər mənbənin sözlərinə görə, yekun məbləğ 70 trilyon yenin orta və ya yuxarı həddində müəyyənləşdirilə bilər. Bununla belə, Şərqi Asiyadakı təhlükəsizlik vəziyyəti fonunda bu vəsaitin kifayət edib-etməyəcəyi də müzakirə mövzusudur. Yekun qərarın hökumətlə koalisiya tərəfdaşları arasında danışıqlardan sonra veriləcəyi gözlənilir.
Qeyd edək ki, Yaponiyanın hazırkı müdafiə proqramı uzaqmənzilli raketlərin, sursatların və hərbi texnika üçün ehtiyat hissələrinin alınmasını nəzərdə tutur.
Yaponiya “yeni böhran dövrünə” daxil olduğunu bəyan edib
Yaponiya Müdafiə Nazirliyinin 2026-cı il üzrə 598 səhifəlik müdafiə hesabatında ölkənin “yeni böhran dövrünə” daxil olduğu bildirilib.
Sənəddə qeyd olunub ki, ABŞ Silahlı Qüvvələrinin yenidən yerləşdirilməsi xərcləri də daxil olmaqla, Yaponiyanın müdafiə büdcəsi ilk dəfə 9 trilyon yeni ötüb. Tokio müdafiə xərclərini ölkənin ümumi daxili məhsulunun 2 faizinə çatdırmağı hədəfləyir.
Hesabatda Çinin hərbi fəaliyyəti və şəffaflığın olmaması Yaponiya üçün “misli görünməmiş və ən böyük strateji çağırış” kimi qiymətləndirilib. Buna səbəb kimi Pekinin Şərqi Çin dənizi və Qərbi Sakit okeanda hərbi təlimləri intensivləşdirməsi, aviadaşıyıcı qruplarının fəaliyyətini genişləndirməsi göstərilib.











