Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır

Aprelin 7-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, komitə sədri Polad Bülbüloğlu gündəlikdə bir məsələnin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsinin olduğunu bildirib.
Layihə barədə məlumatda diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları tabeliklərindəki və ərazilərindəki abidələrin pasportlaşdırılmasını həyata keçirirlər. Həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə əsasən də qoruq idarəsi ərazisindəki abidələri pasportlaşdırmalıdır.
Komitə sədri bildirib ki, bu pasportlaşdırılmanın ümumi qaydalarının və bir pasport formasının təsdiq edilməsi üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 6-cı maddəsinə müvafiq dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir.
Qanun layihəsinin müzakirəsində komitə sədri Günay Əfəndiyeva, komitə üzvləri Şahin Seyidzadə, Elnarə Akimova, Tənzilə Rüstəmxanlı və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxış edənlər dəyişikliyin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, dəyişiklik dövlət tərəfindən qorunan abidələrin vahid formada pasportlaşdırılması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.