Mülki PUA-ların qeydiyyatı və kateqoriyalara bölünməsi qaydaları təsdiqlənib

Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları təsdiqlənib.
1news.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:
- maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;
- uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.
PUA-ların qeydiyyatı, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin (bundan sonra – PUAS) istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçirilir.
Hər bir PUA-nın sahibi PUA-nı Azərbaycan Respublikasına idxal etməzdən əvvəl və xüsusi icazə aldıqdan sonra və ya Azərbaycan Respublikasında istehsal etdikdən sonra 10 (on) iş günü ərzində onun dövlət qeydiyyatına alınması üçün müraciət etməlidir.
PUA-nın dövlət qeydiyyatına alınması üçün PUA-nın sahibi aşağıdakı məlumatları və sənədləri şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Agentliyə təqdim etməlidir:
- hüquqi şəxslər üçün adı, ünvanı, qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın surəti, elektron ünvanı və əlaqə nömrəsi;
- fiziki şəxslər üçün adı, atasının adı, soyadı, ünvanı, elektron ünvanı, əlaqə nömrəsi, eləcə də şəxsiyyət vəsiqəsinin və ya əcnəbi (və ya vətəndaşlığı olmayan) şəxs olduqda bunu təsdiqləyən sənədin surəti;
- PUA-nın istehsalçısı və modeli;
- PUA-nın istehsal ölkəsi və tarixi;
- PUA-nın istehsalçı tərəfindən müəyyən edilmiş təyinatı;
- PUA-nın seriya nömrəsi;
- PUA-nın və üzərində onun seriya nömrəsinin olmasını təsdiq edən rəngli fotoşəkilləri;
- PUA-nın texniki xüsusiyyətlərini, texniki xidmət tələblərini, istifadə qaydalarını və PUA-nın istismarı üçün zəruri olan digər məlumatları özündə ehtiva edən istehsalçı təlimatları;
- üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasına dair sənəd;
- mülki dövriyyəsinə xüsusi icazənin surəti;
- “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Aviasiya haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.
Bu Qaydalarda nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar PUA-nın sahibindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi PUA-nın sahibinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya PUA-nın sahibi tərəfindən təmin edilir.
Bu Qaydalarda qeyd olunan məlumatlarda və sənədlərdə çatışmazlıqlar olmadıqda, Agentlikdə sənədlər qeydə alındığı gündən sonra 15 (on beş) iş günündən gec olmayaraq qeydiyyat sertifikatının verilməsi və ya bu verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir.
Hər bir PUA-nın eyni vaxtda yalnız bir qeydiyyat sertifikatı ola bilər. Qeydiyyat sertifikatını aldıqdan sonra PUA-nın sahibi məlumat və sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, bu barədə Agentliyə 5 (beş) iş günü ərzində məlumat (bu Qaydaların 3.3-cü bəndinin müddəaları nəzərə alınmaqla) verməlidir. Müraciətə daxil olduğu gündən 15 (on beş) iş günü ərzində Agentlik tərəfindən baxılır və qeydiyyat sertifikatına müvafiq dəyişiklik edilməsi və ya edilməməsi haqqında qərar qəbul edilir. Qeydiyyat sertifikatı üçüncü şəxslərə ötürülə bilməz. PUA-nın sahibi qeydiyyat sertifikatının nömrəsinin PUA-nın üzərində aydın şəkildə əks olunmasını, habelə PUA-nın məsafədən identifikasiya sistemi mövcud olduqda qeydiyyat sertifikatının nömrəsinin bu sistemə yüklənməsini təmin etməlidir. Qeydiyyata alınmış PUA-ya modifikasiya edilə bilməz. PUA-nın sahibi qeydiyyat sertifikatının etibarlılıq müddətinin bitməsinə ən azı 30 (otuz) iş günü qalmış bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq PUA-nın təkrar qeydiyyata alınması üçün Agentliyə müraciət etməlidir.
PUA-nın sahibi qəbul olunan qərardan və ya hərəkətlərdən (hərəkətsizlikdən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
Açıq məkanda həyata keçirilən PUAS əməliyyatları xüsusiyyətlərindən və potensial olaraq yarada biləcək risklərdən asılı olaraq aşağıdakı kateqoriyalara bölünür:
- “A” kateqoriyası – bu kateqoriyaya aid PUAS əməliyyatının həyata keçirilməsi üçün yalnız qeydiyyat sertifikatının və pilot (operator) şəhadətnaməsinin alınması tələb olunur;
- “B” kateqoriyası – bu kateqoriyaya aid PUAS əməliyyatının həyata keçirilməsi üçün qeydiyyat sertifikatının və pilot (operator) şəhadətnaməsinin, eləcə də əməliyyat icazəsinin və ya istismarçı sertifikatının alınması tələb olunur.
PUAS əməliyyatının “A” kateqoriyasına aid edilməsi üçün aşağıdakı şərtlər təmin edilməlidir:
- əməliyyat aşağıdakılara malik PUA ilə həyata keçirilməlidir:
- maksimal qalxma kütləsi 0,25 kq-dən yuxarı və 25 kq-dən az olan;
- yalnız elektrik enerjisi ilə qidalanan;
- PUA-nın və onun məsafədən idarə edilməsi üçün avadanlığın enerji səviyyəsini davamlı şəkildə izləmək və onun aşağı həddə çatması barədə pilota (operatora) xəbərdarlıq etmək imkanına malik olan;
- maksimal qalxma hündürlüyünün yuxarı həddi 120 metrə qədər olan və ya pilot (operator) tərəfindən 120 metrə qədər hündürlük həddi təyinetmə imkanı verən sistemlə təchiz olunan;
- PUA və onun məsafədən idarə edilməsi üçün avadanlığı arasında rabitənin itirilməsi zamanı rabitəni bərpa etmə, yaxud avtomatik eniş imkanlarına malik olan;
- coğrafi zonanı təyinetmə funksiyası ilə təchiz olunan;
- məsafədən identifikasiya sistemi ilə təchiz olunan;
- uçuş zamanı PUA yer səthindən maksimum 120 metr hündürlükdə saxlanılmalıdır;
- uçuş zamanı PUA ilə PUAS əməliyyatının iştirakçısı olmayan şəxs arasında məsafə 30 metrdən az olmamaq şərtilə, PUA-nın yer səthindən hündürlüyü qədər saxlanılmalıdır;
- uçuş zamanı “məni təqib et” rejimi aktivləşdirildikdə, PUA və pilot (operator) arasındakı məsafə 50 metrdən çox olmamalıdır;
- PUA insanların toplaşdığı (izdihamlı olduğu) yerin üzərindən uçurulmamalıdır;
- PUA “məni təqib et” rejimində olmadıqda, pilot (operator) uçuş zamanı hər hansı əlavə müşahidə avadanlığından istifadə etmədən PUA ilə birbaşa, fasiləsiz vizual əlaqə saxlamalıdır;
- uçuş zamanı pilot (operator) PUA-nı özündən elə bir məsafədə saxlamalıdır ki, PUA-nı aydın görərək onunla maneələr arasındakı məsafəni düzgün qiymətləndirməlidir;
- PUA təhlükəli yüklərin daşınması üçün istifadə edilməməli, habelə uçuş zamanı PUA-dan hər hansı yük atılmamalıdır;
- uçuşlar gündüz vaxtı və açıq hava şəraitində keçirilməlidir;
- pilot (operator) eyni zamanda yalnız bir PUA-nı idarə etməlidir;
- uçuş zamanı pilot (operator) hərəkət edən nəqliyyat vasitəsində olmamalıdır.
PUAS əməliyyatı bu Qaydalarda qeyd olunan şərtlərin hər hansı birinə cavab vermədikdə “B” kateqoriyasına aid edilir və yalnız qeydiyyat sertifikatının və pilot (operator) şəhadətnaməsinin, həmçinin əməliyyat icazəsi və ya istismarçı sertifikatı əsasında həyata keçirilir.
Tam qapalı məkanda həyata keçirilən PUAS əməliyyatları heç bir kateqoriyaya aid edilmir. Bu cür PUAS əməliyyatının keçirilməsi üçün yalnız qeydiyyat sertifikatının mövcud olması yetərlidir