Diplomlu manqurt: gözəl sözlərin arxasında gizlənən xəyanət haqqında

Kifayət qədər məşhur bir ictimai xadimin “Facebook” səhifəsində etdiyi son paylaşımı bu yazının yazılması üçün səbəb oldu.
Yazıda müəllif, Azərbaycanda təhsilin gələcəyi haqqında düşüncələrini bölüşərkən (dövlət hesabına rus dilində təhsilin dayandırılması təklifləri kontekstində), rus dilini mədəniyyətin yeganə platforması adlandırdı və müstəqil Azərbaycan yoluna açıq-aşkar nifrətini ifadə etdi.
Təəccüblü məqam isə budur ki, bu mövqe bir tərəfdən Azərbaycan ictimaiyyəti nümayəndələrinin qəzəbinə səbəb oldusa da, digər tərəfdən ötən əsrin ikinci yarısında mövcud olmuş çoxmillətli (yarı-erməni?) Bakı üçün darıxan müəllifin çoxsaylı həmfikirlərinin qəlblərində əks-səda tapdı.
İndi isə gəlin bütün bunlar haqqında daha ətraflı danışaq... çünki belə təhlükəli fikirlər dərin mülahizə tələb edir. Axı bu sadəcə bir fikir deyil. Bu bir simptomdur.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında öz torpağının taleyi haqqında azacıq düşünən hər bir insan üçün izaha ehtiyacı olmayan bir epizod var. Manqurt - yaddaşsız, keçmişsiz, köksüz bir insandır. O, sadəcə kim olduğunu unutmayıb. Onu unutmağa məcbur ediblər. Onun beynindən hər şeyi siliblər - dilini, mədəniyyətini, adını. Ondan itaətkar, sakit, sözəbaxan bir insan düzəldiblər. O, öz millətindən uzaqlaşıb, özgə iradəsinin alətinə çevrilib, bununla belə, öz faciəsini bir an belə dərk etmir.
Aytmatov bu obrazı xəbərdarlıq kimi yazmışdı. Biz isə, təəssüf ki, onun real təcəssümləri ilə qarşılaşırıq.
Yuxarıda haqqında bəhs etdiyim, müstəmləkə sayıqlamasını yayan paylaşım - yeni manqurt nümunəsinin klassik manifestidir. Bu dəfə o, mədəniyyət iddiası ilə, rus klassiklərindən sitatlarla, təkəbbürlü intonasiya və bəyənilmək cəhdi ilə çıxış edir. Heç nə dəyişməyib - əvvəlki kimi “maarifçilik” donu geyindirilmiş köhnə qulluqçu instinkti.
Onun təlqin etmək istədiyi fikir isə çox sadədir: Rusiyasız Azərbaycan heç nədir. Malik olduğumuz yaxşı nə varsa, Rusiya imperiyası sayəsində əldə etmişik.
Bütün pis şeylər - bizimdir. Qaranlıq saçan, çirkli, saqqallı hər şey özümüzünküdür. Özgənin malik olduğu hər şey isə parlaq, hamar və sivildir.
Bu zərif ifadələrin arxasında bəsit mahiyyət gizlənib: özününkünə nifrət, sahibinə səcdə hissi.
Bu, mövqe deyil. Bu, siyasi və mental sürünmədir. Bu, bizim yetkin xalq, yetkin mədəniyyət və yetkin dövlət olmadığımızı hiss etmək istəyidir. Biz yalnız rus dili vasitəsilə, “böyük qardaşın” razılığı, özgə bayrağının xeyir-duası ilə özümüzü az da olsa yetkin hiss edə bilərik.
Diqqətəlayiq əsas məqam isə bu alçalma ritualının “təhsilin keyfiyyəti uğrunda mübarizə” adı altında təqdim edilməsidir.
Pafoslu çıxış, Tolstoya, Dostoyevskiyə, Nabokova (halbuki, o da öz əsas əsərlərini, o cümlədən “Lolita”nı rus dilində yazmayıb) istinadlar və guya “gələcəyin qayğısına qalma” arxasında gizlənmək necə də rahatdır. Əslində bunların arxasında yenə də eyni köhnə imtiyazlar, “öz” kastasındakı ənənəvi mövqe uğrunda mübarizə - “bunlardan” bir az yuxarıda, vaxtilə tankları və statusu olanlara bir az daha yaxın olmaq istəyi dayanır.
Cəmiyyət gələcəyə doğru dönərkən, ölkə öz ayaqları üzərində durmağı öyrənərkən, “beşinci kolon” gözlərində parıltı ilə bizə sürünməyin nə qədər yaxşı olduğunu sübut etməyə çalışır. Onlar - təkcə təhrif olunmuş optikanın daşıyıcıları deyil.
Onlar - sistem xətasıdır. Onların vəzifəsi - millətin özünəinamını sarsıtmağa nail olmaqdır. Biz daim özümüzünkünü deyil, özgəninkini xatırlayaq. Qurmayaq, müqayisə edək. İnanmayaq, şübhə edək.
Onlar 100 il əvvəlki sələflərinin yolu ilə gedirlər. 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti parlamentini “tarixi şəraitə”, “sivil seçimin zəruriliyinə” və “xalqın yorğunluğuna” istinad edərək təslim olmağa məcbur edənlərin yolu ilə. Hər şey eynidir. Heç nə dəyişməyib. O zaman da, bu gün olduğu kimi, əsl səbəb azad olmaq bacarığının - və ya istəyinin - olmamasında, məsuliyyətdən qorxmaqda idi.
Səbəb sahibdən asılı olmaq istəyində idi.
Şərt deyil ki, manqurt qul kimi görünsün. O, ziyalı - mühəndis, memar, jurnalist və ya publisist ola bilər. O, gözəl danışa, mühakimələr yürüdə, mədəniyyətə istinad edə bilər. Lakin onun hər sözündə öz torpağına nifrət varsa, hər arqumentinin arxasında səni yenidən nəzarət altına almaq istəyi varsa, - bu artıq mədəni mübahisə deyil. Bu, zərif leksika arxasında gizlənən xəyanətdir.
Bu gün hər şeyi öz adı ilə adlandırmaq lazımdır. “Beşinci kolon” - nitq fiquru deyil. Bu, konkret mətnləri və konkret missiyası olan konkret insanlardır. Onlar istəyirlər ki, biz onlarsız və onların sevimli “sivilizasiyası” olmadan heç kim olduğumuza yenidən inanaq.
Onlar yanılırlar.
Bizim dilimiz var. Bizim xalqımız var. Bizim mübarizə və böyük Zəfərlərlə zəngin tariximiz var.
Bizim mübarizəmiz davam edir. Bu mübarizə təkcə cəbhədə deyil, həm də şüurlarda gedir. Öz dilini, mədəniyyətini, kökünü müdafiə edən hər kəs - artıq bu döyüşün bir parçasıdır. Bu döyüş bizi geriyə qaytarmaq istəyənlərə qarşıdır.
Bu mübarizədə manqurtlara yer yoxdur.
Onların vaxtı keçdi.
Amma skrinşotlar qaldı. Yaddaşımız da.
Sevil Şirvanşir
Məqalə müəllifin şəxsi fikrini əks etdirir.