150 illik tarixi olan söz: “Əkinçi”dən informasiya zəfərinədək

Müəllif: 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova
O, sadə bir masanın arxasında əyləşib mətnə son düzəlişlər edirdi.
Ərəb əlifbası ilə yazılmış sözlər sadə kəndli üçün anlaşılan idi. O bilirdi ki, bu sətirlər adi qəzet məhfumundan daha üstündür. Bu, xalqın oyanışına doğru ilk addım idi.
Beləliklə, Həsən bəy Zərdabi 1875-ci ildə Azərbaycan dilində ilk qəzet olan "Əkinçi"ni nəşr etməyə başladı.
Həmin vaxt o bilmirdi ki, bundan bir əsr yarım sonra onun işini kameralar, dronlar və mikrofonlarla təchiz olunmuş, öz ölkəsi haqqında həqiqətləri dünyaya çatdırarkən həyatlarını riskə atan insanlar davam etdirəcəklər.
Bu il Azərbaycan iki mühüm tarixi - milli mətbuatın yaradılmasının 150 illiyini və İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərin 5 illiyini qeyd edir. Arasında böyük zaman fərqi olan bu hadisələri sözün gücü, həqiqətə inam və milli maraqlara xidmət birləşdirir.
Yolun başlanğıcı: sözün maarifçiliyin silahına çevrildiyi zaman
Millətlərin oyandığı, sözün isə maarifçiliyin silahına çevrildiyi XIX əsrin ortalarında Cənubi Qafqazın qəlbində sakit, lakin parlaq ocaq qalandı. Bu ocaq Azərbaycan milli mətbuatı idi! Bu ocağın işığı, adını tarixə Azərbaycanda jurnalistikanın banisi kimi əbədi həkk etdirmiş, maarifçi, mütəfəkkir və vətənpərvər Həsən bəy Zərdabinin qələmindən gəlirdi.
22 iyul 1875-ci ildə Bakıda “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Bu, sadəcə Azərbaycan dilində çap olunan ilk nəşr deyil, mədəni və milli oyanış idi. Zərdabi sadə xalq üçün anlaşılan, ən əsası isə - doğma dildə yazır, maarifçilik, təhsil, əxlaq və sosial inkişaf mövzularını qaldırırdı. O, biliyin əlçatan, sözün isə təsirli olmasını arzulayırdı.
Təhsilin imtiyaz, senzuranın isə norma olduğu bir dövrdə, “Əkinçi” düşüncə azadlığına doğru cəsarətli bir addım oldu. Onun səhifələri insan hüquqlarından, elmin əhəmiyyətindən, millətin taleyindən danışır - və bunu təkəbbürsüz, oxucuya hörmətlə edirdi.
Qəzet cəmi iki il mövcud olsa da, sonradan hər biri dövrün ruhunu öz tərzində əks etdirən “Ziya” və “Kəşkül”dən “Molla Nəsrəddin”ə qədər çoxsaylı qəzet, jurnal və ədəbi almanaxlar şəklində çiçəklənəcək milli mətbuatın təməlini qoymağa müvəffəq oldu.
Azərbaycanın ilk jurnalistləri sadəcə mətn müəllifləri deyildilər - onlar siyasi təzyiq və sosial mühafizəkarlığın ən çətin şəraitində fəaliyyət göstərən maarifçilər, islahatçılar, sözün əsl mənasında “xalqın səsi” idilər. Onların təkcə çap mətbuatına deyil, həm də ictimai şüurun formalaşmasına töhfəsi əvəzsizdir.
Bir əsr yarım ərzində Azərbaycan mətbuatı ilk çap vərəqlərindən müasir multimedia platformalarına qədər uzun bir yol keçdi. Müxtəlif dövrlərdə o, ictimai fikrin meydanı, maarifləndirmə və siyasi mübarizə aləti oldu. KİV-in rolu xüsusilə taleyüklü hadisələr zamanı parlaq şəkildə özünü göstərirdi.
Bir əsr yarım uzunluğunda yol
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan jurnalistikası yüksək peşəkarlıq nümayiş etdirdi. Reportajlar, feyklərin ifşası, obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması - bütün bunlar hərbi zəfərin ayrılmaz parçası olan informasiya zəfərinin bir hissəsinə çevrildi. Jurnalistlər həqiqətləri dünyaya çatdırmaq üçün “döyüş əməliyyatları”nın informasiya zonasında idilər.
Bu gün, Zəfərdən beş il sonra, mətbuat azad edilmiş ərazilərin bərpası, qəhrəmanların həyatı, yeni Qarabağ reallığının qurulması haqqında məlumat verməyə davam edir. Media həmçinin başqa bir mühüm bir funksiyanı da yerinə yetirir: Azərbaycanın təkcə ərazi bütövlüyünü deyil, həm də tarixi ədaləti bərpa etdiyini dünya ictimaiyyətinin nəzərinə çatdırır. 2021-2024-cü illərdə yüzlərlə jurnalist dövlət qurumları tərəfindən təşkil edilmiş mediaturlar çərçivəsində azad edilmiş torpaqlarda olub və hər şeyi öz gözləri ilə görmək şansı əldə ediblər.
Azərbaycan jurnalistikasının 150 illiyi - sadəcə yubiley deyil, onun aktuallığının və cəmiyyətə xidmət etmək qabiliyyətinin təsdiqidir. Formatlar, texnologiyalar və çağırışlar dəyişsə də, xalqın və həqiqətin səsi olmaq missiyası dəyişməz olaraq qalır.
Sözün gücünə inanan Prezidentin dəstəyi
O, təkcə mətbuatı oxumur - o, mətbuatla danışır. İnformasiya dünyası dəyişir. Prezident də bunu anlayır. Məhz bu səbəbdən 2021-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Bu agentlik nəzarətçi kimi deyil, yeni media landşaftının memarı kimi yaradılmışdır.
Agentlik müstəqil redaksiyaları dəstəkləyir, rəqəmsallaşmanı təşviq edir, jurnalistlərin savadlılığının artırılması istiqamətində addımlar atır, auditoriyanı feyk xəbərlərdən qoruyur.
Agentliyin yaradılması rəqəmsal dövrün yeni çağırışlarına cavab və media mühitinin institusional gücləndirilməsinə doğru atılmış addım oldu.
Mətbuat cəmiyyətin güzgüsüdür. Dövlətin jurnalistikaya münasibəti necədirsə, onun azadlıq, missiya və təsir səviyyəsi də elədir.
Azərbaycanda mətbuat təkcə güzgü deyil, həm də projektordur: o, yolu işıqlandırır, suallar verir, cavablar tələb edir.
Uzun illər, Prezident İlham Əliyev milli jurnalistikanın inkişafına xüsusi diqqət ayırır. Bu, özünü təkcə bəyanatlarda deyil, həm də konkret addımlarda göstərir.
Prezidentdən sitat: “Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir”.
Tariximizin ən mühüm mərhələlərini təkcə xatırlamamalı, həm də dərk etməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illiyinin təntənəli şəkildə qeyd edilməsi haqqında Sərəncam imzaladı - bu hadisə ölkənin mədəni və ictimai-siyasi irsinin ayrılmaz hissəsinə çevrildi. Bu gün, bir əsr yarım sonra, dövlət bu böyük irsə hörmətlə yanaşır, ölkənin taleyində azad, məsuliyyətli və yaradıcı jurnalistikanın rolunu qabardır.
Prezidentin bu qərarı sadəcə rəsmiyyət deyil, əsl mesajdır: jurnalistika cəmiyyətin ən vacib institutu, xalqın səsi və zamanın vicdanı olaraq qalmaqdadır.
Şuşa media forumu: Azərbaycan jurnalistikası üçün yeni mərhələ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qarabağın tarixi mərkəzi olan Şuşa şəhərində iki dəfə eyniadlı media forumu keçirilib. Bu böyük hadisə təkcə media ictimaiyyətinin peşəkar görüşü deyil, həm də milli mətbuatın inkişafındakı yeni dövrün simvoludur.
Aparıcı jurnalistləri, redaktorları, media ekspertlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən tədbir, kütləvi informasiya vasitələrinin gələcəyi, rəqəmsal əsrin çağırışları və münaqişədən sonrakı cəmiyyətin transformasiyasında mətbuatın rolu haqqında müfəssəl dialoq üçün platformaya çevrildi.
Tədbirin keçirilmə məkanı kimi Şuşanın seçilməsi də təsadüfi deyil. Azadlığa qovuşduqdan sonra yenidən dirçəldilmiş və Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhər, milli dirçəlişin, birliyin və mənəvi gücün parlaq təcəssümüdür.
Prezident İlham Əliyevin forumun Şuşada keçirilməsi ilə bağlı təşəbbüsü təkcə media sahəsinə diqqətin sübutu deyil, həm də Zəfərin intellektual və informasiya miqyasını gücləndirmək istəyinin əlamətidir. Bu, ləyaqət və məsuliyyətlə deyilmiş sözün hər hansı silahdan heç də zəif olmadığının göstəricisidir.
Şuşa media forumu müasir jurnalistikanın birləşdirmək, ruh yüksəkliyi yaratmaq və gələcəyə xidmət etmək qabiliyyətinin nümunəsidir.
Mətbuat - dövlətin güzgüsüdür
Jurnalistika təkcə hadisələri əks etdirmir - o, ictimai rəyin formalaşmasına kömək edir, birliyi möhkəmləndirir, vətəndaş cəmiyyətinin potensialını açır. Bu baxımdan mətbuat dövlətin güzgüsüdür. Bu güzgü millətin gücünü və yetkinliyini əks etdirir.
Hibrid təhdidlər, rəqəmsal feyklər, təbliğat xarakterli hücumlar şəraitində KİV-in rolu yalnız artmaqdadır. Bu gün jurnalistlərdən təkcə məlumat təqdim etmək deyil, həm də məsuliyyət, “fact-checking” və peşəkar etika tələb olunur.
Müasir Azərbaycan jurnalistikası dərin transformasiyalar dövründən keçir. Bir tərəfdən, rəqəmsal texnologiyaların inkişafı KİV qarşısında yeni üfüqlər açıb - onlayn nəşrlərin sayının artması, sosial şəbəkələrdə aktivlik və multimedia formatları məlumatı geniş auditoriya üçün daha əlçatan edir. Jurnalistlər yeni platformalara uyğunlaşaraq ölkənin müasir media mədəniyyətini formalaşdırırlar.
“Güclü mətbuat - güclü dövlət” formulu Azərbaycanın real təcrübəsini əks etdirir.
Azərbaycan mətbuatının yubileyi - təkcə qürur mənbəyi deyil, həm də “Əkinçi”dən rəqəmsal dövrə qədər keçilmiş yola yenidən nəzər salmaq imkanıdır.
Bugünkü jurnalistlərin üzərinə ikiqat məsuliyyət düşür, onlar həm ötən illərin ənənələrinin qoruyucuları, Həsən bəy Zərdabinin varisləri, həm də rəqəmsal dövrün yaradıcılarıdır. Onlar ölkənin salnaməsini yazırlar. Bu salnamə mürəkkəblə deyil, ekranların işığı və dünyanın hər guşəsində eşidilən canlı sözlə yazılır.
Zəfərin 5 illiyini, Sözün isə 150 illiyi qeyd etdiyimiz bir zamanda Azərbaycan jurnalistikası yenidən öz əsas təyinatını təsdiqləyir. Təyinatımız cəmiyyətin vicdanı və həqiqətin carçısı olmaqdır.