“150 sözlə” - jurnalistikada qadın olmaq | 1news.az | Xəbərlər
Köşə

“150 sözlə” - jurnalistikada qadın olmaq

12:02 - Bu gün
“150 sözlə” - jurnalistikada qadın olmaq

Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş xüsusi layihə.

2025-ci il Azərbaycan milli mətbuatının 150 illiyidir. Bu əlamətdar tarix münasibətilə ərsəyə gələn “150 sözlə - jurnalistikada qadın olmaq” layihəsi bu gün medianı formalaşdıran, sözü ilə cəmiyyətə təsir edən qadınlara həsr olunub.

Bu layihədə yazan, redaktə edən, yön verən, ekran və kadr arxasında olan qadınlar var. Onların hər biri təkcə jurnalist yox, həm də ana, övlad, həyat yoldaşı, rəhbərdir. Onlar evlə işin, şəxsi həyatla peşəkar məsuliyyətin arasında incə, amma möhkəm bir körpü qururlar.

“Sizin üçün jurnalistikada qadın olmaq nə deməkdir?” – bu sualı onlara ünvanlandırıb 150 sözlə ifadə etməyi xahiş etdik.

Bu layihədə hər söz - bir hiss, hər cümlə - bir həyat hekayəsidir.

🪶🌸Kəmalə Məmmədova, 1news.az saytının baş redaktoru:

Qadın. Ana. Baş redaktor.

Həm evin işığını yandırırsan, həm cəmiyyətin aynası olursan. Jurnalist qadın olmaq - ikiqat güc deməkdir.

Bir tərəfdən övladının dərsinə kömək edirsən, o biri tərəfdən xəbərləri izləyirsən. Bayramda da, istirahət günündə də sən işdəsən - çünki xəbər gözləmir.

Daxilində daim bir tarazlıq axtarırsan: qadın kimi hiss etmək, jurnalist kimi soyuqqanlı qalmaq.

Sözlər sənin üçün - məsuliyyətdir. Sən yazdığın hər sətirdə kiminsə səsinə çevrilirsən.

Mediada qadın olmaq - görünməyən bir qəhrəmanlıqdır. Və biz hər gün bu qəhrəmanlığı səssiz, lakin qətiyyətlə yaşayırıq.

Ağlamaq istədiyin anlarda da özünü saxlayırsan. Güclü olursan, amma sərtləşmədən. Xəbərləri izləyirsən, amma həssaslığını itirmədən.

Daim nəyisə qurban verirsən. Bəzən özünü. Amma şikayət etmirsən. Çünki bilirsən: gördüyün iş önəmlidir.

150 illik yolun bir hissəsi olduğum üçün qürur duyuram.

Hörmətli həmkarlar, kiçik layihəmdə iştirakınıza görə hər birinizə dərin təşəkkürümü bildirirəm.

Bu peşənin nə qədər çətin, məsuliyyətli olduğunu və fədakarlıq tələb etdiyini biz - qadın jurnalistlər çox yaxşı anlayırıq. Hər gün həm ana, həm həyat yoldaşı, həm də peşəkar olmaq, bütün sahələrdə balans yaratmaq asan deyil. Biz həm gücük, həm də dəstəyik. Bir-birimizin səsini eşitməli və bir-birimizə dayaq olmalıyıq.

Bu layihə sizin hər birinizin daxili gücünüzün, peşəkarlığınızın və qadın kimi varlığınızın bir simvoludur.

🪶🌸Vüsalə Mahirqızı, APA Media Group-un baş direktoru:

Mən 1996-ci ildə universitetə daxil olmuşam. Onda ixtisas seçimi ali məktəbə qəbul imtahanından əvvəl edilirdi. Anamla günlərlə ixtisas seçimindəki sıralamanı müzakirə etdik. Mənim israrım - I sırada jurnalistika fakültəsini yazmaq idi, onun israrı isə filologiya fakültəsi...

29 il əvvəl anamın arqumenti məni inandıra bildi: “Qadınsan, həyat şərtlərin jurnalist kimi çalışmağa imkan verməz. Onda rahatlıqa müəllim işləyəcəksən. Savadlı filoloq yaxşı jurnalist olar, amma yaxşı jurnalist istəsə belə müəllim işləyə bilməyəcək”.

Filologiya fakültəsini seçdim, amma jurnalist kimi çalışmağa başladım.

Azərbaycanda fəaliyyətə başladığı gündən gündəlik nəşr olunan ilk siyasi qəzetin baş redaktoru olanda 21 yaşım vardı. Ağır siyasi proseslərin içində çox az təcrübə ilə uzun illərin siyasətçi-redaktorları ilə yarışdım və bacardım. Şərtləri dəyişirdik...

Qızım anadan olandan 2 həftə sonra onu baxıcıya əmanət eləyib işə qayıdanda anamın səsi qulaqlarımda idi...

Uzun illər Mətbuat Şurası İdarə Heyətində tək qadın oldum.

21 ildir ki, ölkəmin və Cənubi Qafqazın nüfuzlu media qruplarından birinin rəhbəriyəm.

...Həyat şərtlərini dəyişmək olur!

🪶🌸Aynur Camalqızı, “Teleqraf” media qrupunun rəhbəri:

Azərbaycanda jurnalist olmaq, üstəlik, qadın jurnalist olmaq həm peşəkar, həm də şəxsi mənada çoxqatlı bir məsuliyyət deməkdir.

Təbii ki, “aslanın erkəyi, dişisi olmaz” deyirlər. Amma Azərbaycanda qadın jurnalistlər hələ də bəzi stereotiplərlə qarşılaşırlar. Cəmiyyətin müəyyən hissəsi qadının “ev və ailə” ilə məhdudlaşmasını gözlədiyi üçün qadının ictimai və media sahəsində aktivliyi bəzən qınanıla bilər. Qadın jurnalistlər bəzən açıq-saçıq mövzuları işıqlandıranda daha çox tənqid və sərt reaksiyalara məruz qala bilirlər. Bəzi hallarda peşəkar mühit və gender bərabərsizliyi müşahidə olunur.

Redaksiyalarda rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir.

Amma təbii ki, qadın jurnalistlərin yüksəlməsi üçün kifayət qədər imkanlar və şərait var və bunun üçün onların daha çox çalışmaları lazımdır. Məncə, qadınların üstün olduğu kollektivlər daha güclü və ədalətli olur. Sevindirici haldır ki, son illərdə Azərbaycanda cəsarətli, müasir yanaşmalı və müstəqil düşüncəli qadın jurnalistlərin sayı artmaqdadır.

Sosial media və onlayn platformalar qadın jurnalistlərə yeni tribuna və azadlıq verir. Azərbaycanda qadının jurnalist olması həm də ictimai mövqedir, cəmiyyətə güzgü tutmaqdır və bəzən şəxsi həyatından belə keçərək həqiqətləri göstərmək deməkdir. Bu yol çətin olsa da, çox şərəfli və cəmiyyət üçün vacibdir.

Bütün həmkarlarımı təbrik edir, böyük uğurlar arzu edirəm!

🪶🌸Aytəkin Alxaslı, Bizim.Media saytının əməkdaşı:

“Körpə tinglər”dən başlayan 43 illik “Əkinçi”yolum...

Əsası ölməz Həsənbəy Zərdabinin “Əkinçi”silə qoyulan milli mətbuatımızın 150 illiyi ərəfəsində söz demək məsuliyyəti, söz demək şərəfi mənə də nəsib olduğu üçün xoşbəxt sayıram özümü. Elə bu məsuliyyət, deyəcəyim söz yükümün məsuliyyəti məni nə az, nə çox, düz 43 il əvvələ apardı. Həmin vaxt Şəkinin Kiçik Dəhnə kənd məktəbinin 7-ci sinif şagirdi kimi, “Azərbaycan pioneri” qəzetində “Körpə tinglər” sərlövhəli yazım işıq üzü görmüşdü. Elə yaxşı xatırlayıram ki, o günü. Qəzetdə imzamı görüb o qədər sevinmişdim ki... Dünyanın xoşbəxti idim ilk mətbu yazımın dərc olunması ilə. Bu da təbii idi. Jurnalist olmaq, “Əkinçi” yolunu getmək arzusuna da o vaxtdan düşmüşdüm axı. Dünya boyda olan sevincim çırpınırdı köksümdə.

Aradan illər ötdü, orta məktəbi bitirdim, dalbadal 7 il qəbul imtahanı verib jurnalistika fakültəsinə qəbul oldum.Və düz 38 ildir ki, “Əkinçi” yolundayam. Düz 38 ildir həm söz azadlığımı, həm söz demək azadlığımı və Aytəkin Alxaslı olmaq azadlığımı qorumaqdayam! Missiyamdan elə xoşbəxtəm ki...

🪶🌸Anastasiya Lavrina, Telejurnalist, sənədli filmlər müəllifi (AnewZ TV):

Bəziləri həkim olur ki, həyat qurtarsın. Mən isə jurnalistikanı seçdim - görünməyənləri görünən etmək, susanların səsinə çevrilmək üçün.

Bu peşə mənim üçün sadəcə bir iş deyil – vicdanın, məsuliyyətin və həqiqətin səsidir. Hər insanın bir hekayəsi var. Bəzən bu hekayələr illərlə eşidilmir, unudulur, görməzliyə vurulur. Amma doğru zamanda danışılan bir hekayə cəmiyyətdə dəyişiklik yarada bilər.

Münaqişə bölgələri, ucqar kəndlər, qaçqın düşərgələri... Mən ora gedirəm. Ora, sükutun çığlığa, ağrının sözə çevrildiyi yerlərə. Çünki həqiqət oradadır və onu çatdırmaq bizim - jurnalistlərin - borcudur.

“Bu qadın işi deyil” deyənlər də olur. Amma mən susmuram. Səsi eşidilməyənlər üçün danışmaq mənim yolumdur.

Söz dəyişir. Hər reportaj - bir çağırışdır. Dəyişiklik bəzən bir cümlə ilə başlayır. Mən o cümləni yazmaq üçün buradayam. Çünki bu, sadəcə cəsarət deyil. Bu, insanlıq məsələsidir.

🪶🌸Xəyalə Rəis, Moderator.az saytının baş redaktoru:

Həyatla mübarizəm doğulduğum gündən başladı. Qadın olaraq bu cəmiyyətdə dünyaya gəlmək, həyata 1:0 geridən başlamaq deməkdir. Uşaq yaşlarımdan “Qız uşağı belə danışmaz”, “Haqqını tələb etmək ayıbdır”, “Sus”, “Səsini kəs” kimi sözlərlə böyüdüm. Üçüncü sinifdən gündəlik yazmağa başlayırdım və həmin gündəlikdə 10 yaşlı Xəyalənin arzusu böyüyəndə jurnalist olub qadınların haqqını müdafiə etmək olduğunu bu yaxınlarda oxuyanda çox duyğulandım. Bu gün tanınan bir jurnalist kimi o arzunu reallaşdırdığım üçün ilk növbədə özümə minnətdaram. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Ailəmizdə incəsənət adamı olmadığı üçün bu seçimim birmənalı qarşılanmadı. Nəsildə “qadın jurnalist olmaz” deyənlərə rəğmən yoluma davam etdim. Vaxtilə seçimimə görə ailənin “üz qarası” hesab edilsəm də bu gün nəinki ailəmin, hətta doğulduğum bölgənin fəxriyəm. Uşaqlıq arzuma sahib çıxdıqdan sonra həyatım dəyişdi. Bu gün media rəhbəri olduğum üçün o, 10 yaşlı Xəyaləyə təşəkkür edirəm.

🪶🌸Nigar Abbasova, redaktor, APA.az:

Jurnalist qadın olmaq nə deməkdir?

Jurnalist qadın olmaq - gündəmin içində yaşamaq, sükuta söz, gerçəyə güzgü tutmaqdır. Mən həm ölkənin əsas xəbər agentliyində redaktor kimi informasiya cəbhəsində yer alıram, həm də evimin qadını, üç övladımın anasıyam. Onların təhsili, tərbiyəsi, gələcəyi üçün hər gün çalışıram. 22 ildir səhərdən axşama qədər peşəkar məsuliyyət, 18 ildir axşamdan gecəyə qədər ana qayğısı daşıyıram. Hər xəbərdə soyuqqanlı, evdə isə qayğıkeş olmaq məcburiyyətindəyəm.

Jurnalist qadın olmaq həm də cəmiyyətə faydalı şəxsiyyət, nümunə olmaq deməkdir. Sözlə silahlanıb ədaləti qorumaq, eyni zamanda övlad baxışında sevinc, əminlik yaratmaqdır. Bu ikili missiya yorucu olsa da, qürurvericidir. Çünki hər iki sahədə gələcək qurulur - biri informasiya ilə, digəri isə sevgi ilə. Həm peşəmə, həm analığa olan sevgim həyatımın mənasıdır.

Bu, mənim həyatımın reallığı, gücümün izahıdır.

🪶🌸Cəmilə Ələkbərova, Media.az portalının direktoru-baş redaktoru:

Qadın jurnalist olmaq evin istiliyi ilə redaksiya təlaşının, yaxınlarına qayğının və sərt “deadline”- in, duyğuların dərinliyinin və faktların şiddətinin bir-birinə qarışdığı incə bir xətt üzərində tarazlığın incə sənətidir.

Bu, 24/7 işdir, hətta yatanda belə, hələ də “online” olursan: yazırsan, redaktə edirsən, oxuyursan... səhvin oxucunun etibarını itirə biləcəyini bilərək...

Bu peşədə olan qadın mətanəti, səbri və harmoniyanı təcəssüm etdirir - hətta mümkünsüz görünən ən çətin anlarda belə. Mənim üçün söz sadəcə vasitə deyil, böyük məsuliyyətdir. Jurnalistika sadəcə bir sənət deyil, həm də eşitmək, dürüstlüyü qorumaq və ədaləti təcəssüm etdirmək imkanıdır.

İşləyirsən, müsahibə götürürsən, mətnləri redaktə edirsən, redaksiyanı idarə edirsən... Eşitməyi də, eşidilməyi də bilirsən. Və hər dəfə yeni mətn yazmağa başlayanda bilirsən: təkcə fikirlərə deyil, həm də insanların taleyinə təsir edən hekayələr yaradırsan.

Bayramınız mübarək, əziz həmkarlar! Qoy işiniz sizə sevinc bəxş etsin, sözləriniz həmişə oxucuların qəlbində öz əksini tapsın.

🪶🌸Ramella İbrahimxəlilova, jurnalist, redaktor, Minval.az:

Hüquqşünas jurnalist və üç uşaq anası olmaq iki gərgin, lakin çox vacib dünya arasında hər gün tarazlıq yaratmaq deməkdir.

Mən bir jurnalist kimi cəmiyyətin ən qaranlıq tərəflərinə baxıram, ağrı, zorakılıq, ədalətsizliklə qarşılaşıram - empatik olmağı öyrənirəm, amma peşəkar məsafəni qoruyuram, tez-tez təzyiq altında işləyirəm, bir çox başqa insanların faciələrini, sirlərini içəridə saxlayıram. Bu, soyuqqanlı ağıl, polad iradə və iti ədalət hissi tələb edir.

Mən bir ana olaraq uşaqlarımın dünyasının mərkəziyəm, təhlükəsizliyi, sevgini, sabitliyi təmin edirəm, onlara xeyirlə şər arasındakı sərhədi görməyə öyrədirəm, hətta bu xəttin necə silindiyini özüm də görsəm də. Yorğunluğa, stresə, peşəkar tükənməyə baxmayaraq, həssas, mehriban olmağa çalışıram.

Və bu keyfiyyətlərin vəhdətində daim bir daxili mübarizə yaşayırsan: güclü olmalısan, amma soyuq yox. Dəqiq olmalısan, amma kinayəli yox. Sənin zəifliyə vaxtın yoxdur.

Və bu iki rolu birləşdirə bilsən, düşündüyündən də güclüsən.

🪶🌸Yelena Kosolapova, redaktor, jurnalist, CBC:

Jurnalist olmaq təkcə hadisələri işıqlandırmaq deyil, həm də hər xəbəri ürəyinizlə yaşamaq deməkdir. Bu peşə yüksək məsuliyyət tələb edir: bir diqqətsiz söz ağrıya səbəb ola bilər, münaqişəyə səbəb ola bilər və ya vəziyyəti gərginləşdirə bilər, düzgün və vaxtında seçilmiş söz isə sakitləşə, başa düşməyə və barışmağa kömək edə bilər.

Qadınlar üçün bu mənada bir az daha asandır: təbii empatiya və emosional həssaslıq düzgün sözləri tapmağa kömək edir. Amma jurnalistika heç də “qadın peşəsi” deyil. Bu sahə tam özünü həsr etməyi tələb edir – çünki çox zaman qeyri-standart iş qrafiki, bayram və istirahət günlərində çalışmağı, hər an əlaqədə olmağı və vacib bir müsahibə və ya reportaj naminə şəxsi planlardan imtina etməyə daim hazır olmağı tələb edir.

Bütün bunlar hətta kişilər üçün, peşə və ailə məsuliyyətlərini birləşdirməli olan qadınlar üçün isə daha çətindir. Yalnız o kəslər ki, jurnalistika onlar üçün sadəcə pul qazanmaq yolu deyil, həyat tərzidir, o peşədə uzun müddət qalır. Onlar üçün bu, sadəcə bir iş deyil, daxili çağırışdır - vacib olduğu yerdə olmaq və vacib olanı danışmaq.

🪶🌸Çinarə Nurməmmədova, Departament rəhbəri, aparıcı, ARB 24:

Jurnalist olmaq istədiyini deyən hər bir qadına bu seçim asanlıqla təqdim olunmur. Cəmiyyətin qadına yaraşdırdığı ənənəvi peşələr var. Amma sən içində başqa bir çağırış hiss edirsənsə, onun qarşısında susmamalısan. 600-dən çox bal toplayıb jurnalist olmaq istədiyimi deyəndə ailəmi inandırmağı bacardım ki, bu peşə mənim üçün nə qədər dəyərlidir.

Zaman keçdikcə xəbər həyatımın ən böyük sevgisinə çevrildi, ətrafım da bunun fərqinə vardı. Qəzzada yemək növbəsində dayanan uşaqlar, Ukraynada dağılmış evlər, Suriyada doğulan ümidlər, Türkiyə zəlzələsində dağıntılar altından eşidilən səs, Şuşaya sancılan bayraq... Hər gün 4 saat efirdə bu xəbərləri çatdırarkən onları həm yaşadım, həm də hisslərimi idarə etməyə çalışdım.

Mikrofona titrəməyən səslə danışmaq, xəbəri soyuqqanlılıqla təqdim etmək bu peşənin görünməyən yüküdür. Çünki bir qadın üçün jurnalistikanın etik kodeksi kağızda yazılan qaydalardan daha dərindir. Bu peşə, əslində, onun emosiyaları ilə hər gün baş-başa verdiyi səssiz sınaqdır.

🪶🪶🪶

Bu layihə bir daha göstərdi ki, jurnalistikada qadın olmaq - yalnız peşə sahibi olmaq deyil!

Azərbaycan mətbuatının 150 illik tarixində qadınların izi var. Bu real həyat hekayələridir. Hər biri ayrı bir güc, ayrı bir yol, ayrı bir səbr tələb edir. Qoy bu səslər daha çox eşidilsin. Bayramımız mübarək!

Paylaş:
1089

Son xəbərlər

Bütün xəbərlər