Ürəyi sıxılanlar, huşunu itirənlər... – Bakının getdikcə artan nəqliyyat problemi və onun HƏLLİ

Hazırda Bakı yay fəslinin ən qızmar dövrünü yaşayır.
Lakin məktəb və universitetlərin yay tətilində olmağına, insanların istirahət üçün rayonlara üz tutmağına baxmayaraq, hələ də paytaxtın ictimai nəqliyyatında ürəksıxan basabas müşahidə olunur. Xüsusən, insanların işə gediş-gəliş saatlarında ərşə qalxan statistik xətt bəzi avtobus və qatarlarda kondisionerin olmaması və ya söndürülməsindən yaranan qaynar ab-hava ilə birləşərək qəzəbdən ürəyi od tutub yanan sərnişinlərin hisslərini ifadə edir. Yay tətilində belə vəziyyət bu yerdədirsə, yeni tədris ili başlayanda yaranacaq tünlüyün qarşısı necə alınacaq? Bir insanın sadəcə işə və ya evinə getməyi üçün bu qədər mübarizə aparmaq məcburiyyətində qalmağı nə dərəcədə düzgündür? Daim insanları şəxsi avtomobillərindən az istifadəyə və ictimai nəqliyyata ,çağıran qurumlar bu problemləri necə həll etməyi planlaşdırır? Gələcəkdə sərnişinləri hansı yeniliklər gözləyir?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev nəqliyyatla bağlı görülən işlərdən və gələcək planlardan bəhs edib:
“2024-cü il ərzində “Azərbaycanda mobilliyin transformasiyası proqramı” çərçivəsində yeni fürsətlər yaradıldı, yəni ayrılmış avtobus və mikromobillik zolağı çəkildi ki, bu da avtobusun və mikromobilliyin üstünlüyünü təmin edən bir zolaq şəbəkəsi formalaşdırdı. Qısa zamanda nə etmək mümkündürsə, onu da etdilər. Düşünürəm ki, bunun da davamı gəlməlidir, şəbəkələşmə və şəbəkənin genişlənməsi yönündə işlər daimi olmalıdır. Bu yüngül islahatın bir hissəsir. Bakı şəhərində bir çox səfərlər fərdi nəqliyyatla təşkil olunur və bu fərdi nəqliyyatla daha çox hərəkət edəndə, xüsusən də qısa məsafədə məhdud küçə yol şəbəkəmizin daha da yüklənməsinə gətirib çıxarır. Yeni fürsətlər insanların bu növlərə yönəlməsinə səbəb olur. Bakının rəqəmsal əksi formalaşdırılıb. Bu alət data əsaslı qərarlar verməyə imkan verir. Fərqli mənbələrdən datalar toplanır və axınların qarışmaması, sabit axını təmin etmək və yeni fürsətlər yaratmaq üçün müxtəlif simulyasiyalar edilir. İqtisadi səmərəli olan variantlar seçilərək layihələr icra olunur. Burda təkcə yol infrastrukturu deyil, kompleks halda fərqli hərəkət iştirakçılarını nəzərə alaraq göstərilən həllərdən söhbət gedir. Hazırda Bakıda yol infrastrukturu baxımından yeni layihələr icra olunur. Növbəti 5 il ərzində nəzər alınan müəyyən infrastruktur tikinti layihələri var. Məsələn, Bakıya daxil olmadan yarımdairəvi yolların tikilib istifadəyə verilməsi bunların bir hissəsidir. Həmçinin Bakı şəhərində yeni dövlət proqramına əsasən relsli nəqliyyatın inkişafı da nəzərdə tutulub. Onun da ilkin işlərini artıq görürük. 2030-cu ilə kimi bu işlər mərhələli icra olunacaq.
Avtobus məsələsinə, qayıtsaq, Bakı üçün 2800 avtobus lazımdır. Bu gün isə 2200-ə qədər fəaliyyət göstərir. Avtoparkın yarısı köhnədir. Bu prosesin mərhələ ilə yenilənməsi nəzərdə tutulub”.
Eskpert qeyd edib ki, maliyyə dayanıqlılığını da təmin etmək lazımdır.
“Bunun üçün də yeni biznes modeli, yəni “Brutto müqavilə”lərə keçid mütləqdir. Hər kilometrə görə daşıyıcı subsidiya ediləcək və daşıyıcılar həm avtoparkın yenilənməsində həvəsli olacaq, həm daha peşəkar sürücülərin cəlbi üçün yuxarı maaşların təşkilinə imkan yaradacaq, fərqli bilet paketi (günlük, həftəlik, aylıq, 6 aylıq, bir illik və s.) formalaşacaq, güzəştli qruplar ayrılacaq. Düşünürəm ki, bu məsələ də öz həllini tapmalıdır. Yeni reallıqda daha sürətli transformasiyanı hiss edəcəyik.
Avtobus daha tez hiss olunandır. Mövcud yol şəbəkəsində zolaqlar çəkilir və yeni sifariş olunmuş avtobuslar gətirməklə demək olar ki, bu məsələ həll olunur. Amma digər növlərə yük parçalanmalıdır. Bu bir az mərhələli, yaxın 5 il ərzində, yəni 2030-ci ilədək həyata keçirilməlidir və indiki sərnişin axınının çox hissəsi relsli nəqliyyata – metroya keçməlidir. Yerin altında metro, üstündə tramvay, şəhər ətrafında isə elektrik qatarları olacaq. Bu il hədəf gündəlik 50 min sərnişin daşımaqdırsa, yaxın 5 il ərzində bu sayı 250 minə qədər qaldırmaq nəzərdə tutulub. Bu da ümumi balansın öz aralarında bölünməyinə səbəb olacaq. Əgər indi daha çox yüklənmiş nəqliyyatımız avtobusdursa, bu yük digər relsli növlərə parçalanacaq.
Həmçinin şəhərin zolaqlarında da artan dinamikanı müşahidə edirik. Təkcə icarədə olan velosipedlərlə 500 mindən artıq səfərlər olunub. Digər vacib məqam isə şəhərin daxilindəki piyada infrastrukturudur. İnsanların küçənin əvvəlindən axırına kimi piyada gəzmək imkanı olmalıdır. Bu da dövlət proqramına salınıb. İcra hakimiyyəti orqanlarının büdcəsi hesabına bütün maneələri aradan qaldırmalı, rəvan keçidi təşkil etməli, AYNA isə NİİM ilə müştərək şəkildə qısa keçidlər təşkil etməlidir. Şəhərin daxilində küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün eyni səviyyəli, zebralı, 2 zolaq dan artıq olan küçələr təhlükəsizlik adacığı ilə təmin olunmuş, işıqforla nizamlanmış və işıqlanma ilə təchiz olunmuş keçidlərin sayını artırmaq lazımdır”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov söyləyib ki, marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti təhlil edilir, şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır.
“AYNA tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Dövlətin təşəbbüsünü dəstəkləyən özəl daşıyıcı şirkətlər ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edən müasir nəqliyyat vasitələrini alır. İlin əvvəlindən 2025-ci ildə alınması planlaşdırılan 100 yeni avtobusdan 44-ü artıq gətirilərək paytaxt marşrutlarında istismara verilib. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur.
Avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək. Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir, havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir. Bununla bağlı məsələ diqqətdə saxlanılır”.