Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - YENİLƏNİB

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.
DİN Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
09:47
Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.
İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əməlinə hüquqi qiymət veriləcək.