Tələbələrin universitetdən uzaqlaşması - Artan kirayə qiymətlərinin gətirdiyi problemlər - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Tələbələrin universitetdən uzaqlaşması - Artan kirayə qiymətlərinin gətirdiyi problemlər - ŞƏRH

Qafar Ağayev10:00 - Bu gün
Tələbələrin universitetdən uzaqlaşması - Artan kirayə qiymətlərinin gətirdiyi problemlər - ŞƏRH

Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalması paytaxtda kirayə mənzil bazarına marağı artırıb.

Hər il olduğu kimi, bölgələrdən Bakıya axın edən tələbələr kirayə evlərə olan tələbatı yüksəldir və bu da bazarda aktivliyi artırır. Tələbələrin və valideynlərin yaşayış yerlərinə dair seçim etməsi bu dövrdə əsas prioritetə çevrilir. Nəticədə kirayə mənzillərə olan maraq bir neçə həftə ərzində kəskin şəkildə artır, xüsusilə şəhərin mərkəzi hissəsi və ali təhsil müəssisələrinin yerləşdiyi rayonlarda tələbat daha yüksək olur. Bəs görəsən tələbəbin artması qiymətlərə necə təsir edir?

Daha çox hansı ərazilərdə mənzillərə tələbat var? Əvvəlki illərlə müqayisədə qiymətlər necə dəyişib? Bu və digər suallarımızı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevə ünvanladıq.

Məsələ ilə bağlı 1news.az-a danışan Elnur Fərzəliyev bildirib ki, avqust və sentyabr aylarından tələbələrin bölgələrdən paytaxta axını ilə əlaqədar olaraq kirayə mənzil bazarında kəskin şəkildə tələb artımı və mənzil qıtlığı müşahidə olunur.

“Hazırda kirayə mənzil bazarında qiymətlər sürətlə artır. Bunun əsas səbəblərindən biri daşınmaz əmlakın satış qiymətlərinin artmasıdır. Satış qiymətlərindəki artım, təbii olaraq, kirayə qiymətlərinə də təsir edir. Digər mühüm amil isə Bakı şəhərində uzun müddətdir davam edən söküntülərdir. Köhnə yaşayış binaları və fərdi evlərin mərhələli şəkildə sökülməsi nəticəsində həmin ərazilərdəki kirayə mənzillər bazardan çıxır. Bununla yanaşı, həmin binalarda yaşayan sakinlərə yeni mənzillər təqdim edilənədək onlar məcburi şəkildə kirayə mənzil tutmağa məcbur qalırlar. Yeni tikililərdə isə kirayə qiymətləri köhnə binalara nisbətən ən azı iki dəfə baha olur. Eyni zamanda, dövlət ehtiyacları üçün torpaqların və fərdi yaşayış evlərinin sökülməsi də bazarda ucuz mənzillərin azalmasına səbəb olur. Yaxın gələcəkdə söküntülərin davam etməsi fonunda kirayə mənzil bazarında əlçatan qiymətə mənzil tapmaq çətinləşəcək”.

Tələbələrin həm vaxtına, həm də cibinə təsir edən amil...

Ekspert deyib ki, bu artımdan ən çox zərər çəkən təbəqə tələbələrdir.

“Universitetlərə yaxın ərazilərdə münasib qiymətə kirayə mənzil tapa bilməyən tələbələr Bakıətrafı ərazilərə üz tuturlar. Bu isə həm vaxt itkisinə, həm də əlavə yol xərclərinə səbəb olur. Problemin həlli üçün əsas çıxış yollarından biri artıq köhnəlmiş tələbə yataqxanalarının sökülərək, onların yerində müasir, çoxmərtəbəli yataqxanaların tikilməsidir. Bu halda tələbələrin mənzil problemi xeyli dərəcədə aradan qaldırılar və eyni zamanda kirayə bazarında sabitlik yaranar.

Azad olunmuş ərazilərə köçün kirayə mənzil bazarına təsiri

O, bildirib ki, azad edilmiş ərazilərə köçkünlərin qayıdışı kirayə mənzil bazarına əhəmiyyətli təsir göstərmir.

“Çünki köçkünlərə vaxtilə dövlət tərəfindən verilmiş mənzillər geri alındıqdan sonra əsasən şəhid ailələrinə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə verilir. Əsas təsir isə ondan ibarətdir ki, bölgələrdən Bakıya işləmək üçün axışan insanların bir qismi gələcəkdə azad olunmuş ərazilərdə məskunlaşa və oradakı imkanlardan yararlana bilər. Bu isə müəyyən qədər Bakıya axını azaldaraq, kirayə bazarında tələbi zəiflədə bilər. Amma yenə də paytaxtda söküntülərin davam etməsi balansı pozur”.

Digər şəhərlərdə vəziyyət

E.Fərzəliyev vurğulayıb ki, Bakının ətrafı və böyük şəhərlərdə də kirayə mənzil bazarında aktivlik müşahidə olunur.

“Ən çox tələbat Sumqayıt, Xırdalan, Gəncə və digər iri şəhərlərdədir. Bunun səbəbi isə həmin şəhər və rayonda təhsil müəssisələrinin çox olmasıdır. Bölgələrdə isə kirayə tələbi əsasən mövsümi xarakter daşıyır – turizm dövründə gündəlik evlərə maraq artır. Bu artım müvəqqəti olduğundan, əhalinin sosial vəziyyətinə də qismən müsbət təsir göstərir”.

Elnur Fərzəliyev

10 il əvvəl ilə müqayisə...

“Statistikaya nəzər saldıqda, təqribən 10 il əvvəl Bakının mərkəzi rayonlarında (Nərimanov, Nəsimi, Yasamal) köhnə tikili olan “Xruşşovka” tipli binalarda 1 otaqlı mənzilin aylıq kirayə haqqı 300 manat idi” – deyə ekspert fikirlərinə əlavə edib:

“Hazırda isə bu qiymət 400–500 manat aralığındadır. Otaq sayı artdıqca 100–150 manat qiymət artımı müşahidə olunur. Eyni dövrdə həmin mənzillərin satış qiyməti isə 60–65 min manatdan 90–110 min manata qədər yüksəlib. Bu artım həm satış bazarının, həm də kirayə bazarının bahalaşmasına gətirib çıxarır”.

Ekspert bildirib ki, kirayə mənzil bazarında daha çox təklif üçün müəyyən addımlar atıla bilər.

“Belə ki,dövlət tərəfindən vaxtilə məcburi köçkünlər üçün inşa edilmiş və indi boşalan mənzillər kirayə məqsədilə istifadə oluna bilər”.

Paylaş:
203

Son xəbərlər

Bütün xəbərlər