“Boz kardinal”lar və “çirkli” neft: Azərbaycan təchizatının reputasiyasına hücumda Adnan Əhmədzadə və Rusiya izi | 1news.az | Xəbərlər
Köşə

“Boz kardinal”lar və “çirkli” neft: Azərbaycan təchizatının reputasiyasına hücumda Adnan Əhmədzadə və Rusiya izi

09:41 - 25 / 09 / 2025
“Boz kardinal”lar və “çirkli” neft: Azərbaycan təchizatının reputasiyasına hücumda Adnan Əhmədzadə və Rusiya izi

Enerji məkanında köhnə oyunun yeni partiyası oynanılır.

“Tərəfdaşlıq” və “etibarlılıq” kimi gözəl ifadələrin arxasında isə bazarlara nəzarəti qorumaq və ənənəvi təzyiq mexanizmlərini saxlamaq cəhdləri gizlənir.

Azərbaycan neftində üzvi xlorid birləşmələrinin aşkarlanması ilə bağlı qalmaqal təsadüfi texniki insident deyil, Avropada Azərbaycanın artan rolunu zəiflətmək üçün planlaşdırılmış kampaniya təsiri bağışlayır. Anonim “mütəxəssislərin” sinxron açıqlamaları, sosial şəbəkələrdə koordinasiyalı panika dalğaları, “keyfiyyət riskləri” barədə şayiələr açıq şəkildə göstərir ki, məqsəd ekoloji təhlükəsizlik yox, geosiyasi rəqabətdir.

Xüsusi ironiya ondadır ki, 2019-cu ildə “Drujba” kəməri ilə rekord həcmdə çirklənmiş nefti ilə gündəmə gələn ölkə bu gün Avropaya “etibarlılıq dərsi” keçməyə çalışır.

Avropa İttifaqının Rusiya qazından asılılığı azaltmaq və Azərbaycan enerji resurslarının həcmini artırmaq istiqamətində atdığı addımlar fonunda belə hücumların intensivləşməsi təsadüfi deyil. Cənub Qaz Dəhlizi nə qədər güclənirsə, Moskvanın təsir imkanları da o qədər azalır. Bu səbəbdən əvvəlcə Ukraynada SOCAR infrastrukturuna zərbələr, daha sonra logistika nasazlıqları və “Azeri Light” barədə şübhələr ortaya çıxdı. İndi isə informasiya hücumu mərhələsi başlayıb.

Bu intriqanın mərkəzində SOCAR-ın sabiq yüksək vəzifəli əməkdaşı Adnan Əhmədzadənin adı hallanır. Uzun illər uğurlu menecer obrazı yaradan Əhmədzadənin əslində sanksiyalı resursların gizli ticarətini şəxsi biznes layihəsinə çevirdiyi bildirilir. İran nefti üzərində sınaqdan keçirilən sxemlər Ukrayna müharibəsindən sonra Rusiya üçün əlverişli alətə çevrildi: saxta sertifikatlar, ofşor şirkətlər, “rənglənmiş” tanker partiyaları – hamısı Moskvanın bazarlara gizli çıxışını təmin etdi.

Əhmədzadənin adı indi Azərbaycan neftinin xloridlərlə çirklənməsi qalmaqalında çəkilir. İllərlə enerji sektorunda çalışmış bir şəxsin minimal qatışığın belə həm infrastruktur, həm də reputasiya üçün ciddi fəsadlarını anlamaması mümkün deyil.

Nəticə göz qabağındadır: Azeri Light-ın qiyməti bir neçə dollar enərək ölkəyə milyardlarla ziyan vurdu və ən əsası – Azərbaycanın etibarlı tərəfdaş imicinə zərbə dəydi.

Bu fonda Kremlə bağlı informasiya ruporlarının hadisəni “Bakuya xəbərdarlıq” kimi təqdim etməsi də təsadüfi deyil. Açıq mesaj budur: sabotaj sistemli təzyiq alətidir və Avropa “doğru” təchizatçıya qayıdana qədər davam edəcək.

Beləliklə, baş verənlər sadəcə neft bazarına dair qalmaqal yox, hibrid müharibənin daha bir nümunəsidir. Kiberhücumlar, infrastruktur zərbələri, logistika problemləri və informasiya manipulyasiyalarının üst-üstə düşməsi yaxşı təşkil olunmuş şəbəkənin varlığını göstərir. İzlər isə ilk növbədə Moskvaya aparır.

Əhmədzadənin həbsi barədə rus mediasının susqunluğu da diqqət çəkir – axtarış sistemlərində bu barədə məlumatların azlığı sanki məqsədli şəkildə informasiya sahəsinin “təmizlənməsini” xatırladır.

Amma motivlər artıq kifayət qədər aydındır: Azərbaycanın Avropa ilə əməkdaşlığını onun “zəif nöqtəsinə” çevirmək və diversifikasiya planlarını pozmaq. Avropa nə qədər fəal şəkildə enerji asılılığından xilas olmağa çalışırsa, onu köhnə tələyə qaytarmaq cəhdləri də bir o qədər hiyləgər olur.

Bu hekayənin rəmzi məqamı isə odur ki, özünü uzun illər “toxunulmaz” hesab edən şəxs indi barmaqlıqlar arxasındadır. Bu hadisə göstərdi ki, dövlət daxili resurslardan milli maraqlara qarşı istifadə cəhdlərini aşkarlamağa və qarşısını almağa qadirdir.

Azərbaycan üçün bu hadisə – güclü hibrid hücumlara baxmayaraq reputasiyasını qorumaq bacarığının təsdiqi, Avropa üçün isə xatırlatmadır: “təmiz neft” şüarlarının arxasında çox vaxt etimadı sarsıtmaq məqsədi güdən gizli şəbəkələr dayanır.

Həqiqi enerji təhlükəsizliyi isə məhz belə “boz kardinal”ların ifşası ilə mümkündür.

Əli Məmmədov

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər