Aqil Nəbiyev: “Məqsədimiz finala çıxmaq və orada çempion olmaqdır” | 1news.az | Xəbərlər
İdman

Aqil Nəbiyev: “Məqsədimiz finala çıxmaq və orada çempion olmaqdır”

Qafar Ağayev16:32 - Bu gün
Aqil Nəbiyev: “Məqsədimiz finala çıxmaq və orada çempion olmaqdır”

“Məqsədimiz finala çıxmaq və orada çempion olmaqdır”.

1news.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan U-16 yığmasının baş məşqçisi Aqil Nəbiyev deyib.

“Biz bilirdik ki, bizi çətin oyun gözləyir. Rəqibin aqressiv start edəcəyini gözləyirdik və elə də oldu: ilk hissədə topa nəzarətdə üstünlük rəqibdə idi. Lakin fasilədən sonra vəziyyət dəyişdi. İkinci hissədə etdiyimiz iki əvəzetmədən sonra artıq biz daha çox pressinq etdik, topa sahib olduq və qol epizodları yaratdıq. Nəticədə qalib gəldik”, – deyə baş məşqçi bildirib.

“Bu qələbə bizim üçün çox vacib idi. Şükürlər olsun ki, finala vəsiqə qazandıq. Əsas məqsədimiz finala çıxmaq və orada çempion olmaqdır”, – deyə o əlavə edib.

Məşqçi komandanın uğurunu birliyin nəticəsi adlandırıb: “Bugünkü qələbə bizim həmrəyliyimizin, birliyimizin və düzgün işimizin nəticəsidir”.

O, uğura töhfə verən hər kəsə təşəkkürünü bildirib: “Ştabıma, komandama və bizi dəstəkləyən insanlara – Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. İlk oyunu şəhid ailələrinə və veteranlara həsr etmişdik. Bu oyunu isə Azərbaycan xalqına həsr edirəm”.

Final qarşılaşması ərəfəsində (Azərbaycan U-16 burada Rusiya – Belarus cütünün qalibi ilə üz-üzə gələcək) baş məşqçi azarkeşlərə müraciət edib: “Çox istəyirəm ki, finalda tribunalar dolu olsun, azarkeşlər yanımızda olsun. Azarkeş dəstəyi çox önəmlidir, onlar bizim ‘12-ci oyunçumuz’ olmalıdırlar. Onlar bizi dəstəkləməli, biz isə birlikdə kuboku başımız üzərinə qaldırmalıyıq”.

Faiqə Məmmədova

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər