Çin “Şıcien” seriyasına aid 3 peyki kosmosa göndərib
Çin “Şıcien” seriyasına aid 3 peyki kosmosa göndərib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Şıcien-3” peyki kosmos mühitinin araşdırılması və əlaqəli orbit texnologiyalarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Məlumata görə, “Şıcien-30A”, “Şıcien-30B” və “Şıcien-30C” peykləri “Long March-2C” daşıyıcı raketi ilə ölkənin şimal-qərbində yerləşən Ciuçüen Peyk Mərkəzindən buraxılıb. Buraxılışdan sonra peyklər nəzərdə tutulan orbit mövqeyinə yerləşib. Bu, “Long March” raketləri ilə həyata keçirilən 608-ci uğurlu missiyadır.
Adı “tətbiq” mənasını verən “Şıcien” peyklərinin Çinin orbit texnologiyalarını sınaqdan keçirdiyi “Şıyan” (eksperiment) və “Çuanşin” (yenilik) kimi digər peyk proqramlarında erkən inkişaf mərhələsində olan texnologiyaların tətbiqinə keçidi təmin edən platforma funksiyasını yerinə yetirdiyi bildirilir.
Qeyd olunur ki, peyk proqramı bəzi buraxılışların elan edilməməsi, orbitdə mövqeyi açıqlanmayan bağlı peyklərin mövcudluğu və peyklərin digər peykləri yaxından müşahidə etmək və ya sürükləmək məqsədilə yaxın məsafədə manevrlər etməsi ilə bağlı zaman-zaman tənqid olunub.












