Sürətli internet, süni intellekt, kibertəhlükəsizlik… Azərbaycan hədəflərə çata bilirmi? – Ekspertlərdən ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürətli internet, süni intellekt, kibertəhlükəsizlik… Azərbaycan hədəflərə çata bilirmi? – Ekspertlərdən ŞƏRH

Qafar Ağayev09:18 - Bu gün
Sürətli internet, süni intellekt, kibertəhlükəsizlik… Azərbaycan hədəflərə çata bilirmi? – Ekspertlərdən ŞƏRH

Azərbaycanda digər sahələrdə olduğu kimi, informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoru da son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub.

Rəqəmsal həllərin genişlənməsi xidmətlərin əlçatanlığını artırıb, bir çox sənəd və əməliyyatın artıq onlayn şəkildə əldə olunmasına imkan verib. Bu istiqamət ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına müraciəti də həmin diqqətin bariz nümunəsidir. Dövlət başçısı Azərbaycanın rəqəmsal inkişaf sahəsində aparıcı mövqeyini vurğulayaraq bildirib ki, inklüziv və təhlükəsiz rəqəmsal gələcəyin təmin edilməsi bütün tərəfdaşların ortaq məsuliyyətidir. Prezidentin sözlərinə görə, “Hazırda texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biridir”. O həmçinin qeyd edib: “Müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır”.

Bu fikirlər fonunda bir sıra suallar aktuallaşır: Azərbaycanda İKT sahəsində görülən işlər hədəflərə uyğun irəliləyirmi? Son illərin ən mühüm nailiyyətləri hansılardır? Süni intellektin tətbiqi üzrə vəziyyət nə yerdədir? Rəqəmsallaşmanın sürətlənməsi kibertəhlükəsizliyi necə təsirləndirir – mövcud səviyyə yetərlidirmi?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, İKT üzrə ekspert Elvin Abbasov deyib ki, İKT sahəsində son illərdə aparılan islahatlar öz hədəflərinə doğru ardıcıl şəkildə irəliləyir.

Elvin Abbasov

“Dövlətin rəqəmsal transformasiyanı prioritet elan etməsi, xidmətlərin elektronlaşdırılması, infrastrukturun gücləndirilməsi və yeni strategiyaların qəbul edilməsi sektorda sistemli inkişaf üçün ciddi zəmin yaradıb”.

Onun sözlərinə görə, xidmətlərin mərkəzləşməsi, rəqəmsal dövlət platformalarının genişlənməsi və genişzolaqlı internetin kütləviləşməsi son dövrün ən diqqətçəkən nəticələrindəndir.

“Əldə olunan nailiyyətlər arasında genişzolaqlı internet infrastrukturunun genişlənməsi, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində minlərlə yaşayış məntəqəsinin sürətli internetə çıxışının təmin olunması, Süni İntellekt Strategiyasının təsdiqlənməsi və dövlət xidmətlərinin vahid rəqəmsal ekosistemə inteqrasiyası xüsusi yer tutur. Eyni zamanda data mərkəzlərinin inkişafı, rəqəmsal ödəniş sistemlərinin sürətli yayılması və startap ekosisteminə dəstəyin artması ölkənin rəqəmsal gücünü daha da möhkəmləndirir”.

Elvin Abbasov qeyd edib ki, süni intellekt sahəsində inkişaf artıq yeni mərhələyə keçib:

“Rəsmi strategiyanın qəbul edilməsi dövlətin bu sahədə baxışını formalaşdırır və idarəetmə, səhiyyə, təhsil, nəqliyyat kimi müxtəlif sahələrdə tətbiqlərin genişlənməsinə imkan yaradır. Yerli mütəxəssislərin prosesə cəlb olunması, akademik və özəl sektor əməkdaşlığının güclənməsi, eləcə də böyük həcmli yerli məlumatlarla işləyən sistemlərin hazırlanması Azərbaycanın regional rəqabət qabiliyyətini artırır”.

Ekspertin sözlərinə görə, rəqəmsal xidmətlərin genişlənməsi fonunda kibertəhlükəsizlik məsələsi daha strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət qurumlarının koordinasiyası gücləndirilir, normativ baza yenilənir, hücumların monitorinqi və cavabvermə mexanizmləri təkmilləşdirilir.

“Son illərdə maarifləndirmə tədbirlərinin artırılması, kritik infrastrukturlar üçün yeni standartların tətbiqi ümumi davamlılığı daha da gücləndirir. Lakin rəqəmsal xidmətlərin sürətli böyüməsi fonunda yeni risklər də ortaya çıxır və bu sahədə fasiləsiz, daim yenilənən yanaşma tələb olunur”, — deyə Elvin Abbasov vurğulayıb.

Bəhruz Əliyev

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının ölkəmizdə keçirilməsi əlamətdardır. Konfrans bir çox məqamlara işıq tuta bilər və inkişafı olduğundan daha yuxarı qaldıra bilər.

“Rəqəmsal savadlılıq proqramları, insanların İKT-na çıxışla yanaşı onları həmin texnologiyalardan səmərəli istifadə etməyə hazırlamaq lazımdır. Genişzolaqlı internet, 5G/6G kimi növbəti nəsil rabitə texnologiyaları, peyk və kosmik rabitə imkanlarının genişləndirilməsi 100% internet əhatəsi əhəmiyyətli məsələlərdən biridir. Təbii fəlakətlər şəraitində belə xidmət fasilələrinin olmaması üçün tədbirlər daimi olaraq aparılmalıdır”.

Ekspert deyib ki, kibertəhlükəsizlik hər zaman gündəmdə qalmalıdır.

“Dövlət və özəl sektor arasında əməkdaşlıq da ciddi əhəmiyyətə sahib bir məsələdir. İoT (əşyaların interneti), böyük məlumatlar (big data), bulud hesablama kimi sahələrin təşviqi əhəmiyyətlidir. Yerli start-ap ekosisteminin gücləndirilməsi, dünya səviyyəli innovasiya platformalarının regionda qurulması üstünlük gətirə bilər.

Rəqəmsal identifikasiya sistemləri, məlumatların qorunması (data protection), rəqəmsal hüquqlar və etik məsələlər ciddi əhəmiyyətə sahibdir, bu sahələrdə qanunvericiliyin müasir tələblərə uyğun daimi olaraq təkminləşdirilməsi hər zaman lazımlı olan məsələlərdəndir”.

O, bildirib ki, spektrin idarə edilməsi, peyk və rabitə imkanlarının tənzimlənməsi məsələləri hər zaman nəzərdə saxlanılmalı olan məsələlərdəndir.

“Sistemlərin, şəbəkələrin hücumlara davamlılığı daimi olaraq artırılmalıdır. İnsan faktoruna yönəlik təlimlər, vətəndaşların, müəssisələrin rəqəmsal təhlükəsizlik şüuru artırılmalıdır.

Etik və hüquqi çərçivələr, məsələn, süni intellektin etik istifadəsi, məlumatların mühafizəsi ön planda saxlanılmalıdır.

Dövlətlərarası texnoloji əməkdaşlıq (rəqəmsal layihələr, peyk rabitəsi, texnoloji transfer) mühüm rol oynayır və kommunikasiya daimi olaraq gücləndirilməlidir. İndi olduğu kimi hər zaman qlobal təşəbbüslərdə iştirak etmək lazımdır və ölkəmizin aktiv rolu əhəmiyyətli nüansdır.

Standardlar və sertifikatlaşdırma sistemləri nəzərdə saxlanılmalı və ölkədə texnologiya sahəsində olan tənzimləmələrin beynəlxalq standartlara uyğunluğu vacib məsələlərdən biridir. Şübhəsiz ölkəmiz ən yaxşı yanaşmaları ilə hər zaman fərqlənir, qeyd edilən və qeyd edilməyən məqamların hər zaman nəzərdə olduğunu görmək mümkündür. Gələcəkdə də ən yaxşısının olmasını arzu edirik” – deyə əlavə edib.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər