Elvin Hacıyev: Yeni dövlət qeydiyyat nişanlarında defis işarəsi tətbiq olunmayacaq
“Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq”
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
“Qeyd etmək istərdik ki, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir” – deyə E.Hacıyev əlavə edib.












