Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəyli ilə bağlı məşhur dostlarından paylaşım
Ötən gecə Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı həyatını itirən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin dostları sosial şəbəkədə onun ölümü ilə bağlı paylaşım ediblər.
1news.az xəbər verir ki, aparıcı Saleh Bağırov Könül Vəlibəyli ilə dünən günorta saatlarında görüşdüyünü yazıb: “Dəhşətlər içindəyəm. Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi. Milli geyimlərimizin inkişafı üçün çox işlər gördü. Ayın 25-də Türkiyəyə səfərə hazırlaşdığını və 2026-cı ilə olan böyük planlarından həvəslə danışdı. Dedik, güldük, həmişəki kimi pozitiv ayrıldıq. Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan. Sən nə qəribə və dəhşətsən, ey dünya. Ruhun şad olsun, istedadlı, gözəl, təmənnasız böyük ürəkli dostum...”
Müğənni Xuraman Şuşalı isə paylaşımında Könül Vəlibəyli ilə kədərini belə dilə gətirib:
“Özün getdin, ancaq etdiyin yaxşılıqlar qaldı. Mələk kimi hər kəsə yaxşılıq edən Könülüm... Könül heç evdə tapılmırdı, bütün gün xaricdə olurdu. Yerin cənnət olsun. Sən axı heç evdə olmurdun, səfərlərdə olardın. Əcəl necə gəlib səni tapdı... Həmişə tələsirdin, ölümə də tələsdin... Axı mənim ən gözəl milli geyimlərim sənin idi”, - müğənni qeyd edib.















