Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə arasında tranziti təmin etməyə hazırdır
Ermənistan TRIPP-in həyata keçirilməsini təxirə salmaq niyyətində deyil, buna heç bir səbəb yoxdur.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və TRIPP layihəsinin praktiki icrasına başlanılacaq.
Ermənistanın Baş naziri bildirib ki, İrəvan artıq Azərbaycan üzərindən tranzit yollarından istifadə edir və istənilən vaxt Azərbaycan və Türkiyə arasında tranziti təmin etməyə hazırdır.
O, Ankara və Bakının hələlik İrəvanın qarşılıqlı təklifindən istifadə etmədiyini qeyd edib.
Paşinyan əmindir ki, kommunikasiya yollarının açılması ilə bağlı Ermənistan və Azərbaycanın niyyətləri bir-birinə zidd deyil və hər iki tərəfin maraqlarına əsaslanır.
“Biz gərgin və dəyişkən bir regionda yaşayırıq və əgər özümüz özümüzə qayğı göstərməsək, bu sarsıntılar bizə də təsir edəcək. Aramızda münaqişələr dövlətçiliyimizi həssas vəziyyətə gətirir və bizi geosiyasi baxımdan əlverişli bir hədəfə çevirir”, – o əlavə edib.








