Deputat: Büdcədə təhsilə vəsaitlərin artırılması Azərbaycanın uzunmüddətli hədəflərinə tam uyğundur
“Təhsil hər bir dövlətin inkişaf strategiyasının əsas sütunlarından biridir və 2026-cı il dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitlərin artırılması Azərbaycanın uzunmüddətli hədəflərinə tam uyğundur”.
Bunu Milli Məclisin deputatı Şahin Seyidzadə 1news.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, müasir çağırışlar, rəqəmsal transformasiya və insan kapitalının əhəmiyyəti təhsil sisteminin keyfiyyətini milli inkişafın həlledici göstəricilərindən birinə çevirib. Onun sözlərinə görə, 2026-cı il dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsaitlərin artımı həm cari ehtiyacların qarşılanmasına, həm də sistemin uzunmüddətli dayanıqlı inkişafına xidmət edir.
Şahin Seyidzadə qeyd edib ki, büdcə müzakirələri zamanı təhsil xərclərinin sosial yönümlü büdcə strukturunda ən yüksək paya malik istiqamətlərdən biri olduğu bir daha təsdiqlənib.
"Dövlət ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin əməkhaqlarının mərhələli artırılması, peşə təhsili mərkəzlərinin modernləşdirilməsi və ali təhsilin elmi-tədqiqat potensialının genişləndirilməsi üçün vəsaiti əhəmiyyətli ölçüdə artırıb".
Deputatın sözlərinə görə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni məktəblərin tikintisi və təhsil infrastrukturunun bərpası dövlətin strateji prioritetidir: “Azad olunmuş ərazilərdə təhsil müəssisələrinin qurulması həm sosial funksiya daşıyır, həm də regionun uzunmüddətli inkişafı üçün əsaslı investisiyadır”.
O əlavə edib ki, müəllim əməyinin stimullaşdırılması, sertifikatlaşdırmanın genişləndirilməsi və ixtisasartırma proqramlarının maliyyələşdirilməsi insan kapitalının güclənməsinə ciddi təkan verəcək.
"Peşə təhsili və ali təhsil sahəsində nəzərdə tutulan geniş maliyyə dəstəyi əmək bazarının tələblərinə uyğun kadr hazırlığını gücləndirəcək. Deputat deyib ki, STEM istiqamətlərinə ayrılan əlavə vəsait ölkənin gələcək sənaye və texnoloji inkişafında mühüm rol oynayacaq".
Şahin Seyidzadə həmçinin vurğulayıb ki, 2026-cı ildə təhsil sahəsində rəqəmsallaşma və şəffaflıq əsas prioritet kimi müəyyənləşdirilib. Elektron idarəetmə sistemlərinin genişləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi təhsil siyasətinin effektivliyini artıracaq.
Sonda deputat qeyd edib:
“Azərbaycan dövləti təhsili milli inkişafın aparıcı prioriteti olaraq görür və 2026-cı il büdcəsi təhsil sistemində keyfiyyət yüksəlişini sürətləndirəcək”.












