Bu gün Xalq artisti Həsənağa Salayevin doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq artisti Həsənağa Salayevin doğum günüdür

18:04 - Bu gün
Bu gün Xalq artisti Həsənağa Salayevin doğum günüdür

Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubu ilə fərqlənən və sevilən aktyorlardan biri də Həsənağa Salayev olub.

Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün romantik və realist personajları, mürəkkəb psixoloji dramatik obrazları məharətlə yaratmış Xalq artisti Həsənağa Salayevin anadan olmasının 104-cü ildönümü tamam olur.

Həsənağa Salayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi yaratdığı obrazların xarakterik cəhətlərinin bədii təcəssümünə görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Uilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə surətləri yaradıb.

Aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmdə rol alıb. O, "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.

Onun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını tamaşaçı Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun 1960-cı ildə çəkdiyi eyniadlı bədii televiziya filmində də görür. Əsərin televiziya filmi kimi ekranlaşdırılması nəzərdə tutulsa da, ssenarini yazan Kamil Rüstəmbəyov ona bədii film kimi quruluş verib. Bununla da Kamil Rüstəmbəyovun adı Azərbaycan kino tarixinə ilk bədii televiziya rejissoru kimi daxil olub. Filmdə əsas rollardan birini - Əmirxan obrazını yaratmaq H.Salayevə həvalə edilib.

H.Salayev “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmin səsləndirilməsində də iştirak edib.

Kinoşünas Şəhla Bürcəliyeva Xalq artisti haqqında yazıb: “Çox qəribədir ki, teatrda daha çox əsas rolların ifaçısı olan H.Salayevə kinoda ikinci, üçüncü planlı, hətta epizodik rollar həvalə edilib. “Onu bağışlamaq olarmı?” bədii filmində aktyora ikinci planlı rol kapitan Qüdrət obrazı həvalə edilir. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin sözü az olsa da, ictimai davranışın, nizam-intizam qaydalarının formal cəhətini, ailə və məişətdə, cəmiyyətdə şəxsiyyətini ali səviyyədə təsdiqləmək prinsiplərini peşəkar aktyor lirik və psixoloji nüanslarla göstərib. Filmdə biz Qüdrəti gah vəzifə başında cinayətin izinə düşərək araşdırma aparan, gah da dostu və məsləkdaşı olan Qayanın təlatüm, səksəkə içərisində yaşayan ailəsində təmkinli, səmimi davranışlarını görürük. Dram janrında çəkilən filmin bəzi kadrlarında gənclərin (Qüdrətlə Qumrunun) məhəbbət münasibətlərinə xəfif bir eyham da var. Bu kadrlarda aktyorun orijinal maneraları, replikaları, obraza uyğun vizual görünüşü dramatik hadisələrin gərginliyinin qismən də olsa azalmasına, məişətdə və ailədə mehribançılığın, qarşılıqlı anlaşmanın həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Dram aktyorunun psixoloji təsiretmə bacarığı filmin mahiyyətini genişləndirir, tamaşaçını bir anlıq da olsa canilərin qaranlıq dünyasından, cinayət aləmindən uzaqlaşdırır, hadisələrin seyrçi yaddaşında hərtərəfli təhlil olunmasını təmin edir”.

Həsənağa Salayev aktyorluq sənətində qazandığı uğurlara görə 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci il oktyabrın 2-də dünyasını dəyişib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər