Sahibə Qafarova: Prezidentin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər alimlərin üzərinə yeni vəzifələr qoyub
Prezident İlham Əliyevin AMEA-da Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyub.
1news.az "Report"a istinadən xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda açılış nitqində deyib.
Onun sözlərinə görə, parlamentdə keçirilən konfransın əsas məqsədi Azərbaycan dilinin qorunması istiqamətində elmi ictimaiyyətin və ziyalıların mövqeyini müəyyən etməkdir:
"Azərbaycan dilinin qorunması, müasir texnologiyalara inteqrasiyası dövlət strategiyasının prioritetlərindəndir".
S.Qafarova qeyd edib ki, Prezidentin Azərbaycan dili ilə bağlı çağırışı bütövlükdə cəmiyyətə aid olan milli məsələdir:
"Azərbaycan dili inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni hədəflər qoyur. Bu mənada, dillə bağlı sistemli yanaşmaya ehtiyac var. Dilimizlə bağlı müasir dinamikadan doğan yeni çağrışlar ortaya çıxır. Bu çağırışlar içərisində dilin saflığının qorunması, terminologiyaların elmi əsaslarla yenilənməsi və digərlərini qeyd etmək olar".
Spiker Azərbaycan dili ilə bağlı siyasətin yeni mərhələsində əsas hədəfləri də açılayıb.
"Təhsildə müasir metod və texnologiyalarla tədris, mediada ədəbi dil normalarına riaəytin gücləndirilməsi, Azərbaycan dilinin dünyanın elm və mədəni sferasında nüfuzunun artırılması, süni intellektə inteqrasiya və sair əsas prioritelərdir".












