Zelenski Vatikanda Papa XIV Leo ilə görüşdü
Avropa paytaxtlarında ardıcıl səfərlər keçirən Ukrayna Prezidenti Volodimir Zelenski bu səhər İtaliyanın paytaxtı Romaya gəlib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Dövlət başçısı Romaya çatar-çatmaz ilk olaraq İtaliyaya qonşu Vatikan Şəhər Dövlətinin rəhbəri Papa XIV Leo ilə görüşüb.
Görüş Papa XIV Leo-nun Romanın yaxınlığındakı Castel Gandolfo iqamətgahında baş tutub. Vatikanın Mətbuat Xidməti bildirib ki, səmimi keçən söhbət əsasən Ukraynada davam edən müharibəyə həsr olunub.
Açıqlamada qeyd olunub: “Papa dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və hazırkı diplomatik səylərin ədalətli və dayanıqlı sülhə gətirib çıxara biləcəyi ilə bağlı ümidini ifadə edib”.
Məlumata görə, görüşdə həmçinin müharibə əsirləri və ukraynalı uşaqların ailələrinə qaytarılması məsələsi də müzakirə edilib.
Zelenski və Papa XIV Leo yarım saat davam edən ikitərəfli görüşdən sonra iqamətgahın eyvanına çıxaraq onları gözləyən jurnalistləri salamlayıblar.
Xatırladaq ki, liderlər bu ilin iyul ayında da eyni məkanda görüş keçirmişdilər.
Ukrayna Prezidentinin günün ikinci yarısında Romada İtaliyanın Baş naziri Corca Meloni ilə görüşəcəyi gözlənilir.








