Cəfər Cabbarlı küçəsində nişanlanma xətləri silinib, hansı yeniliklər olacaq? - AYNA-dan CAVAB - FOTO
Son illərdə Bakıda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılır — yeni avtobus və velosiped zolaqları, parklanma yerləri yaradılır, piyada infrastrukturu təkmilləşdirilir.
Şəhərin müxtəlif küçə və prospektlərində aparılan bu işlərin əsas məqsədi hərəkət rahatlığını artırmaqdır.
Bu fonda Cəfər Cabbarlı küçəsində yol nişanlanma xətlərinin silinməsi diqqət çəkib və ictimaiyyətdə suallar doğurub.
Küçədə hansı yeniliklər gözlənilir? Burada velosiped zolağının salınması planlaşdırılırmı?
Bir müddət əvvəl Cəfər Cabbarlı küçəsinə yaxın ərazidə — İnşaatçılar prospektində mikromobillik zolağı yaradılıb. İndi isə maraq doğuran sual budur: həmin velosiped zolağının davamı olaraq onun Cəfər Cabbarlı küçəsi ilə birləşdirilməsi layihəsi gündəmdədirmi?
1news.az məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, Cəfər Cabbarlı və Şıxəli Qurbanov küçələrində mikromobillik zolaqlarının salınması nəzərdə tutulub.
"Bununla bağlı işlər həyata keçirildikdən sonra İnşaatçılar prospekti şəhər mərkəzi ilə mikromobillik zolaqları vasitəsilə əlaqələnmiş olacaq" - deyə agentlikdən bildirilib.

















