Xocalının Badara və Ballıca kəndlərinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Bu gün köç karvanı ilə Xocalı rayonunun Badara və Ballıca kəndlərinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə isə 9 ailə - 38 nəfər köçürülüb. Doğma yurda köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Açarları təqdim edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, Ballıca və Badara kəndlərində rahat yaşayış üçün hərtərəfli şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə, yaşayış məntəqələrində müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.
Qeyd edək ki, köç prosesi mərhələli şəkildə davam edir.
12:49
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Dekabrın 11-də növbəti köç karvanı Ağdamdan Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürülür. Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.
Uzun illər ərzində həsrətlə gözlədikləri torpaqlarına qovuşmağın sevincini yaşayan keçmiş məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyiblər.





















