“Audi” və “Porsche”də elektron sistem nasazlığı: 500 min avtomobil geri çağırılır
“Audi” və “Porsche” avtomobillərinin sahibləri üçün genişmiqyaslı təhlükəsizlik geri çağırışı elan edilib.
1news.az xəbər verir ki, proqram təminatındakı nasazlıq nəticəsində bəzi avtomobillərdə arxa görüntü kamerasının təsviri ekranda göstərilmir.
Avtomobil istehsalçıları nəqliyyat vasitələrinə getdikcə daha çox rəqəmsal və texnoloji funksiyalar inteqrasiya etdikcə, proqram təminatından asılılıq da artır. Bu yeniliklər bir sıra üstünlüklər yaratsa da, bəzən ciddi texniki problemlərə də səbəb olur. Məhz bu reallıqla “Volkswagen” və onun törəmə şirkətləri üzləşib: ABŞ-da proqram xətasına görə 500 mindən artıq avtomobil geri çağırılıb.
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatına əsasən, tənzimləyici qurumlar bəzi “Audi” və “Porsche” modellərində quraşdırılmış arxa görüntü kameralarının displeylərinin nasaz işlədiyini müəyyən ediblər. Belə ki, geriyə hərəkət zamanı və ya parklanma manevrləri zamanı görüntü ümumiyyətlə ekranda əks olunmaya bilər.
Bu hal xüsusilə iriölçülü avtomobillər və mürəkkəb parklanma şəraiti üçün ciddi təhlükə yaradır. Görünüşün məhdudlaşması həm sürücülər, həm də piyadalar üçün toqquşma və xəsarət riskini əhəmiyyətli dərəcədə artırır.
Geri çağırış 2019–2026-cı il buraxılışlı təxminən 500 min “Audi” və “Porsche” avtomobilini, o cümlədən “Cayenne”, “Taycan” və “Panamera” modellərinin müxtəlif modifikasiyalarını əhatə edir.
“Volkswagen” qrupuna daxil olan avtomobil istehsalçıları problemin aradan qaldırılması məqsədilə arxa görüntü kamerası ilə bağlı proqram təminatının yenilənəcəyini açıqlayıblar. Müvafiq yenilənmə rəsmi dilerlər vasitəsilə həyata keçiriləcək.
Geri çağırışa düşən avtomobillərin sahibləri yaxın həftələrdə bu barədə rəsmi şəkildə məlumatlandırılacaq. Bildiriş məktublarının fevral ayının ortalarınadək göndərilməsi gözlənilir. Eyni zamanda, avtomobil sahibləri NHTSA-nın rəsmi internet səhifəsində nəqliyyat vasitəsinin identifikasiya nömrəsini (VIN) daxil etməklə avtomobillərinin geri çağırış siyahısına daxil olub-olmadığını yoxlaya bilərlər.
Azərbaycan bazarı üçün aktuallıq
Qeyd etmək lazımdır ki, ABŞ-dan avtomobillərin idxalı Azərbaycanda geniş yayılıb. Rəqabətqabiliyyətli qiymətlər və premium sinif modellərin, o cümlədən “Audi” və “Porsche” markalarının geniş seçimi Amerika bazarını Azərbaycan alıcıları üçün əsas mənbələrdən birinə çevirib.
Bu baxımdan, ABŞ-dan idxal olunmuş sözügedən markalara aid avtomobillərin sahiblərinə nəqliyyat vasitələrinin geri çağırış kampaniyasına daxil olub-olmadığını yoxlamaq və zərurət yarandığı halda proqram təminatının pulsuz yenilənməsi üçün rəsmi servis mərkəzlərinə müraciət etmək tövsiyə olunur.
Son hadisə avtomobil sənayesində proqram təminatından yüksək asılılığın artıq bir çox brendlər üçün ümumi problemə çevrildiyini bir daha nümayiş etdirir. Məsələn, “Ford” ötən il yalnız ABŞ-da müxtəlif modellərdə kameralarla bağlı oxşar nasazlıqlara görə 1,5 milyondan çox avtomobili geri çağırmışdı. Eyni zamanda, “Hyundai” də analoji səbəblərlə 140 mindən artıq avtomobil üçün təhlükəsizlik geri çağırışı elan edib.












