Temperatur 8 dərəcə enir: Qar, buzlanma və güclü külək - XƏBƏRDARLIQ
Ölkə ərazisində hava şəraiti yenidən dəyişəcək.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 17-si gündüzdən 22-dək Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Bəzi bölgələrdə yağışın sulu qara, dağlıq və dağətəyi rayonlarda isə qara keçəcəyi ehtimal olunur.
Bildirilib ki, yağıntılar ayrı-ayrı ərazilərdə intensiv xarakter ala bilər. Eyni zamanda, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır.
Xidmətin rəis müavini Gülnarə Abbasovanın sözlərinə görə, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da hava yağıntılı olacaq, yağıntıların sulu qar şəklində müşahidə ediləcəyi gözlənilir.
Qeyd edilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5–8 dərəcə enəcək. Minimal temperatur Bakıda və Abşeron yarımadasında 0–2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq ərazilərdə 5–10, yüksək dağlıq ərazilərdə isə 15–20 dərəcə şaxta təşkil edəcək.
Dağlıq və dağətəyi rayonlarda bəzi avtomobil yollarında buzlaşma ehtimalı var.












