Şuşanın memarlıq abidələri – qədim tarixə malik məscidlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şuşanın memarlıq abidələri – qədim tarixə malik məscidlər

17:30 - Bu gün
Şuşanın memarlıq abidələri – qədim tarixə malik məscidlər

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2025-ci il dekabrın 22-də imzaladığı və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Bununla yanaşı, sənəddə vurğulanır ki, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın memarlıq abidələri – qədim tarixə malik məscidlər” sərlövhəli məqaləsində yer alıb.

1news.az “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu silsilədən olan məqaləni təqdim edir.

Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1693-1763) adı ilə bağlıdır. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları, ibadətgah və ticarət təyinatlı tikililəri, malikanə və karvansaraları, 17 məhəllə və qoşa minarəli yaraşıqlı Cümə məscidiləri, həmçinin möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdir.

Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, “Aşağı məhəllə” adlandırılmışdır. “Aşağı məhəllə” 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdır. “Yuxarı məhəllə” isə 8 məhəllədən ibarət idi: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı.

XVIII əsrin sonu - XIX əsrdə inşa edilmiş Şuşadakı məscidlər haqqında mənbəələrə əsasən qeyd etmək lazımdır ki, şəhərdə 17 məhəllənin hər birinin öz məscidi mövcud olmuşdur. Bununla yanaşı, XIX əsrdə İbrahimxəlil xanın qızı Gövhərağanın sifarişi ilə Qarabağın bir çox məşhur memarlıq nümunələrinin banisi kimi tanınmış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri Şərq memarlıq üslubunda tikilmiş və Azərbaycanın tarixi-mədəni irs nümunələridir.

Qeyd etmək lazımdır ki, düzbucaqlı plandakı Şuşanın qədim məscidləri (XVIII-XIX əsrlər) hər bir məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri olmuşdur. Müxtəlif cizgili enli tağları olan (Merdinli, Köçərli, Quyuluq) və ya müstəvi səpkisində (Çol Qala, Seyidli, Mamayı məscidi) işlənmişdir. Məscidlərin əsas girişinin istiqaməti isə meydanın planlaşdırılmasından və relyefindən asılı olaraq inşa edilmişdir. Məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən - polixrom divar boyakarlığından, xususilə Qurani-Kərim yazılarından və yapma bəzəklərindən istifadə olunmuşdur.

Qeyd eymək lazımdır ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan siahlı dəstələri tərəfindən işğal edildikdən sonra memarlıq abidəsi hesab edilən məscidlərın çoxu tamamilə dağıdılmış, yalnız 3 məscidin bir hissəsi dağıdılmış, minarələri isə yarıuçuq vəziyyətə salınmışdır.

Yuхarı Gövhər ağa məscidi Şuşanın mərkəzi “Meydan” adlanan ərazisində yerləşən və şəhərdə tikilmiş ən qədim məsciddir. Məscidinin inşası Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə eyni vaxtda qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrdə isə, yəni 1883-1884-cü illərdə adı çəkilən məscidin yerində Gövhər Ağanın maddi vəsaiti əsasında qoşa minarəli məscid inşa edilmişdir. XIX əsrin memarlıq abidəsi olan Yuхarı Gövhər ağa məscidinin memarı Qarabağda bir sıra tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir.

Qeyd etmək vacibdir ki, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu artıq Şuşada daha bir neçə layihənin, xüsusilə məscidlərin əsil tarixi simasında bərpasını başa çatdırmışdır. 2023-cü il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər. Dövlət başçısı və birinci xanım məscidin ərazisində yerləşən və bərpa edilmiş mədrəsədə Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, xəttat, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak eetmişlər.

Digər məscidin inşası da memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan aşağı tərəfdə inşa edilmiş məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. XIX əsrin memarlıq abidəsi olan və şəhərin ikinci cümə məscidi sayılan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşa şəhəri işğal altında olduğu illərdə bütün məscidlər kimi erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işlərindən sonra açılışında iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, 17 məhəllənin hər birində inşa edilmiş məscidlər içərisində Saatlı məscidi Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən, 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmiş tarixi məsciddir. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur. Şuşanın düz fasadlı məscidlərindən olan Saatlı məscidinin əsas fasadı assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır.

Yuxarı və Aşağı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin tək minarəsi məscid binası ilə birləşik şəkildə olmamış, həmçinin minarəyə girişi məscidin daxilindən deyil, həyət hissəsindən olmuşdur. Saatlı məscidinin XIX əsrin ikinci yarısından Şuşanın mərkəzi meydanları sırasında, “Bazarbaşı” və ya “Divanxana meydanından görünən və özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynamışdır.

Həmçinin, Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən geniş istifadə olunmuşdur. Məscidin minarəsinin ümumi quruluşu Yuxarı Gövhər Ağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncu hesab olunur. Sovet dövründə - 1980-ci illərdə məsciddə restavrasiya işləri aparılmışdır. 2023-cü il mayın 10-da Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin də açılışı olmuşdur.

Didər bir məscid XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. 2024-cü il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak etmişlər. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri vardır. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan “Güldəstə” quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərmişdir.

“Təzə məhəllə” məscidi XIX əsrdə Şuşanın Təzə məhəlləsində, Mehmandarovların malikanə kompleksinin daxilində inşa edilmişdir. Yaşayış kompleksinə daxil olan, 1984-cü ildən etibarən Şuşada təbii dərman vasitəsi kimi istifadə edilən bitkilərin toplandığı məhəllə məscidi “Yaşıl Aptek” kimi fəaliyyət göstərmişdir.

2023-cü il mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir. Kompleksə daxil olan məscidin “Güldəstə”si restavrasiya olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20225-vi il martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin bərpadan sonra açılışında iştirak edtmişər. Məsciddə bərpa işlərinə 2023-cü ildən Heydər Əliyev Fondu tərəfindən başlanılmışdı. Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilmişdir. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanmışdır.

XIX əsrdə tikilmiş Hacı Yusifli məscidinin ümumi giriş qapısının üst tərəfində qoyulmuş bir cüt pəncərə isə həmin bölməni kifayət qədər təbii işıqla təmin etmişdir. Bu məscidin sütunsuz ibadət zalını baş və yan fasadda düzülmüş pəncərələr işıqlandırıdı. Məscidin dördyamaclı dam örtüyündə azançı üçün "Güldəstə" quraşdırılmışdı. Hacı Yusifli məscidinin qarşısındakı meydanın yüksək zövqlə bəzədilmiş sərin sulu bulağı mövcud olmuşdur. Həmin bulağın da bütün bədii həlli ilə məscid memarlığı arasında uyğunluq hiss olunur.

Çuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə şəhərin relyefinə uyğun olaraq məhəllə belə adlandırılmışdır.

Bununla yanaşı, Xocamircanlı, Dəmirçilər, Ağadədəli, Hamamqabağı, Köçərli, Quyuluq, Merdinli və Seyidli məhəllə məscidləri də mövcud olmuşdur. Bütün məscidlər Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Elçin Əhmədov
Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər