Sahib Məmmədov: Vahid əməkhaqqı sistemi gəncləri dövlət qulluğuna cəlb edəcək
Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında dəyişikliyə əsasən, Dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı aparılan son islahatlar mükafatlandırma mexanizminin ləğvini nəzərdə tutur.
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Əvvəlki qaydalara əsasən isə dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.
Bəs görəsən bu dəyişikliklərin əhəmiyyəti nələrdir? İslahatlar hansı yeniliklərə səbəb olacaq?
Məsələ ilə bağlı 1news.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib ki, dövlət qulluğunda əməkhaqqı sistemi təkmilləşdirilir, bu istiqamətdə qanunvericiliyə dəyişikliklər həyata keçirilir.
Onun sözlərinə görə, indiyədək dövlət qulluqçularının məvacibi əməkhaqqı, müxtəlif əlavələr və mükafatlardan ibarət olub:
“Bu əlavələr staja və tutulan vəzifənin xüsusiyyətlərinə görə dəyişirdi və bu hər kəsə şamil olunmurdu. Yeni dəyişikliklərə əsasən isə bu yanaşma ləğv edilir və vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulur. Yəni artıq əməkhaqqının ayrıca tərkib hissələri olmayacaq, vahid məbləğ tətbiq ediləcək. Bu dəyişiklik xüsusilə əvvəllər əlavə ödəniş almaq imkanı olmayan şəxslər üçün müsbət nəticə verəcək. Yeni sistem həmin kateqoriyaya aid dövlət qulluqçularının əməkhaqlarının yüksəlməsinə səbəb olacaq”.
Ekspertin fikrincə, vahid əməkhaqqı modeli korrupsiya risklərinin və hüquq pozuntularının azalmasına da təsir göstərəcək:
“Bu yanaşma əməkhaqqı sistemini daha şəffaf və sabit edir, həmçinin dövlət büdcəsində əməkhaqqı fondunun proqnozlaşdırılmasını asanlaşdırır. Oxşar sistem bir çox ölkələrdə, o cümlədən Cənub şərqi Asiya ölkələrində - Honkonqda, Sinqapurda, Avropa dövlətlərində, eləcə də qonşu Gürcüstanda buna oxşar sistem tətbiq olunur”.
S.Məmmədov vurğulayıb ki, hazırda aşağı kateqoriyalı dövlət orqanlarında maaşların az olması gəncləri özəl sektora yönəldir.
“Bildiyimiz kimi, 1-5-ci kateqoriya dövlət orqanlarına Dövlət İmtahan Mərkəzi tərəfindən həm test, həm də müsahibə mərhələsi vasitəsilə qəbul imtahanları həyata keçirilir. Lakin bəzi aşağı kateqoriyalı orqanlarda rəqabət aşağı olur, rayon məhkəmələrində məhkəmə iclas katibi, hakim köməkçisi kimi vəzifələr uzun müddət vakant qalır. Yeni sistem bu tendensiyanı qismən dəyişə bilər. Bu islahat gəncləri dövlət qulluğuna cəlb etmək üçün mühüm stimullaşdırıcı addımdır”, - deyə S.Məmmədov vurğulayıb..
Qeyd edək ki, Prezident cənab İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını təmin etməklə yanaşı, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir və şəffaf prinsiplər əsasında qurulmasına imkan yaradır.











