Ombudsman Aparatı Azərbaycanda qeyri-müsəlman qəbiristanlıqları ilə bağlı hesabat hazırlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Aparatı Azərbaycanda qeyri-müsəlman qəbiristanlıqları ilə bağlı hesabat hazırlayıb

Qafar Ağayev16:09 - Bu gün
Ombudsman Aparatı Azərbaycanda qeyri-müsəlman qəbiristanlıqları ilə bağlı hesabat hazırlayıb

Ombudsmanın bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi qismində fəaliyyəti çərçivəsində növbəti monitorinq hesabatı hazırlanıb.

Bu barədə 1news.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində Ombudsmanın Aparatının və regional mərkəzlərinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göygöl, Quba, İsmayıllı, Lənkəran və digər ərazilərdə yerləşən, digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqlara və memorial obyektlərə baxış keçirilib.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirilmiş monitorinqin əsas məqsədi Azərbaycanda müxtəlif dövrlərdə salınmış həmin qəbiristanlıqların mövcud vəziyyətinin qüvvədə olan normativ hüquqi aktlar və beynəlxalq müqavilələrin tələblərinə uyğun qiymətləndirilməsi, eləcə də onların idarə edilməsi, mühafizəsi və istifadəsində bərabərlik prinsipinə riayət olunub-olunmamasının araşdırılması olub.

Hesabatda Göygöl rayonunda XIX əsrdə məskunlaşmış almanlara aid qəbiristanlıq, Bakı, Mingəçevir və Sumqayıt şəhərlərində II Dünya müharibəsindən sonra ölkəmizdə yaşamış alman əsirlərinin dəfn edildiyi qəbiristanlıqlar, Britaniya Hərbi Memorialı, xristian və yəhudi icmalarına məxsus bəzi qəbiristanlıqlar, o cümlədən polyak icmasına məxsus məzarların hazırkı vəziyyəti ilə bağlı faktlar və fotomateriallar öz əksini tapıb.

Yekunda monitorinqin nəticələrinə əsasən müvafiq dövlət və yerli icra hakimiyyəti orqanlarına tövsiyələr ünvanlanıb.

Hesabatda qeyd olunub ki, monitorinq zamanı sözügedən ərazilərdə dəfn yerlərinin toxunulmazlığına əməl olunur, qəbiristanlıqların ərazisində təyinatına zidd tikinti və ya kommersiya fəaliyyəti aşkar edilməyib. Bu isə tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadədə icazəsiz müdaxilələrin yolverilməzliyi ilə bağlı normalara riayət edildiyini göstərir.

Aşkar edilmiş məhdud çatışmazlıqlar isə əsasən texniki xarakter daşımaqdadır.

Monitorinqin nəticələrinə əsasən, müvafiq dövlət və yerli icra hakimiyyəti orqanlarına aşağıdakı tövsiyələrin verilməsi məqsədəuyğun hesab edilir:

• Digər millətlərə və dinlərə mənsub şəxslərə aid tarixi qəbiristanlıqlar üzrə nəzarət mexanizminin bir qədər artırılması;

• Sözügedən qəbiristanlıqlarda tarixi, dini və mədəni və statusu əks etdirən məlumatlandırıcı lövhələrin quraşdırılması və mövcud lövhələrin yenilənməsi;

• Abadlıq və saxlanma işlərinin bütün qəbiristanlıqlar üzrə bərabər və ardıcıl şəkildə aparılmasının təmin edilməsi;

• Yerli icra və bələdiyyə orqanlarının tarix-mədəniyyət təyinatlı torpaqlar üzrə hüquqi rejim barədə məsuliyyətinin artırılması;

• Cəmiyyətin, xüsusilə gənclərin tarixi yaddaş, multikultural dəyərlər və insan ləyaqətinə hörmət prinsipləri barədə maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Paylaş:
114

Son xəbərlər

Bütün xəbərlər