NİİM rəsmisi: Bakıda “ağıllı işıqforlar”ın tətbiq olduğu yerlərdə nəqliyyatın sürəti artıb - AÇIQLAMA | 1news.az | Xəbərlər
Mövqe

NİİM rəsmisi: Bakıda “ağıllı işıqforlar”ın tətbiq olduğu yerlərdə nəqliyyatın sürəti artıb - AÇIQLAMA

Qafar Ağayev14:32 - Bu gün
NİİM rəsmisi: Bakıda “ağıllı işıqforlar”ın tətbiq olduğu yerlərdə nəqliyyatın sürəti artıb - AÇIQLAMA

Artıq bir neçə aydır ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakıda “ağıllı işıqforlar” (adaptiv) quraşdırılıb.

1news.az xəbər verir ki, bu sistemlər nəqliyyatın sıxlığını real vaxtda analiz edərək siqnal müddətlərini avtomatik tənzimləyir və tıxacların azaldılmasına xidmət edir.

Dünya təcrübəsində geniş istifadə olunan bu texnologiya artıq paytaxtın bəzi küçə və prospektlərində tətbiq edilir.

Bəs bu sistemlər Bakıda tıxac problemini nə dərəcədə həll edəcək? Bir neçə aydır tətbiq olunan bu yeniliyik öz təsirini göstərə bilirmi?

Məsələ ilə bağlı 1news.az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov deyib ki, bununla bağlı iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə başlayıblar.

"İkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada işıqforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə işıqforlar sınaq müddətində işə salınıb".

Adaptiv işıqforların ənənəvi işıqforlardan fərqi

"Adaptiv işıqforların ənənəvi işıqforlardan fərqinə gəlincə, “Ağıllı işıqforlar” yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür" - deyə NİİM rəsmisi əlavə edib:

"Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə işıqforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi işıqforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır. Məlumatda yeni sistemin nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında verdiyi reaksiyaya da aydınlıq gətirilib. Vurğulanıb ki, pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi işıqforlar bunu nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır".

Dərhal analiz, istiqamətlərin prioritetini dəyişməsi

O, bildirib ki, qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır.

"Adaptiv işıqforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda işıqforların yaşıl işığı daimi yanmaqla vaxt itkisinin qarşısı alınmış olacaq.

Bundan başqa, xarici təcrübəyə əsasən, adaptiv sistemlərin tətbiqi nəqliyyat sıxlığını 15–30 faiz azaldır. Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq “ağıllı işıqforlar”ın digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur. Dəyişikliyə gəldikdə isə hazırda svetoforlar sınaq müddətində işləyirlər və bu vaxta qədər hər hansısa problem aşkar edilməyib. Məsələ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır".

Artan sürət

NİİM rəsmisi deyib ki, ilkin müşahidələrə əsasən ağıllı işıqforların quraşdırıldığı kəsişmələrdə nəqliyyat vasitələrinin hərəkət sürəti 5-10 km/saat artıb.

“Müşahidələr və təhlillər davam etdirilir”.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər