Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - YENİLƏNİB
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavənd şəhəri 46 ailə olmaqla, 177 nəfərə qucaq açıb. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
08:42
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə -177 nəfər, Xanabad kəndinə isə 19 ailə - 89 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





















