Prezident İlham Əliyevin “Etik Realpolitik” düsturu!
Tarix üzrə fəlsəfə doktoru
İbrahim Məmmədov
Xaos dövründə təhlükəsizliyin formulası: Hərbi və iqtisadi güc, strateji səbir və etik dürüstlük
Prezidentin çıxışındakı tezislər əslində həm Azərbaycanın fəaliyyət düsturu, dünya üçün isə "Güc ilə yanaşı, mənəvi legitimliyi qorumaq" çağırışı, xarici siyasət və təhlükəsizliyin ideoloji manifestidir.
· Birinci prinsip: Hərbi və iqtisadi gücün artırılması;
· İkinci prinsip: Hər şeyə rəğmən beynəlxalq hüquq müstəvisində qalmaq;
· Üçüncü prinsip: Ümumbəşəri və etik dəyərlərə sadiqlik: “haqq yolunda” olmaq, ədalətli olmaq;
· Dördüncü prinsip: Xarici siyasətdə ən yaxın müttəfiqlərə üstünlük verilməsi və dominant istiqamətlərin müəyyənləşdirilməsi;
· Beşinci prinsip: Ölkə ətrafında qlobal güclərin tarazlığına nail olmaq və multipolyar xarici siyasətin davam etdirilməsi.
İyirmi birinci əsrin yorucu, üzücü, iqtisadi baxımdan böhranlı, hərbi baxımdan qanlı 25 ili geridə qaldı. Amma əsrin birinci kvartalı öz yerini daha qanlı, daha böhranlı və qorxulu ikinci kvartala ötürdü.
25 il ərzində dünya iqtisadiyyatı bir neçə əhəmiyyətli iqtisadi böhran, o cümlədən 2009 və 2020-ci illərdə iki böyük qlobal tənəzzül və çoxsaylı regional və milli enişlər, maliyyə böhranları yaşadı.
2008-ci ildən başlanmış qlobal maliyyə böhranı yeni iqtisadi, ticarət böhranları dövrünə keçidin əsasını qoymuşdu. 2020-ci il pandemiya böhranı onu daha da dərinləşdirib ticarət müharibələrinin sərhədlərini genişləndirdi. Nəhayət, dünya bugünkü mərhələyə – baza resurslar, bazarlar və ticarət yolları, əlverişli coğrafi mövqelər uğrunda açıq qarşıdurma dövrünə qədəm qoydu. Böyük güclər bizim üçün qorxulu olan “çəkindirici güc və hüquqi mexanizmlərin olmadığı dövr”ə start verdilər.
Prezident İlham Əliyev yerli televiziyalara verdiyi müsahibədə əsrin birinci kvartalından ikinci kvartalına keçid məqamında dünyadakı vəziyyəti belə qiymətləndirdi: “...bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir”.
Bu çıxışda Azərbaycan Prezidentinin vəziyyəti qiymətləndirməsinin içərisində fəaliyyət planı da sezilməkdədir. Əslində Prezident indi əksər kiçik və orta güclərin üzərində düşündüyü “beynəlxalq hüququn iflasa uğradığı dövrlər üçün hansı davranış formulunu seçməli?” sualına cavab verdi.
Bu “Etik Realpolitik” düsturudur!
İyirmi birinci əsrin tələbi: beynəlxalq hüquq və ümumbəşəri dəyərlər “Realpolitik”in praqmatik atributudur!
Prezident yaranmış qlobal situasiyada “beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və Realpolitik prinsiplərinin uzlaşdırılması” konsepsiyasından, “Etik Realpolitik” adladıra biləcəyimiz formuladan çıxış etdi. Bu, yeni, mövcud şərtlərə uyğunlaşdırılmış bir yanaşmadır. Bu yanaşma həm hərbi-iqtisadi güc (Realpolitik), həm də strateji səbir və etik dürüstlüyün sintezi nəticəsində formalaşır.
Belə ki, 16-cı, 17-ci, 19-cu, hətta 20-ci əsrlərdə çox ciddi siyasətçilər tərəfindən tətbiq olunan “Realpolitik” ideoloji prinsiplərə və hətta etik dəyərlərə deyil, praqmatizm və soyuq hesablamalara söykənməyi üstün tuturdu. Dövlət və milli maraqlar naminə etik dəyərlərdən imtina isə qəbul olunan qərarların “xeyir” və “şər” prizmasından deyil, “səmərəli” və “səmərəsiz” prizmadan qiymətləndirilməsini əsas götürür.
Prezident İlham Əliyevin təklif etdiyi platformada isə özünü müdafiə üçün güc faktorundan istifadə qaçılmaz olduğu təqdirdə belə, hətta formal mövcudluğuna baxmayaraq, beynəlxalq hüquq normaları çərçivəsində qalmaq, ümumbəşəri, etik dəyərlərdən çıxış etmək artıq şəxsi seçim deyil, qaçılmaz bir zərurət, təhlükəsizlik formulasıdır.
“Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir” sözləri dini, bəşəri və etik dəyərlərlə beynəlxalq hüququn uzlaşdırılması, “hüquq və etik dəyərlərin ayrılmazlığı” prinsipinin tətbiqinə çağırışdır.
Yəni, beynəlxalq hüququn böhranı ümumbəşəri dəyərlərin böhranına keçməməlidir. Məsələn, insanın mövcudluğu üçün ən ali dəyər olan “həyat” ümumbəşəri dəyər kimi həm də hüquq tərəfindən qorunur. Ancaq beynəlxalq hüququn tətbiqi beynəlxalq institutların fəaliyyətindən asılı olduğu halda, xeyirxahlıq, mərhəmət, ədalət, mənəvi dəyərlər vicdanın nəzarət etdiyi şəxsi keyfiyyətlərdir. Bu dəyərlər beynəlxalq hüquqla yanaşı mənəvi kodekslərin də əsasını təşkil edən, dünyanın istənilən yerində hər bir insan üçün keçərli olan universal, ifadə formaları dəyişsə də əsrlər boyu öz aktuallığını qoruyub saxlayan, zamandan üstün, müxtəlif xalqların ortaq dil tapmasına, sülh şəraitində yaşamasına və qlobal əməkdaşlıq üçün zəmin yaradan dəyərlərdir.
Odur ki, qısamüddətli dövrlərin keçici şərtlərinin diqtəsi altında onları inkar etmək çox böyük yanlışlıqdır, təhlükəlidir.
Prezident beynəlxalq hüququn böhranı və gücün ilahiləşdirildiyi bir dövrdə “haqq yolunda” olmağa, “nahaq işlər görməməyə” çağırış edərkən, məhz mənəvi dəyərlərə əməl etməyin vacibliyinə çağırış etdi.
Bu konsepsiya “Realpolitik”in əsas prinsipləri olan – 1) milli maraqların prioritetliyi, 2) qüvvələr tarazlığı, 3) siyasi ideologiya əvəzinə praqmatizm, 4) çeviklik və adaptivlik (şəraitə uyğunlaşma) ilə yanaşı ümumbəşəri, etik dəyərlərdən də kənara çıxmamağı nəzərdə tutur.
Odur ki, bu reallıqdan uzaq idealist bir yanaşmanın nəticəsi deyil, əksinə 21-ci əsrin reallığını əks etdirən, əvvəlki əsrlərdəkindən fərqli, yeni “Realpolitik”in tələbidir: tətbiq edilən güc, xüsusilə də hərbi güc ümumbəşəri və etik dəyərlər çərçivəsindən kənara çıxdıqda onu tətbiq edənlər üçün də böyük fəlakətə səbəb olur.
Beynəlxalq hüquq institutları böhran dövrünə daxil ola, dövlətlərin davranışları qarşısında çəkindirici gücünü itirə bilər, amma bütün liderlər hər şeydən əvvəl insani hisslərin daşıyıcısıdır, hökumətlər insanlardan ibarətdir və hər bir situasiyada insan olaraq qalmaq həm qərar qəbul edən hökumət başçıları, həm də təmsil etdikləri xalqlar və ölkələr üçün tarixi əhəmiyyətə malikdir.
Sivilizasiya böhranında insan olaraq qalmağın Jül Vern modeli
Jül Vernin "Kapitan Qrantın uşaqları" əsərinin sonunda kapitan Qrant uzun illər sivilizasiyadan uzaq tənha adada onu insanlıqdan uzaqlaşmağa qoymayan ən böyük gücün ümid və Tanrıya olan inamı, əməyi, Vətəninə sevgisi və ali məqsədlərinin olduğunu deyir. Kapitan Qrant mənəviyyatını itirməmək üçün hər gün dua etdiyini və uşaqlarına qovuşacağı günü xəyalında canlandırdığını danışır. Yəni, insanı ən ağır şəraitdə belə "insan" saxlayan amillər mənəvi dəyərlərə inam, ailə sevgisi və qarşıya qoyulan ali məqsəddir. Məqsədlər isə məhz mənəvi dəyərləri ehtiva etdiyində “ali məqsəd” olur.
Bugünkü hüquqi xaos dövründə liderlərin qəbul edəcəyi qərarlar həm onların şəxsi həyatında, həm dövlətlərinin taleyində, həm də xalqların tarixində dərin izlər buraxacaq.
Tarixin dərsləri: qəddarlığın bumeranq effekti
Böyük tsikllərdə hüquqi boşluq dövrləri təqribən 8-12 il ərzində başa çatır, şərtlər dəyişir və hüquqi boşluq dövründəki qərarlara görə cavab vermək lazım gəlir. Məsələn, 90-cı illərin beynəlxalq hüquq və çəkindirici güc boşluğunda Azərbaycana qarşı etnik təmizləmə, hərbi cinayətlər törətmiş şəxslərin indi Bakıda məhkəmə qarşısında öz əməllərini etiraf etmələri buna parlaq misaldır.
Tarixdə beynəlxalq hüququn iflic olduğu, yalnız güclünün haqlı olduğu və mənəvi dəyərlərin itdiyi dövrlərdə törədilmiş cinayətlərə aid başqa ibrətamiz nümunələr də az deyil.
Beynəlxalq hüququn mövcud olmadığı Otuzillik müharibə dövründə Habsburqların protestantlara qarşı qeyri-insani, qəddar davranışları xristian-katolik dəyərlərinə də zidd idi. Qəddarlıq nəinki məqsədlərinə çatmaq üçün Habsburqlara kömək etmədi, əksinə sülalə ərazilərini itirdi. Vestfaliya anlaşması Habsburqlara çox böyük zərbə vurdu və dövlət maraqlarının sülalə maraqları üzərində üstünlüyünü bərkitdi, Habsburqların bir sülalə olaraq sönməsi mərhələsi başladı. Beynəlxalq hüququn olmadığı dövrün qəddarlığı Habsburqlara kömək etmədi, əksinə tənəzzülün və sonunda mühakimə olunmanın əsasını qoydu.
17-ci əsr İngiltərə inqilabı və vətəndaş müharibələri dövründə Oliver Kromvelin dinc əhalini, katolikləri, əsirləri kütləvi şəkildə qırmaq kimi qəddar davranışı bəzi qruplar tərəfindən “ali məqsədlər” üçün “cərrahi müdaxilə” və s. “Realpolitik” ifadələri ilə qiymətləndirilsə də, İrlandiya ilə İngiltərə arasında əsrlik düşmənçiliyin əsasını qoymaqla neqativ izlərini 20-ci əsrə qədər saxladı. Kralın edamı, İrlandiyadakı kütləvi qırğınlar, puritan həyat tərzinin zorla qəbul etdirilməsi 1660-cı ildə İkinci Karlın monarxiyanı bərpası və Oliverin məyus etdiyi xalqın bunu sevinclə qarşılaması ilə nəticələndi.
19-cu əsrin əvvəlində mövcud olmuş oxşar dövrdə, Avropada mövcud qaydalar və sərhədləri öz iradəsinə tabe etdirmək siyasəti yürüdən Napoleonu bütün Avropa mühakimə edərək Elbaya göndərdi. Fransızlar isə rus və alman süvarilərinin Paris küçələrindən keçidini müşahidə etməli oldu.
Versal müqaviləsi Birinci dünya müharibəsinin əsas günahkarı sayılan Kayzer İkinci Vilhelm və “hərbi cinayətkarlar” üzərində məhkəməni nəzərdə tuturdu. Doğrudur, Kayzer məhkəmədən yayına bildi, amma taxtdan əl çəkib Niderlanda qaçmağa məcbur oldu. Onun müttəfiqi, Avstriya-Macarıstan İmperatoru Birinci Karl həyatını sürgündə başa vurdu.
Millətlər Liqasının iflic olduğu, beynəlxalq hüququn iflasını bütün qəddarlıqlar və işğal siyasəti üçün əlverişli imkan kimi qiymətləndirən A.Hitler nəticədə nəinki özü və Almaniya üçün faciəli əməllərə imza atdı, müttəfiqlərini də fəlakətə sürüklədi.
Mixail Qorbaçovun Baltikyanı və Cənubi Qafqaza hərbi hissələr yeritmək, Cənubi Qafqazda və Orta Asiyada xalqları bir-biri ilə toqquşduraraq qəddarlıqla qaydaları qorumaq cəhdi həm özünün şəxsi faciəsi oldu, həm də SSRİ-nin süqutunu sürətləndirdi.
Soyuq müharibə erasının bitib, yeni dövrə keçidin hüquqi boşluqlarını və geosiyasi tarazlığın pozulmasını fürsət bilmiş S.Miloşeviçin qəddar, sərt qərarları keçmiş Yuqoslaviyanı nəinki xilas etmədi, əksinə süqutunu sürətləndirdi və geridönməz etdi. Keçmiş Yuqoslaviya üzrə Haaqa tribunalı münaqişənin bütün tərəflərinə aid 93 nəfəri məhkum etdi.
Bu sadaladıqlarımız, 17-ci əsrdən bugünədək 6 dəfə beynəlxalq hüquqa, dini və ümumbəşəri dəyərlərə baxmadan qəddarlıqlar törətmiş, öz dövrünün qüdrətli simalarının taleyi sübut edir ki, demək olar ki, bütün hallarda hüquqi boşluq dövründəki qərarlara görə cavab vermək lazım gəlir.
Ümumiyyətlə, “qəddarlıq” və “siyasət” uzlaşmayan anlayışlar, daha böyük fəlakətlərə yol açan “qarışıq”dır. Müasir dövrün siyasi problemlərinin həlli üçün qətiyyən səmərəli metod deyil və orta əsrlərdən fərqli olaraq demək olar ki, bütün hallarda əks-nəticə verir.
44 günlük müharibə və antiterror əməliyyatı: “Etik Realpolitik” təcrübədə
Ekstremal şəraitdə Realpolitik, beynəlxalq hüquq və etik dəyərlərin birlik nümunəsi
44 günlük müharibə dövründə daim hücum əməliyyatları keçirən və güclü tərəf olan Azərbaycan ordusuna bir tapşırıq təkrarlanırdı: mülki əhali hədəf alınmamalıdır, mülki obyektlərə zərər dəyməməlidir. 2023-cü ilin antiterror əməliyyatının yaşayış məntəqəsində aparılmasına baxmayaraq mülki əhalinin zərər görməməsi, Xankəndini tərk edən adamlara yardım göstərilməsi məhz Realpolitik ilə etik, ümumbəşəri dəyərlərin uzlaşdırılması nümunəsi idi. Belə ki, Azərbaycan 30 illik səmərəsiz danışıqlardan sonra öz torpaqlarını işğaldan azad etmək üçün 1) milli maraqlardan, 2) beynəlxalq qüvvələr nisbətindən, 3) Azərbaycanla Ermənistan arasında hərbi-siyasi qüvvələr nisbətinin əlverişli olmasından istifadə edərək, 4) çeviklik və adaptivlik nümayiş etdirərək hərbi yolla əraziləri azad etdi. Amma bütün bu Realpolitik prinsipləri etik və ümumbəşəri dəyərlər çərçivəsində tətbiq olunaraq “Etik Realpolitik”in reallıqda uğurla təcrübədən çıxmasını nümayiş etdirdi.
21-ci əsrin postulatı: Ümumbəşəri dəyərlər Realpolitik-in inkaredilməz prinsipidir!
Bu, yəni dəyərlərə söykənmək, əsl rasional və praqmatik yanaşma idi. Odur ki, əvvəlki əsrlərdən fərqli olaraq 21-ci əsrdə etik və ümumbəşəri dəyərlər artıq Realpolitik prinsipidir və Azərbaycan 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatı zamanı və ondan sonra bunu praktikada sübut etdi.
Gəncəyə, Tərtərə və başqa yaşayış məntəqələrində məhz yaşayış yerlərinin raket atəşinə tutulması isə etik və insani dəyərlərdən məhrum olan, nəyin bahasına olursa-olsun nəticəyə hesablanmış qəddar Realpolitik yanaşmasıdır. Amma təcrübə göstərdi ki, praqmatik yanaşma deyilmiş və işğal siyasəti ilə davranışının legitimliyini itirmiş Ermənistanı bütün dünyada daha çox demoralizə edərək Azərbaycanın hərbi əməliyyatlarının mənəvi legitimliyini daha da gücləndirmiş oldu. Nəticədə, Ermənistanın dəyərləri inkar edən köhnə Realpolitik yanaşması Azərbaycanın tətbiq etdiyi formulanın əksinin səhv olduğunu da təcrübədə təsdiqlədi.
Yəni, Azərbaycanın etik normalara üstünlük verməklə qazandıqları, Ermənistanın isə onları inkar etməklə itirdikləri “Realpolitik + ümumbəşəri/etik dəyərlər” formulasını təsdiqlədi. Artıq ümumbəşəri və etik dəyərlərsiz siyasət praqmatik siyasət sayıla bilməz. Bu, 21-ci əsrin texnoloji inkişafının “Realpolitik”in prinsiplərinə əlavə etdiyi inkaredilməz tərkib hissədir.
Prezident İlham Əliyevin “..bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur” sözlərinin ardınca “Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir” fikrini səsləndirməsi “Realpolitik”in yeni məzmunda, 21-ci əsrin reallığında dərkinə çağırışdır.
Bəs biz “beynəlxalq hüququn olmadığı”, yalnız “güc”ün, “əməkdaşlığ”ın, “müttəfiqliy”in, “qarşılıqlı dəstəy”in olduğu dövrə necə daxil oluruq? İndi əsas sual budur!
Bu suala elə “Etik Realpolitik” prinsiplərindən çıxış edərək cavab verə və situasiyanı dəyərləndirə bilərik.
Hər şeydən əvvəl, 44 günlük müharibə və antiterror əməliyyatı nəticəsində Azərbaycan təhlükəli eraya öz əsas təhdid faktorlarını ləğv etməklə və neytrallaşdırmaqla daxil olub. Hazırda isə mövcud olanı qoruyub saxlamaq, xaos dövründən təhlükəsiz çıxmaq, milli maraqları təmin etmək üçün beş əsas, ümumiləşdirilmiş prinsipi tətbiq etməkdədir.
Birinci prinsip: Müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi
Azərbaycan ordusunu müasir standartlara uyğun qurmaqda davam edir. Artıq bir neçə ildir ki, müdafiə və təhlükəsizlik dövlət büdcəsinin əsas xərc maddələrini təşkil edir.
İkinci prinsip: Hər bir halda beynəlxalq hüquq müstəvisində qalmaq
Prezidentin bəyanatlarından göründü ki, hətta beynəlxalq hüququn ən böhranlı hallarında belə beynəlxalq hüquq normalarından çıxış etmək hazırkı dövrdə Azərbaycanın xarici siyasətinin və təhlükəsizliyinin baza prinsipidir.
Üçüncü prinsip: Ümumbəşəri və etik dəyərlərə sadiqlik - “haqq yolunda” olmaq, ədalətli olmaq
Prezident elan etdi ki, Azərbaycan 44 günlük müharibə və antiterror əməliyyatı gedişində praktikada tətbiq etdiyi “ədalətli müharibə”, beynəlxalq hüquq və humanistlik prinsiplərinə sadiqdir.
Dördüncü prinsip: Xarici siyasətdə ən yaxın müttəfiqlərin və dominant istiqamətlərin müəyyənləşdirilməsi
Prezident 2024-cü il fevralın 14-də andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı haqqında “bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməklə xarici siyasətin dominant istiqamətini göstərdi. Şuşa Bəyannaməsi isə Türkiyə və Azərbaycanı ən yaxın müttəfiqlər olaraq müəyyənləşdirib.
2025-ci ilin dekabrında təsdiqlənmiş Hərbi Təhlükəsizliyin Gücləndirilməsi haqqında Anlaşma Memorandumu BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv özünümüdafiə hüququndan istifadə edərək bir-birinə hərbi yardım göstərməsini və hərbi kəşfiyyat sahəsində məlumat mübadiləsini genişləndirir.
Yenə dekabr ayında Baş nazir Əli Əsədov və vitse-prezident Cevdət Yılmaz 110 Maddəlik Əməkdaşlıq Planını təsdiqlədilər. Fəaliyyət Planı iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, təhsil, kənd təsərrüfatı və digər aktual sahələri əhatə edən ikitərəfli əməkdaşlığı nəzərdə tutur. Bu sənəd iki ölkə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq və strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədi daşıyır. Əvvəlki 120 bənddən ibarət Fəaliyyət Planının isə 93 bəndi və ya 78%-i icra edilib.
Azərbaycan Mərkəzi Asiyanın beş dövlətini birləşdirən C5-ə qoşulmaqla qurum C6 kimi rəsmiləşdi. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən sammitdən sonra Azərbaycan bu birliyə tamhüquqlu üzv kimi daxil oldu. Bu, regionun artıq vahid bir siyasi-iqtisadi, həm də təhlükəsizlik məkanı kimi çıxış etmək istəyini göstərir. C5+Azərbaycan (C6) platforması bu ölkələrin ümumi təhdidlər qarşısında birgə və daha güclü mövqedən çıxış etməsinə imkan verir. Formatın mahiyyəti həm də "Türk dünyası" inteqrasiyasının iqtisadi və siyasi təməlini gücləndirmək, ortaq təhdidlərə (təhlükəsizlik, terrorizm və s.) qarşı birgə mexanizmlər qurmaqdır. C5+Azərbaycan artıq sadəcə dialoq platforması deyil, Xəzər dənizi vasitəsilə birləşən və Avrasiyanın yeni iqtisadi mərkəzinə çevrilməyi hədəfləyən vahid regional blokdur.
Nəhayət, müdafiə və təhlükəsizliyi də ehtiva edən ən yaxın müttəfiqlər kateqoriyasına Pakistanın da daxil olması xaotik dalğalanmalar dövründə ölkəmizin təhlükəsizliyinin zəmanətidir.
Beşinci prinsip: Ölkə ətrafında qlobal güclərin tarazlığına nail olmaq və multipolyar xarici siyasətin davam etdirilməsi
Xarici siyasətin şaxələndirilməsi Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin ən güclü tərəflərindəndir. Prezidentin çıxışından belə nəticə çıxır ki, ABŞ, Avropa İttifaqı və Çin Xalq Respublikası ilə münasibətlər "Realpolitik"in əsas prinsiplərindən olan “qüvvələrin tarazlığı”nı nizamlayan əsas tərəfdaş qütblərdir.
Hələ 2024-cü ilin yanvarında yerli jurnalistlərə müsahibəsi zamanı Prezident İ.Əliyev D.Trampın prezidentliyini dəstəkləməklə nəinki ABŞ-nin daxili siyasətində, bütövlükdə qlobal miqyasda gələcək qüvvələr nisbətinin hansı istiqamətdə dəyişəcəyini dəqiq proqnozlaşdırmışdı. Halbuki, o dövrdə dünyada ABŞ-nin qlobal liderliyi çox ciddi şübhə altına alınırdı.
2025-ci ilin avqustun 08-də isə Vaşinqtonda, Ağ Evdə Ermənistanla sülh sazişini paraflamaqla dünyadakı qüvvələr nisbətində ağırlıq mərkəzinin yerini doğru müəyyənləşdirdi, Ağ Evi “dünyanın 1 nömrəli ofisi” adlandırmaqla yeni dünya düzəni və qüvvələr nisbətinin tərifini vermiş ilk lider, dövlət başçısı oldu. Bu dəqiq proqnozlaşdırma və “Realpolitik” məntiqinin təcrübədə tətbiqi nümunəsidir.
Prezident İlham Əliyev TRİPP layihəsinə də etiraz etmədi və bununla ABŞ-nin Cənubi Qafqaz regionunda və Zəngəzur dəhlizində də marağı təmin olundu. Belə ki, Tramp marşrutunun rentabelliliyi bütövlükdə Zəngəzur dəhlizinin yüksək rentabelliliyi ilə birbaşa bağlıdır.
Bakı-Vaşinqton münasibətlərinin 2025-ci il 08 avqustdan sonrakı vəziyyəti Avropa dövlətləri üçün də bir siqnal oldu. Prezident İ.Əliyev Avropadan əməkdaşlığa dair yeni təkliflərin daxil olduğunu elan etdi: “Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması üzrə Prezident Trampla Anlaşma Memorandumunu imzaladıqdan sonra Avropanın bir neçə aparıcı ölkəsi bizimlə strateji tərəfdaşlıq münasibətləri qurmaq üçün müraciət etmişdir.” Beləliklə, hazırda Azərbaycanın Avropa İttifaqı üzvü olan 10 strateji müttəfiqi sırasına yenilərinin qoşulmasına dair müraciətlər olunmaqdadır. Azərbaycan Avropa üçün etibarlı enerji təchizatçısıdır və bu rolumuz yalnız artacaq.
ÇXR ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri yeni mərhələyə daşıyıb. Çin şirkətləri nəqliyyat və bərpa olunan enerji sektorlarında Azərbaycanın əsas tərəfdaşlarıdır. Ancaq müdafiə sənayesi sahəsində gözlənilən əməkdaşlıq artıq əlaqələri iqtisadi tərəfdaşlıq çərçivələrindən çıxararaq ona daha strateji mahiyyət verir.
Beləliklə, qlobal xaos dövründə Azərbaycan “Realpolitik”in bütün prinsiplərinə uyğun olaraq milli təhlükəsizlik siyasəti yürüdür, müdafiə gücünü artırır, ittifaqlar qurur, qüvvələrin tarazlığını yaradır, eyni zamanda işlək olmasa belə, formal mövcud olan beynəlxalq hüquq normalarını, ümumbəşəri və etik dəyərləri “Realpolitik”in müasir dövrdə ayrılmaz tərkib hissəsi kimi görür və tətbiq edir.








