Kimlər 46 gün əmək məzuniyyətinə çıxa bilər? - Xidmət rəhbərindən AÇIQLAMA
Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib. Yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ olan şəxslərin siyahısına əlavə kateqoriyalar daxil edilib.
1news.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.
O bildirib ki, həmin kateqoriyaya Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı, habelə 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin icrası və ya Çernobıl AES-də xidmətlə bağlı səbəblər nəticəsində əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər, döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş və sonradan əmək fəaliyyətinə cəlb olunmuş şəxslər, Azərbaycanın ən yüksək dövlət təltiflərinə layiq görülmüş işçilər aid edilib.
“Həmin dəyişikliklər sosial ədalətin təmin olunmasına, xüsusilə dövlət və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərin əmək hüquqlarının daha güclü şəkildə qorunmasına xidmət edir", - deyə V. Quliyev vurğulayıb.












