Firidun bəy Köçərlinin doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Firidun bəy Köçərlinin doğum günüdür

16:11 - Bu gün
Firidun bəy Köçərlinin doğum günüdür

Bu gün maarifçisi, pedaqoq, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin doğum günüdür.

1news.az Oxu.Az-a istinadən xatırladır ki, o, 1863-cü il yanvarın 20-də Şuşada anadan olub.

1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub.

1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlib və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparıb. 1879-1885-ci illər ərzində o, Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayıb.

1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alıb. 1885-1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxət fənlərini tədris edib, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyıb. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilib.

1895-ci ildə isə İrəvan şəhərini tərk edib. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirib.

1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilib. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilib. Elə həmin ildə M.F.Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirib. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üçaylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirib. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırıb.

1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürüb, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılıb. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunub. Sentyabrın 17-dən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayıb. Sonradan Qazaxda ilk uşaq evi açıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilib və İstiqlal bəyannaməsini imzalayıb. 1919-cu il fevralın 1-də Müsavat Partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilib. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edib.

1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olub. Onlarla dərsliyə düzəliş edib, nəzəri materialı, hekayələri artırıb, metodika və stilistikasını zənginləşdirib. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap olunub.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər Müsavat funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham ediblər.

Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunub, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılıb. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilib, hökm yerinə yetirilib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər