Kiyevdə enerji böhranı: Metro dayandırıldı, şəhər iflic vəziyyətindədir
Kiyevdə kəskin enerji böhranı səbəbindən metro nəqliyyatının fəaliyyəti dayandırılıb, şəhərdə həyat faktiki olaraq iflic olub.
1news.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın bir çox şəhərlərində olduğu kimi, paytaxtda da təcili elektrik kəsintiləri tətbiq olunur. Gərginliyin aşağı olması səbəbindən metro qatarlarının hərəkəti tam dayandırılıb. Hazırda yeraltı stansiyalar ehtiyat enerji mənbələri hesabına yalnız sığınacaq kimi fəaliyyət göstərir.
Qeyd edilir ki, şəhərdə vəziyyət kritik həddə çatıb. Su və istilik təchizatı sistemlərinin fəaliyyəti dayanıb, paytaxta daxil olan elektrik qatarlarının hərəkəti də dondurulub. Temperaturun kəskin enməsi və şiddətli şaxtalar fonunda baş verən kəsintilər nəticəsində 400-dən çox çoxmərtəbəli bina tamamilə istiliksiz qalıb.








