AMB ötən il satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il valyuta bazarında satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib.
1news.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
T. Kazımov deyib: “Növbəti aylarda, tələb yarandığı təqdirdə biz bu vəsaiti valyuta bazarında istifadə edəcəyik. Amma əhali yenə də daha çox valyuta satıb, nəinki alıb. Transfer məbləğini nəzərə alsaq, hardasa 400–450 milyon dollar az satılıb, çünki tələb yoxdur”.
Sədr vurğulayıb: “Yanvarda valyuta bazarında xüsusi artım olmayıb. Təxminən 300–350 milyon dollar satış olub, plana görə isə 700 milyon dollara yaxın valyuta satılmalı idi. Nağd alışlarda isə son 3–4 ilin ən aşağı göstəricisi qeydə alınıb – 18 milyon dollar mənfi saldo. Valyuta bazarında sabitlik mövcuddur və risklər görünmür”.












