Sumqayıtda zavod ərazisində yanğın-taktiki təlimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda zavod ərazisində yanğın-taktiki təlimi keçirilib - VİDEO

Qafar Ağayev14:39 - Bu gün
Sumqayıtda zavod ərazisində yanğın-taktiki təlimi keçirilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “SOCAR Polymer”in Sumqayıt şəhərində yerləşən Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodunun ərazisində “Açıq texnoloji qurğularda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd qaz məhsulları saxlanılan çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri ilə yanaşı, Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinin şəxsi heyət və texnikası cəlb olunub.

Təlim zamanı Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodunda baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “yaralıların xilas edilməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, təlimə FHN-in ümumilikdə 7 ədəd texnika və 52 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər