İlham Əliyevin Əbu-Dabidə verdiyi mesaj: Sülh, etimad və humanist dəyrlər - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyevin Əbu-Dabidə verdiyi mesaj: Sülh, etimad və humanist dəyrlər - ŞƏRH

Qafar Ağayev17:30 - Bu gün
İlham Əliyevin Əbu-Dabidə verdiyi mesaj: Sülh, etimad və humanist dəyrlər - ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış müasir beynəlxalq münasibətlər sistemində sülhün, qarşılıqlı etimadın və humanist dəyərlərin əhəmiyyətini bir daha ön plana çıxardı”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi təkcə bir dövlət başçısının fəaliyyəti ilə deyil, bütövlükdə Azərbaycanın son illərdə yürütdüyü ardıcıl və məsuliyyətli sülh siyasəti ilə bağlıdır:

“Prezident çıxışında ilk növbədə qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək onun üçün böyük şərəfdir. Şeyx Zayedin uzaqgörən siyasəti, humanizmə əsaslanan liderlik modeli və sülhsevər baxışları bu gün Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən firavan və sabit ölkələrindən birinə çevirmişdir. Məhz bu siyasi irs müasir beynəlxalq münasibətlərdə nümunə kimi qəbul olunur”.

Şahin Seyidzadə

Şahin Seyidzadə qeyd edib ki, dövlət başçısı Şeyx Zayedin siyasi kursunun bu gün onun layiqli davamçısı Şeyx Məhəmməd tərəfindən uğurla davam etdirildiyini və BƏƏ-nin tolerantlıq modelinin beynəlxalq miqyasda multikulturalizm nümunəsi kimi qəbul edildiyini vurğulayıb:

“Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə görə Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyibə və Roma Papasına təşəkkürünü bildirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Ermənistan 30 ildən artıq müharibə şəraitində yaşamış, lakin artıq altı aydır ki, regionda sülh mühiti formalaşmaqdadır. Prezidentin sözlərinə görə, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı dövr tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş mərhələsi olmuşdur”.

Deputatın sözlərinə görə, 2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşmasına zəmin yaradıb:

“Altı aylıq sülh dövründə əldə edilən real nəticələr də çıxışda diqqətə çatdırıldı. Azərbaycan yalnız nəqliyyat məhdudiyyətlərini aradan qaldırmamış, eyni zamanda Ermənistana neft məhsullarının ixracına başlamışdır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın və Ermənistanın təcrübəsi ağır tarixi travmalara baxmayaraq sülhün mümkün olduğunu göstərir. Bu çıxış Azərbaycanın sülh quruculuğu sahəsində beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər