İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfər edənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfər edənlərin sayı açıqlandı

Qafar Ağayev11:55 - Bu gün
İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə səfər edənlərin sayı açıqlandı

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür.

AYNA-dan 1news.az-a verilən məlumata görə, “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşan vətəndaşların da keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə müntəzəm avtobus reysləri təşkil edilir.

Bu istiqamətdə fəaliyyət göstərən müntəzəm marşrutlarla sərnişindaşımalara əsasən ekoloji təmiz, müasir nəqliyyat vasitələri cəlb edilir. Bununla da səfərlərin rahat, sürətli həyata keçirilməsi təmin olunur.

Bu günədək ümumilikdə 15 464 reys həyata keçirilib, 186 000 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Təkcə bu ilin yanvar ayı ərzində işğaldan azad olunmuş ərazilərə 1173 reyslə 10 690 nəfər səfər edib.

Müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir. “Biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Müntəzəm avtobus reysləri ilə yanaşı, vətəndaşların fərdi nəqliyyat vasitələri ilə səfərləri də həyata keçirilir. Fərdi minik avtomobillərilə vətəndaşlar www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək səfər edə bilirlər.

Bu günədək işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfər etmək üçün 3 286 646 nəfərə portal üzərindən icazə verilib. Onlardan 3692 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Təkcə bu ilin yanvar ayı ərzində 47 840 Azərbaycan vətəndaşına işğaldan azad olunmuş ərazilərə səfər etmək üçün icazə verilib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər