Ötən həftə 1616 hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə fevralın 16-dan 22-dək 28 tank əleyhinə mina, 175 piyada əleyhinə mina, 796 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 616.5 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.












