İlkin hərbi qeydiyyatı üçün müraciət - “mygov”da YENİLİK | 1news.az | Xəbərlər
Cəmiyyət

İlkin hərbi qeydiyyatı üçün müraciət - “mygov”da YENİLİK

11:59 - Bu gün
İlkin hərbi qeydiyyatı üçün müraciət - “mygov”da YENİLİK

“mygov” platformasında daha bir yeni rəqəmsal xidmət istifadəyə verilib.

Artıq 2026-cı ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması xidməti platformada əlçatandır. Xidmət vasitəsilə valideynlər övladlarını ilkin hərbi qeydiyyatdan keçirmək üçün müraciət göndərə bilərlər.

Xidmətin platformaya inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

Xidmətdən istifadə prosesi bir neçə mərhələdən ibarətdir. Bunun üçün çağırışaqədərki yaş həddində olan vətəndaşın valideyni platformanın “Xidmətlər” bölməsinə daxil olaraq “Hərbi” kateqoriyasını seçir və “İlkin hərbi qeydiyyat” xidmətinə keçir. Açılan səhifədə “Yeni müraciət” bölməsinə daxil olduqdan sonra ekranda cari il üzrə 15 yaşı tamam olmuş övladın ad, soyad və ata adı göstərilən xanadan seçim edilir. Növbəti mərhələdə övladın qısa tərcümeyi-halı sistemə daxil edilir. Orta təhsilini xarici ölkədə alan şəxslər üçün müvafiq arayışın əlavə edilməsi tələb olunur. Həmçinin əlaqə üçün mobil nömrə qeyd edilir və müraciət təsdiqlənərək göndərilir.

Proseslə paralel olaraq valideynin “mygov” kabinetinə övladının tibbi müayinələrdən keçməsi ilə bağlı bildiriş məlumatı daxil olur. Müayinəni keçdikdən sonra çağırışaqədərki yaş həddində olan vətəndaş hərbi qeydiyyata götürülməli olduğu Xidmətin struktur bölməsinin hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşmalıdır.

Prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər şəxsi kabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyə bilir, eyni zamanda ilkin hərbi qeydiyyata alınma prosesi bitdikdən sonra onlara bu barədə bildiriş göndərilir.

Məlumat üçün qeyd edək ki, artıq ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (kağız daşıyıcı) bu ildən ləğv olunub və bu proses yalnız “mygov” platforması üzərindən aparılır.

Sözügedən xidmət həm my.gov.az veb portalı, həm də “mygov” mobil tətbiqi üzərindən əlçatandır.

Xatırladaq ki, “mygov” platforması vasitəsilə vətəndaşlara aid hərbi qeydiyyat, həqiqi hərbi xidmət, çağırışdan möhlət və digər hərbi məlumatlar da tam rəqəmsal formada təqdim olunur.

“mygov” mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store

Sosial media hesablarını izləmək üçün keçid

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər