Şahin Seyidzadə: Azərbaycan dövləti öz təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa qadirdir
"Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası ölkənin milli təhlükəsizliyi baxımından mühüm hadisələrin müzakirə olunduğu əhəmiyyətli siyasi platforma kimi diqqət çəkib".
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin Seyidzadə saytımıza açıqlamasında deyib.
Deputat bildirib ki, iclas zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanat regionda baş verən hadisələrə Azərbaycanın prinsipial və qətiyyətli yanaşmasını bir daha nümayiş etdirir.
“Prezident İlham Əliyev çıxışında Azərbaycan ərazisinə qarşı törədilmiş növbəti terror aktının detallarını açıqlayaraq bildirdi ki, İran tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisinə hücum həyata keçirilib. Dövlət başçısının sözlərinə görə, hücumun əsas hədəfləri mülki obyektlər olub. Dron zərbələri nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, həmçinin məktəb və digər mülki infrastrukturlar atəşə məruz qalıb”, – deyə deputat qeyd edib.
Ş.Seyidzadənin sözlərinə görə, Azərbaycan dövləti baş vermiş hadisəni qəti şəkildə pisləyərək bunun beynəlxalq hüquqa zidd terror aktı olduğunu bəyan edib:
“Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinə görə, hücum İran İslam Respublikası ərazisindən həyata keçirilib və bu hadisəyə görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. Nazirliyin bəyanatında qeyd edilir ki, mülki obyektlərin hədəfə alınması beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın daha əvvəl də oxşar təxribatlarla üzləşdiyini xatırladıb:
“Dövlət başçısı bir müddət əvvəl Tehran şəhərində yerləşən Azərbaycanın diplomatik nümayəndəliyinə edilən hücumu xatırlatdı. Həmin terror aktı zamanı səfirliyə silahlı hücum nəticəsində bir Azərbaycan vətəndaşı həyatını itirmiş, digər şəxs isə ağır yaralanmışdı. Prezident İlham Əliyev qeyd etdi ki, həmin hadisə zamanı səfirlikdə baş verən terror aktı təxminən 40 dəqiqə davam etsə də, İranın təhlükəsizlik və hüquq-mühafizə orqanları hadisəyə vaxtında müdaxilə etməmişdi. Bu fakt Azərbaycan tərəfi tərəfindən planlı terror aktının göstəricisi kimi qiymətləndirilib”.
Ş.Seyidzadə bildirib ki, həmin hadisədən sonra Azərbaycan dövləti ciddi siyasi qərarlar qəbul edib:
“Tehrandakı səfirliyin fəaliyyəti dayandırıldı və diplomatik münasibətlərdə ciddi məhdudiyyətlər tətbiq olundu. Nəticədə İran tərəfi üzr istəməyə və məsuliyyəti etiraf etməyə məcbur oldu. Terror aktını törədən şəxs isə sonradan ən ağır cəza ilə cəzalandırıldı”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bu dəfə də Azərbaycanın öz ərazisinə qarşı törədilmiş hücumu cavabsız qoymayacağını açıq şəkildə bəyan edib:
“Dövlət başçısının sözlərinə görə, Silahlı Qüvvələrə müvafiq təlimatlar verilib və lazımi cavab tədbirləri hazırlanır. Xarici İşlər Nazirliyi də bəyan edib ki, Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.
Ş.Seyidzadə əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın hər zaman qonşuluq siyasətinə sadiq qaldığını da xüsusi vurğulayıb:
“Azərbaycan ərazisi heç vaxt digər ölkələrə qarşı istifadə edilməyib və bundan sonra da istifadə edilməyəcək. Lakin son dövrlərdə İran mediasında və bəzi dövlət strukturlarının nəzarətində olan informasiya resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bu kampaniyanın məqsədi İranda yaşayan azərbaycanlıların fikrini manipulyasiya etmək və Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna zərbə vurmaqdır”.
Deputat qeyd edib ki, Azərbaycan heç vaxt İrana qarşı hər hansı əməliyyatlarda iştirak etməyib və belə planları yoxdur:
“Azərbaycanın siyasəti yalnız sülhə, sabitliyə və qarşılıqlı hörmətə əsaslanır. Prezident İlham Əliyev İranın son addımını böyük nankorluq nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı xatırladıb ki, son hadisələr baş verən zaman Azərbaycan İran rəhbərliyinə başsağlığı verib və həmrəylik nümayiş etdirib. Prezident hətta İran səfirliyinə gedərək başsağlığı verib və qeyd edib ki, həmin dövrdə bu addımı atan yeganə dövlət başçısı məhz Azərbaycan Prezidenti olub”.
Ş.Seyidzadənin sözlərinə görə, İran tərəfi daha sonra Azərbaycandan humanitar yardım da istəyib:
“İranın xarici işlər nazirinin müavini tərəfindən Azərbaycandan Livanda qalmış İran diplomatlarının təxliyəsi üçün kömək istənilmişdi. Azərbaycan tərəfi dərhal bu müraciətə müsbət cavab vermiş və humanitar yardım göstərmişdi. Bütün bu faktlar fonunda Naxçıvan ərazisinə qarşı həyata keçirilən hücum Azərbaycan tərəfindən qəbuledilməz addım kimi qiymətləndirilir”.
Deputat sonda bildirib ki, Azərbaycan dövləti öz təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa qadirdir:
“Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər təhlükəsizlik strukturları ölkənin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısı çıxışının sonunda Azərbaycan xalqına müraciət edərək bildirib ki, dövlət baş verən hadisələr barədə ictimaiyyəti mütəmadi şəkildə məlumatlandıracaq və vətəndaşların təhlükəsizliyi üçün bütün zəruri imkanlara malikdir”.












