Təhsil İnstitutu “Kenquru” müsabiqəsi ilə bağlı valideynlərə müraciət edib
"Hörmətli valideynlər, son vaxtlar bəzi özəl təhsil şirkətlərinin sosial media hesablarında “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsi haqqında elanlara rast gəlinir".
Bu barədə 1news.az-a Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bir çox valideyn bu sınaq imtahanlarını rəsmi imtahan kimi qəbul edib
Bildirilib ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) olimpiada ilə bağlı heç bir sınaq imtahanı keçirmir.
"Özəl qurumların təklif etdiyi “Kenquru” sınaq imtahanlarının ARTİ ilə əlaqəsi yoxdur. “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin əvvəlki illərdə təqdim edilmiş sualları ilə kenquru-2026.az saytında tanış ola bilərsiniz. Heç bir ödəniş etmədən uşaqların ümumi hazırlığını rəsmi saytdakı suallarla yoxlaya bilərsiniz. Qeyd edək ki, bu beynəlxalq müsabiqə rəsmi olaraq hər il martın 20-dən sonra keçirilir. Azərbaycanda bu tarixlərin Novruz bayramına təsadüf etməsi səbəbindən müsabiqə aprel ayında təşkil edilir", - məlumatda qeyd olunub.












